Nümunəvi ailələri tanıyaq:
Babayevlər ailəsində xoşbəxtliyin sirri
– Salam, Əlaləm müəllim, xoş gördük Xuraman xanım. Bizi ailədə qəbul etdiyinizə görə çox sağ olun.
– Siz sağ olun, xoş gəlmisiz. Biz yaşda olan insanlar yad edilməkdən çox məmnun olarlar, sağ olun ki, bizi yada salmısız.
– Cənab polkovnik, ilk əvvəl Sizi müstəqil Azərbaycan ordusunun yaranmasında payı olan biri kimi tarixi Qələbəmiz münasibətilə təbrik edirəm.
– Çox sağ olun, təşəkkür edirəm.
– Söhbətə tanışlıqdan başlayaq. Özünüz haqqında qısa məlumat verərdiniz.
– Mən Babayev Əlaləm Baba oğlu 1951-ci il iyun ayının 18-də rayonumuzun füsunkar, mənim gözlərimlə ən füsunkar kəndi olan Yuxarı Cülyan kəndində kolxozçu ailəsində anadan olmuşam. Ailəmizdə valideynlərim tərəfindən qoyulmuş çox ciddi nizam-intizam və iş bölgüsü var idi. Mən bu qaydalara riayət etməklə, üzərimə düşən ev, təsərrüfat işlərini vaxtlı-vaxtında yerinə yetirməklə kəndimizdəki 8 illik məktəbi əla qiymətlərlə, rayon mərkəzindəki orta məktəbi gümüş medalla bitirdim. Elə həmin il Azərbaycan Dövlət Politexnik İnstitutuna qəbul olundum. O zaman bu institutda hərbi dəsrlər keçirilir və institutu bitirəndə 2 aylıq hərbi təlimdən sonra leytenant rütbəsi verilirdi. Leytenant rütbəsini aldım… və mənim hərbiyə gedən yolum buradan başladı. Sonralar ali hərbi məktəb bitirdim, qiyabi yolla Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu da oldum. Ancaq bir gün belə hərbidən uzaqlaşmadım. 30 il hərbi sahədə çalışdım, Uzaq Şərqdən tutmuş, respublikamızın çoxsaylı rayonlarında hərbi komissar müavini və hərbi komissar işlədim. 2016-cı ildən Müharibə, Əmək, Silahlı qüvvələr Veteranlarının İctimai Birliyi Respublika Təşkilatının İsmayıllı Rayon Şurasının sədriyəm.
– Əlaləm müəllim, dediyiniz kimi, keçmiş SSRİ-i daxilində çox yerlərdə işləmisiz. Harada işləmək Sizə daha çətin olub? Uzaq Şərqdə, yoxsa?
– Ağdərə rayonunda, öz respublikamızda. Orada işlədiyim dövrdə rayonun birinci katibindən tutmuş bütün rəhbər vəzifələrdə, eləcə də hərbi komissarlığın bütün əməkdaşları ermənilər idilər, baxmayaraq ki, yerli əhali arasında azərbaycanlılar da çox idi. Göz-gözə durub adamı ləkələməyə fürsət qovlayırdılar. Çox çətin idi, ora yeganə iş yerim olub ki, yerdəyişmə olanda sevinmişəm. Amma həm də heyifsilənmişəm – axı ora da bizim torpağımız idi. Bu günə çox şükür. Allah Ali Baş komandanımızı qorusun, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
– Həqiqətən, mübarizədə keçən bir ömür yaşamısız. Yəqin elə ona görə də həyat yolunuzun salnaməsi adlandırıla biləcək kitabınıza da “Mübarizədən keçən ömür” adı vermisiz.
– Elədi. Bu kitabı yazmaq üçün çox düşündüm, çox götür-qoy etdim. Yekunda qərara aldım ki, yazım. Bu kitab təkcə polkovnik Əlaləm Babayevin yox, istənilən bir hərbiçinin keçdiyi həyat və mübarizə yoludur – çox çətin, çətin olduğundan qat-qat şərəfli və örnək bir ömür yolu.
– Ailə üzvləriniz haqqında qısa məlumat verərdiniz.
– İş nə qədər çox olsa da vaxtında vaxt tapıb həmyerlim Xuraman xanımla ailə qurdum, o da mənimlə birlikdə hərbiçi həyatı yaşadı. (üzündə xoşbəxt bir təbəssüm görünür). 3 övlad böyütdük, 2 oğlan, 1 qız. Mən bəzən elə olurdu ki, günlərlə hərbi formanı, əsgər çəkməsini çıxara bilmirdim, ailədən, evdən uzaq düşürdüm. Minnətdarlıq hissi ilə deyim ki, uşaqların tərbiyəsində əsas ağırlıq Xuraman xanımın üzərinə düşdü və o, bu yükü bacarıqla daşıdı, tərbiyəli, savadlı övladlar verdi Vətənə. Maşallah olsun, gözəl balalarımız var, bir oğlum rayon mərkəzi xəstəxanasında məhkəmə tibbi ekspertiza şöbəsinin, qızım həmin xəstəxanada sığorta şöbəsinin müdiridirlər – həkimdirlər. O biri oğlum təhlükəsizlik orqanlarında çalışır, hər iki gəlinim həkimdir. 8 nəvəmiz var, 6 oğlan, 2 qız. 3 nəvə tələbədi, o birilər məktəblidirlər. Gəncliyimdə dövlətimə şərəflə qulluq etmişəm, indi bu yaşda xanımımla birlikdə övladlarımızla, nəvələrimizlə şərəflənirik, onların uğurları, xoş soraqları ömrümüzə ömür qatır.
– Xoşbəxt evliliyin sirri nədədir?
– Xoşbəxt evliliyin belə bir düsturu, qanunu yoxdur. Ən əsası odur ki, ər və arvad bir-birinə güzəştə gedə bilsinlər, çətinliklərin öhdəsindən gələ bilsinlər, o çətinliklərdən qorxmasınlar, çəkinməsinlər.
– Ailə daxilində anlaşılmazlıq olduqda, fikir ayrılığı olduqda onu necə həll etmisiniz?
-Elə olub ki, mən avtoqəzaya düşmüşəm. 3 ay Xabarovski şəhərində hərbi qospitalda yatmışam. Amma ailəm özümdən 2000 kilometr aralı 2 körpə uşaqla tayqanın içində yaşayıb. 3 ay müddətində onun valideynlərinin xəbəri olmayıb ki, biz belə çətin vəziyyətdəyik. 47 ildir ailəliyik. Mənim həyat yoldaşım bizim evimizdə problem olsun, onu getsin atasına, anasına, qardaşına desin, heç vaxt olmayıb. Fikir ayrılığı, nəsə problem olanda özümüz, öz aramızda, ailə daxilində həll etmişik, kənardan bizim ailəmizə müdaxilə olmayıb, ona şərait yaratmamışıq. Ailə kiçik dövlətdir. Əgər sən ailənin sözünü çölə çıxardırsansa, o ailə dağılmalıdır. Mən heç vaxt ailənin sirrini heç kimlə bölüşməmişəm. Ailənin ayaq üstündə durmasında əsas səbəbkar qadındır (minnətdarlıq dolu baxışlarla xanımını süzür).
– Xuraman xanım, ailədə söz olanda ani də olsa düşünmüsüzmü ki, bunu ailəmlə, ən azından anamla bölüşüm?
– Heç vaxt. Ailənin sirri həmişə evdə həll olunub. Nə ana, nə ata, nə bacı heç vaxt bilməyiblər. Bizim evin yaxşısı, pisi bizim evimizin içində qalıb.
– Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır?
– Mən işimə çox vurğun insan olmuşam. Övladların tərbiyəsi ilə Xuraman xanım məşğul olub. Mənim hərdən güzəştim olubsa, Xuraman xanım heç vaxt güzəştə getməyib. Bu gün çox təəssüf ki, valideyinlər uşağın tərbiyəsini atır məktəbin, cəmiyyətin boynuna. Uşaq ailədə təribiyə almalıdır. Bu, ata və ananın borcudur. Dünyaya uşaq gətirən ailə birbaşa uşağın tərbiyəsinin də məsuliyyətini daşıyır. O cəmiyyət üçün lazımlı insan böyütməlidir. Cəmiyyətə yararlı, ailəyə yararlı, millətə yararlı, dövlətə yararlı. Və gözünü yumanda da arxayın getməlidir ki, bəli, mən cəmiyyət üçün, nəslim üçün yararlı uşaqlar böyütmüşəm.
– Uşaqların tərbiyəsi ilə daha çox Xuraman xanım məşğul olduğu üçün mən bu sualı Xuraman xanıma verəcəm. Vətənə, dövlətə layiqli övladları necə böyütmüsünüz?
– Vətəni əvvəl özüm sevmişəm, doğulduğum yurda ilk özüm Vətən demişəm, sonra da bunu övladlarıma aşılamışam.
– Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bugünə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz.
– Övlad üçün atanın, ananın edə biləcəyi ən vacib şey onun tərbiyəsidir, təhsilidir. Təhsildən böyük sərvət yoxdur. Biz onlara gözəl tərbiyə vermişik, təhsil vermişik, amma daha çox ciddi məşğul olmaq istəyərdim təhsilləri ilə. Övlad üçün maşın, ev, var-dövlət ola bilər, amma ən böyük sərvət təhsil və tərbiyədir ki, biz onu övladlarımıza verə bilmişik.
– Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir?
-Bu gün demək olar ki, biz yoldaşıq. Əvvələr isə ailəmiz mühafizəkar ailə olub – valideyn- övlad arasında ciddi pərdə olub. Tərbiyə şəkli əvvəldən elə qurulub. Mühafizəkarlıq indinin özündə də var məndə. Yoldaşım bəzən mənə müasir dövrdə olduğumuzu xatırladır.
– Bu gün boşanmaların sayı artıb. Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz? İlk növbədə, Xuraman xanım, sizdən başlayaq.
– Ailədə bir-birlərini başa düşsünlər, güzəştə getməyi bacarsınlar, hər şeydən ötəri mübahisə salmasınlar evə. Evin sirrini evdən çıxartmasınlar, hər şeyi öz aralarında həll etsinlər. Nə qızın, nə oğlanın valideyini müdaxilə etməməlidir ailəyə.
– (Üzündə utanqac bir təbəssüm görünür, asta səslə). Böyüklərin məsləhəti ilə.
– Sizcə, bu gün boşanmaların qarşısını almaq üçün sevib evlənməyə üstünlük vermək lazımdır, yoxsa böyüklərin məsləhətinə?
– Mənə elə gəlir ki, həm özlərinin istəyi olmalıdır, həm də böyüklərin məsləhəti. Hər ikisi olmalıdır. Ailələrin bir-birinə uyğunluğu da çox önəmlidir. Ailə bir dövlətdir. Mən indiki gənclərə arzu edirəm ki, o dövlətin bünövrəsini elə qoysunlar ki, səhərki gün ailəni bu dövlətə olacaq müdaxilələrdən – qayınata, qayınana, baldız, qonum-qonşu müdaxilələrindən qoruya bilsinlər. Kişi kimi kişi olsun oğlanlarımız. Cəmiyyətdə boşanmaların baş alıb getməsi hər birimizin ürəyini ağrıdır. Son nəticədə uşaqlar ya atadan, ya anadan kənarda böyüyəsi olurlar. Bunun çox acı nəticələri yaxın gələcəkdə özünü göstərəcək. Buna görə də ailə quranda min ölçüb, bir biçmək lazımdır.
– Hörmətli Əlaləm müəllim, dəyərli Xuraman xanım, bir daha bizi ailənizdə qəbul etdiyinizə, səmimi söhbətə görə çox sağ olun. Sizə balalarınızla, nəvələrinizlə birlikdə sağlam, uzun ömür arzu edirik.
– Çox sağ olun, bizə də çox xoş oldu.
Lətifə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü