Zəfərə aparan yolun başlanğıcı
Aprel döyüşləri şəhidi Mikayıl Vahabzadənin anım günü aprel ayının 9-dur. Bu münasibətlə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, kənd nümayəndələri və gənclər şəhidin ailəsi ilə birlikdə Mikayılın Maçaxı kəndindəki məzarını ziyarət ediblər. Şəhidin məzarı üzərinə tər çiçəklər, qərənfillər düzülüb, ruhuna dualar oxunub, ailəyə səbr, dözüm diləyib, başsağlığı veriblər. Tədbir iştirakçıları şəhidin böyüyüb boya-başa çatdığı evdə olub, onun ev muzeyinə baxış keçiriblər.
Tədbirdə Maçaxı ibtidai, İsmayıllı şəhər 1 nömrəli tam orta, Tircan kənd tam orta məktəblərinin şagirdləri qəhrəmanlıq, yurd, torpaq sevgisi, vətənpərvərlik aşılayan şeirlər səsləndiriblər.
Çıxış edənlər Aprel döyüşlərini Zəfərə aparan yolun başlanğıcı adlandıraraq, “Lələtəpə” uğrunda gedən döyüşlərdə Mikayılın göstərdiyi qəhrəmanlıq və şücaətlərdən danışıblar.
Mikayıl Vahabzadə ölümündən sonra göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
“İsmayıllı xəbərləri”

