Bəs abır nədir?..
Bəzi epizodları görəndə fikirləşirsən ki, bir zamanlar dilimizin zənginliyindən, onun dəyərli çalarlarından bəhrələnən bəzi sözlər kimi abır sözü də arxaikləşib. O şirin, qəlbə yatan ifadələrimiz, sözlərimiz kimi gözdən düşüb. Yerini düşük, mənşəyi və mənbəyi bəlli olmayan sözlərə verib. Özü də həmin sözləri işlətmək dəb halını alıb. Bu fikirdən ötüb keçməmiş sözümü tamamlayım. Məsələn, bəzən şadlıq evlərinin, müəyyən bir qurumun qəliz adına rast gələndə fikir səni götürür ki, görəsən bu sözün mənası nədir? Sən demə bu bir kəşfdir. Ailənin adlarının baş hərflərini yığıb qurama bir ad yaradıblar. Nə dilə uyuşur, nə də mənası var.
Ekranda gördüyüm bir epizod məni bu qədər uzaq yol gəlməyə vadar etdi. Sinəsi tamamilə açıq bir xanımdan soruşurlar ki, abırsız sözünün geyimə dəxli varmı? Nə desə yaxşıdır. Abır sözünün geyimlə heç bir əlaqəsi yoxdur. Abır yalnız düşüncədə olur. Sən demə belələrinin fikrinə görə sinəni yarıya qədər açmaq, ətək yırtmacını lap yuxarıya qaldırmaq və s. abır deyildir. Bu geyimə irad tutanlar abırsızdır. Yöndəmsiz, kök qadınların retuz geyinib şəhərə çıxmağının, çox gödək şortiklərini gözə soxanların, yalnız bir qədər beli olan cırıq şalvar geyinənlərin, səhnəni çılpaq libasları ilə işğal edənlərin abırla heç bir əlaqəsi yox imiş.
Abır təkcə üst-baş geyimi ilə tamamlanmır. Danışıq qaydası da abırdır. Bəzən ictimai yerlərdə istər qadın, istərsə də kişi xeylağından elə biədəb söz eşidirsən ki, onun yerinə özün o sözü eşitdiyin üçün utanırsan. Həmin sözə ayıbdır, olmaz demək əvəzinə, şaqqanaq çəkib gülən kişi və qadınlara nəyi başa salasan? Axı bizim “abırını ətəyinə bükdüm” kimi dəyərli ifadəmiz var. Həmin şəxsə irad tutulub, söz deyilsə yəqin ki, bir daha o cür danışmağa cürət etməz. Yoxsa gülüb onu daha da ruhlandırmaq “abır-həya yaxşı şeydir” deyimini xatırlatmaz.
Rəfiqə Sadiqova