Valideynlər uşaqlarının peşə seçiminə biganə deyillər
İsmayıllı məktəbliləri valideynlərinin bir qrupu İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinə səfər edib.
Ümumilikdə 15 ziyarətçinin iştirak etdiyi infoturda valideynlər arıçılıq, turizm təşkilatçısı, turizm sahəsində iaşə və servis mütəxəssisi, aşpaz, dərzi, geyim üzrə dizayner, vebdizayner, qrafik dizayner, IT Helpdesk, xalçaçı, elektrik-qaz qaynağı, geniş profilli traktorçu-maşinist, aqroservis ixtisaslarının emalatxanaları və mərkəzin digər funksional otaqları ilə tanış olublar.
Valideynlər həm də mərkəzin daxilində yerləşən kitabxana, yeməkxana, yataqxana və tələbələrin Hərbi Vətənpərvərlik İnkişafı Klubu (HVİK) və ingilis dili klubunun fəaliyyəti ilə tanış olmaq imkanı əldə ediblər.
Mərkəzin işi və mövcud imkanları ilə əyani tanışlıq göstərir ki, övladlarının peşə seçimi zamanı valideyinlərin də məlumatlı olmaları zəruri haldır. Başqa sözlə desək, valideynlər uşaqlarının peşə seçiminə biganə deyillər.
Görüş zamanı mərkəzin səlahiyyətli nümayəndələri tərəfindən valideynləri maraqlandıran bir sıra suallar cavablandırılıb.
Aynur Abdullayeva,
mərkəzin müəllimi

