RAMAZAN BAYRAMINIZ MÜBARƏK OLSUN!

 

Ölkənin birinci vitse-prezidenti “yumşaq güc”ün rəmzi Mehriban Əliyeva

 

Qadın bəşəri nurlandıran çıraqdır. O, həyat mənbəyi, ən ülvi duyğuların ünvanıdır. Qadınların tarixdə rolu danılmazdır. Azərbaycan tarixində də dərin iz qoyan qadınların sayı kifayət qədər çoxdur. Azərbaycan xanımları müxtəlif xalqlara mənsub qadınlar arasında öz zəkası, gözəlliyi, əxlaqı, xeyirxahlığı digər mənəvi keyfiyyətləri ilə nümunədir.Tarix boyu qadınlarımız yurdunun, vətəninin qorunması, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda kişilərlə bərabər mübarizə aparmış, hünər, cəsarət göstərmişdir.

Bu gün də Azərbaycan qadını cəmiyyətin fəal qurucusudur. İdarəedici və qanunverici orqanlarda, eyni zamanda Milli Məclisdə, xarici siyasətdə qadınların rəhbər vəzifədə olmaları ölkəmizdə qadının idarəedici qüvvəyə sahib olduğunu bir daha sübut edir. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara

cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”. Bu mənada ölkənin Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti olduqca nümunəvi və təqdirə layiqdir. Mehriban xanım Əliyeva özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini başlamışdır. Mehriban xanım Əliyeva bu hərəkat tarixində ilk şəxsiyyətdir ki, onun fəaliyyəti təhsildən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət arealını əhatə edir. Onun çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik, zərif humanizm dayanır. Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda, beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual sahələri də əhatə edir. Mehriban xanım Əliyevanın malik olduğu üstün mənəvi məziyyətlərin nəcib ailə köklərinə dərin bağlılıqdan qaynaqlanması, onun vətənimizə, dövlətçiliyimizə və xalqımıza sadiqlik əzmini şərtləndirən əsas amildir. Mehriban Əliyeva ölkənin birinci xanımı olmaqla bərabər, həm də nümunəvi anadır, məsuliyyətli vətəndaşdır, dünyəvi və dini dəyərlərimizə sadiq olan Azərbaycan qadınının yeni simasıdır. Mehriban Əliyeva Azərbaycan mədəniyyəti tarixinin səsini planetin ən ucqar guşələrinə belə çatdıra bilmişdir. Onun elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı ciddi elmi əsaslara söykənir. O, ölkə daxilində və xaricdə keçirdiyi görüşlərdə dərin biliyə, geniş erudisiyaya malik olduğunu hər dəfə yenidən nümayiş etdirir. Azərbaycan qadınları üçün bu, gözəl bir nümunədir. Bütün bunlar Mehriban Əliyevanın yüksək siyasi potensiala malik olduğunu təsdiqləməklə Azərbaycan qadınının modern tələblərə uyğun obrazını dünyaya nümayiş etdirir. Onun həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq qadınların bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlmişdir. Bu siyasət uzaqgörən və dönməz səciyyə daşımaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək. Qadın cəmiyyətdə böyük rolu olan müstəsna varlıqdır. Onlar nə qədər vətənpərvər, iradəli, fədakar və aktivdilərsə gələcəyimiz də bir o qədər inkişaf etmiş olar. Hər bir dövlətin, xalqın inkişafı üçün həmişə hərəkətverici qüvvəyə ehtiyac

olub və qadınlar belə bir məsuliyyətin də öhdəsindən ləyaqətlə gəliblər. Mehriban xanımın öz sözləri ilə desək: “Biz bu gün bərabər hüquqlardan bərabər imkanlara siyasətini gerçəkləşdiririk”.

Zümrüd Behbudova,

İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin psixoloqu

Şərh Yaz