Faciə xalqımızın qan yaddaşında əbədi qalacaq
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında tariximizin qanlı, faciəvi və eyni zamanda şərəfli səhifələrindən olan “20 Yanvar” faciəsinin 35-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Keçirilən tədbirdə ilk öncə “Qanlı 20 Yanvar” faciəsində həlak olan soydaşlarımızın, o cümlədən ölkəmizin müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən direktor Vidadi Rəhimov bildirib ki, “20 Yanvar” günü xalqımızın müstəqillik və azadlıq uğrunda apardığı mübarizə Azərbaycan tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılıb, 20 yanvar gecəsində baş verən faciə xalqımızın qan yaddaşında əbədi qalacaqdır.
Digər həmkarlar çıxışlarında bildirib ki, 1990-cı il 20 Yanvar günü Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, qəhrəmanlıq səhifəsi kimi daxil olub, 19-dan 20-nə keçən gecə doğma Vətənimizin azadlığı, şərəf və ləyaqəti uğrunda canından keçən qəhrəman Azərbaycan övladlarının xatirəsi qəlbimizdə daima yaşayacaq.
Allah şəhidlərimizə rəhmət eləsin!
L.Əliyeva