Şəhidin yubileyi məzarı başında qeyd olunub
Aprel ayının 9-da Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən 1-ci Qarabağ müharibəsində şəhid olmuş cəsur döyüşçü, əsl vətənpərvərlik nümunəsi göstərmiş eloğlumuz Rüstəmov Cəlal Əbdülhəkim oğlunun 60 yaşı tamam olub. Şəhidimizin yubileyi doğmalarının, şəhid valideynlərinin və rayon ictimaiyyətinin iştirakı ilə, məzarı başında qeyd edilib.
Cəlalın bitirdiyi 3 nömrəli orta məktəbin şagirdləri onun yaşadığı şərəfli ömrün səhifələrindən qürurverici məlumatları səsləndirib, qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən şeirlər söyləyiblər. Bu baxımdan şəhərin 7 nömrəli tam orta məktəbinin şagirdləri də bacarıqlarını nümayiş etdiriblər.
Ziyarətçilər sırasından çıxış edənlər Cəlal Rüstəmovun, eləcə də bütün şəhidlərimizin xatirəsinin həmişə əziz tutulacağını bildiriblər.
Şəhidin yaxınları və doğmaları diqqət və ehtirama görə rayon rəhbərliyinə, əlaqədar təşkilatlara, həmçinin ziyarətçilərin özünə razılıqlarını ifadə ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
“İsmayıllı xəbərləri”

