“Dağ çiçəkləri”

 

Çoxüzlülər

 

Həndəsi çoxüzlülər,

Xoş üzlü, xoş sözlülər.

Bir araya gəldilər,

Dərdləşib, dərd böldülər,

Şoxüzlü insanlara

Acı-acı güldülər

 

Siçanın heyrəti

 

Pişiyi pələng sanıb

Əməlli çaşdı siçan.

Qorxudan rəngi qaçdı,

Dombalaq aşdı siçan.

Gözünə eynək taxdı,

Məəttəl qalıb baxdı.

Söylədi ki, pişiyin,

Qorxu yoxdu canında.

Gör neçəsi yanında

Dayanıb, çəkir keşik.

Vəzifəyə keçəndən

Pələngə dönüb pişik.

 

Üzlü motal

 

Dəyişdi tam əhvalı,

Hirsli-hirsli Alabaş

Didib tökdü motalı.

Sürüyüb yavaş-yavaş.

Böldü onunla bəkməz.

Atdı dərin dərəyə,

Dedi: – Ta geri gəlməz.

Evə dönüncə, birdən

Dəyişdi hal-əhvalı,

İnanmadı gözünə.

Divan tutdu özünə.

Çimdiklədi özünü,

Yumdu, açdı gözünü.

Belə oyun, belə hal

Görməmişdi yaşında.

Gördü – motal oturub

Süfrəsinin başında

Xalıq Yusifoğlu

 

 

İndi

 

Sənsiz həyatımın dadı qaçıbdı,

Dadsızam, duzsuzam, tamsızam indi.

Düşüncəm didərgin, ruhum perikdi,

Arzusuz, diləksiz, kamsızam indi.

 

Bu həsrət ocağında ürəyim bişir,

Həyatım yaş olub gözümdən düşür.

Bəxtim bir kənarda durub büzüşür,

Divarsız, tavansız, damsızam indi.

 

Sevgisiz ruhum da cismimə yükdü,

Nə deyim, bilmirəm, Allah böyükdü.

Ayrılıq gecə tək ömrümə çökdü,

İşıqsız, çıraqsız, şamsızam indi.

 

Taleyim çat verib, sındı yarıda,

Sevgisiz yetimi kimdi yarıdan?

Bir özüm bilirəm, bir də Yaradan,

Canımdan can çıxıb, cansızam indi!

Zərifə Zərri

 

Sən Vətən aşiqi, el qəhrəmanı

 

Vətən müharibəsinin qazilərinə

 

Yurdun igid oğlu, qəhrəman oğlu,
Səninlə fəxr edir bu el, bu oba.

Sən dağ vüqarlısan, uludan ulu,

Hünərin sığışmır sözə, kitaba.

 

Sən Vətən yolunda yarımcan oldun,

Səni tarix boyu xalq gərək sevə.

Qurtuldun əlindən odun, alovun,

Bir ayaq üstündə qayıtdın evə.

 

Mənim Vətən adlı dostum, qardaşım,

Yüz yaşa, düşmənə qan uddurmusan.

Hər səni görəndə axır göz yaşım,

Heç zaman düşünmə unudulmusan.

 

Əlil arabalı, əli çəlikli

Əsil qəhrəmansan elin gözündə.

Ən məşhur alimdən məşhur, bilikli,

Çapıq var sinəndə, nurlu üzündə.

 

Sən Vətən aşiqi, el qəhrəmanı,

Adına bir ad da qoşuldu – qazi.

Unutmaz bu torpaq verdiyin qanı,

Səninlə fəxr edir ölkə, ərazi.

Kifayət Xalıqova-Əkbərova

 

 Son zəng

 

Ya Rəbb!

Qoru məni təlatümlərdən

Bu səsi qəlbimdə duyacağım an.

Axı necə deyim, necə anlatım,

Ayrılmaq olarmı doğma məktəbdən?

Burda bir nizam var,

Burda həyat var.

Burda qurduğumuz fantaziyada

Ona addımlayan işıqlı yol var.

Burda əl dəydiyim nə qədər kitab,

Burda dinlədiyim neçə nəfəs var.

Burda şən uşaqlar, dəcəl uşaqlar,

Burda isnişdiyim yaşıdlarım var.

Hər addım atdığım bu yer, bu ocaq,

Necə də əzizmiş, duymamışam mən?

Ya Rəbb!

Qoru məni təlatümlərdən.

Şagird həyatının astanasında

Məzun hayatına keçəcəyim an.

Turac Məmnun

 

 Əsgər

 

Arzusu ülvidir, əməli büllur,

Vətənin dadı da əzizdir ona.

Bir damcı sevinc də, bir qətrə eşq də,

Geniş ürəyində dənizdir ona.

 

Gözləri elə bil sərraf gözüdür,

Bir tük də yayınmır nəzərlərindən.

O necə qorxmazdır, bilmək istəsən,

Həzi Aslanovu düşün dərindən.

 

Anamız Vətənin məğrur qartalı,

Atını səyirdər mərdi-mərdana.

Tale onu sanki qüvvə bəxş edib,

Müqəddəs dünyaya, ulu cahana.

Mövlud Teymur

 

Yenidən bitmək üçün

 

Nə apardım, nə gətirdim?

Nə qazandım, nə itirdim?

Könlümdə hicran bitirdim,

Əllərinə yetmək üçün!

 

Gözüm yaşda, dizim daşda,

Düz ayaqda, oğru başda,

Yadlaşıb doğma qardaş da,

Bəhanə var getmək üçün.

 

Nədir gözümüzdə kədər?

Gün ötürürük birtəhər,

Acı şirin, şirin zəhər,

Damaqda dad itmək üçün.

 

Bax, ürəyim qabar-qabar,

Min arzu , min diləyim var,

Ulayır quduz canavar,

Can alıb, can didmək üçün.

 

Sən göylərin hökmünə bax,

Ümidimiz qara torpaq,

Tökülürük yarpaq-yarpaq,

Biz yenidən bitmək üçün!

Murad Məhərrəm

Mənə deyən gərəkdi

 

Mənə deyən gərəkdi,

Bu dünyada nə vardı?

Ürəyim parça-parça,

Ovuclarım qabardı .

 

Yaram üstə duzmuşam,

Düz kimi ucuzmuşam,

Həmişə uduzmuşam,

Ədalətsiz qumardı .

 

Seçilmir qısı, yazı,

Baldırqanı, yarpızı,

Pomidoru, qarpızı,

Yetişməmiş qızardı.

 

Qəlbimi bir duyan yox,

Dərdlərimə həyan yox,

Bir nəfər oxuyan yox,

Elə hamı yazardı .

 

Bu xislət qanımızda,

Bəyimiz, xanımızda,

Rüşvət də canımızda,

Sağalmayan azardı.

 

Hamı dini rütbədə,

Nəfsi, gözü müftədə,

Yer üzündə həftədə,

Bizdə hər gün bazardı.

 

…Ruhum bədəndən doyur,

Ya gül olum, ya çayır,

Çürümək də olmayır,

Eh, bu necə məzardı!..

Cəbrayıl Hüseyn

 

Yurduma bahar gəlir

 

Açılsın güllərin ümid qönçəsi,

Ucalsın göylərə azadlıq səsi.

Coşsun ürəklərdə bahar həvəsi,

Yurduma bahar gəlir.

 

Tonqallar bir az da gur yansın hələ,

Nəğmələr yayılsın obaya, elə,

Qəm-qüssə ötüşsün, verilsin yelə,

Yurduma bahar gəlir.

 

Göydən nur ələnsin şəhid ruhuna,

Şəhid məzarından fərəh boylansın.

Şad olsun Analar sübhdən oyansın,

Yurduma bahar gəlir.

 

Sevgi-məhəbbətdən çələng hörülsün,

Etibar, vəfadan izlər görülsün,

Ürəklə bir xoşbəxt həyat sürülsün,

Yurduma bahar gəlir.

 

Doymaz gözəllikdən Mehri gözləri,

Ürəkdən gələndi şirin sözləri,

Gördüm təbiətdə yaşıl izləri,

Yurduma bahar gəlir.

Mehriban İbrahimova

 

Hər axşam

 

Hay salıram dağ-dərəyə, hayım yox,

Günlər ötür, bir mənalı ayım yox.

Axşam olur, dərdləşməyə tayım yox,

Darıxıram sənin üçün hər axşam.

 

Dərd verirəm sənsiz özüm-özümə,

Qəm oturur yanağıma, üzümə.

Gecə olur, yuxu getmir gözümə,

Darıxıram sənin üçün hər axşam.

 

Qonşu gülür, səsi gəlir qulağma,

Çəkilirəm, sığınıram otağma.

Adın çəkib, gətirəndə dodağma,

Darıxıram sənin üçün hər axşam.

 

Öz işində gedən-gələn, kənd, şəhər,

Gündüz gəzib, dolanıram bir təhər.

Evə gəldim, yorğun şair; – köhnələr,

Darıxıram sənin üçün hər axşam.

Rüstəm Məbudoğlu

 

Vətən

 

Vətən aşiqlərinin daim olub, yarı Vətən.

Kəbəsi, xanimanı, sevgili-dildarı Vətən.

 

Canı tərk eyləməyi kimsə ömürçün qıymaz,

Gəl, ərənlər eləyər fəda, qala, barı Vətən.

 

Bir həyat hikməti var cümlə-şəhid qanında

Düşdüyü torpaq olur yarı ana, yarı Vətən.

 

Eşq üçün məbəd isə hərgah ürək insana,

Nəqş edir duyğusuna qiyməti, meyyerı Vətən.

 

Hər kimə ümdədir var, qürbət ona fərq etməz,

Qəlb ilə bağlananın hər ümidi, varı Vətən.

 

Elə gulzara dönüb, neyləyə, bağbanı bizik,

Gül-çiçəkdən ayıra, fəhm eləyib, – xarı Vətən.

 

Dayanıb cümlə-cahan cazibəsi sehriylə,

Necə ki, cəzb eləyib eşq ilə Şahları Vətən.

Şahlar Hacıyev

 

 

 

Biri qoyur, biri qoymur

 

Qədir qiymət, xətir hörmət,

Biri qoyur, biri qoymur.

Bu dünyadan nə sirdirsə,

Biri doyur, biri doymur.

 

Gözəllikdir baxsan həyat,

Qəlb açıla ola rahat,

Gözəlliyi hər an, hər vaxt,

Biri duyur, biri duymur.

 

Meyl edən var məhəbbətə,

Meyl edən var şan şöhrətə,

Bu dünyada var dövlətə,

Biri uyur, biri uymur.

 

Nə gözəldir saf məhəbbət,

Yaradasan gözəl ülfət.

İnsanlara dərin hörmət,

Biri qoyur, biri qoymur.

Xuraman Baxış

 

O sevgini, ürəyimi götür gəl

 

Qoy səni qoxlayım çiçəktək, gültək,

Eşqin gözlərindən gözümə lək çək,

Könlünü şumlayıb şəklimi də ək,

O sevgini, ürəyimi götür, gəl.

 

Yerlə Günəş arasında eşq dirək,

Eşqimizdə çadır quraq, at sürək,

Sənsiz yaşamaram, öləcək ürək,

O sevgini, ürəyimi götür, gəl.

 

Sevdim səni, günahkaram, bilmirəm,

Can qəfəsim, sevgimizi bölmürəm,

Sən də sevdin, səndən ayrı ölmürəm,

O sevgini, ürəyimi görür gəl.

 

Səni görən röyamın da gözü var,

Baxışının giləsində sözü var,

Bu sevginin ürəyi var, özü var,

O sevgini, ürəyimi götür, gəl.

 

O həsrəti yol üstündən itir, gəl,

Bu ruhumu öz ruhunda yatır, gəl,

Ürəkləri bir dibçəkdə biti, gəl,

O sevgini, ürəyimi götür, gəl.

Surə Ziyadqızı

 

Amandı

 

Diqqət yetirginən genişliyinə,

Dərzi, donu ensiz etmə, amandı.

Düz ölçməyib, biçdiyini səhv biçib,

Kənar gəzmə, yandan ötmə, amandı.

 

Ölçünü, biçini et, mənə görə,

Eylə dosta xatir, düşmənə görə.

Tik donu, paltarı bədənə görə,

Abırda, həyada itmə, amandı.

 

Yüz ölçüb, bircə yol biçəcəyini,

Xətti nəyin üstdən çəkəcəyini,

Bilmirsənsə nələr tikəcəyini,

İynə-sap yanına getmə, amandı.

Tamam Qaraca (Nur Tağlabiyanlı)

 

Vətən nə gözəl olmuş

 

Çiçəklənən yurdumu

Görüb kor olur bayquş.

Bülbüllər cəh-cəh vurur,

Vətən nə gözəl olmuş?

 

Canımız Qarabağı
Biz qururuq yenidən.

Qandan doyan torpağı,

Etmişik azad Vətən.

 

Şaddır Şərqiyyə nənə,

Bəxtəvərdir, bəxtəvər.

Əvvəlkindən nurludur,
Açılan, gələn səhər.

Şərqiyyə Balacanlı

Şərh Yaz