Rayonumuzun yetirmələri:

Ömrünü inkişafa həsr etmiş alim, vətənpərvərliyi ilə öndə olan ziyalı

 

Məqsədim bu başlıq altında Azərbaycanımızın fundamental elm sahəsində nailiyyətlər qazanmış, elm və təhsil sahəsində xidmətləri olan, ölkəmizi, xalqımızı bütün sahələrdə təmsil edən alimlərimizdən tanıtma xarakterli yazılar verməkdir, çünki tanıtmaq xeyirxah işdir, unutqanlıq isə xalqın faciəsidir.

Bu yaxında Azərbaycanda və beynəlxalq aləmdə kifayət qədər tanınmış alimlərimizdən biri, həm də həmyerlimiz olan Esmira Nazim qızı Lətifova haqqında fikirlərimi ictimaiyyətimizin oxucuları ilə bölüşmək istəyimdi.

İnsanın istedadı, peşəkarlığı, zəngin mədəniyyəti, mənəvi keyfiyyətləri o zaman reallaşır ki, o yüksək potensial, həm də müsbət enerjiyə malik olsun. Bu enerji ilk növbədə hər bir insanın qanında, canında olmalı, sonra isə həyatda onun zəhməti sayəsində formalaşmalıdır. Bu enerji yaradıcı insanda öz seçdiyi fəaliyyət sahəsinə müsbət yöndə yanaşmasından asılı olaraq zaman-zaman artır. Esmira xanım belə insanlardandır.

Esmira Nazim qızı Lətifova tanınmış ziyalı, uzun illər müxtəlif vəzifələrdə, o cümlədən dövlət işlərində ləyaqətlə çalışan, vəzifəsini sevən, səmimiyyəti ilə fərqlənən vətəndaşdır.

Hər bir xalqı dünyada tanıdan onun elmi, mədəniyyəti və milli dəyərləridir. Bir deyim də var: o xalq böyükdür ki, yetişdirdiyi şəxsiyyətləri və görkəmli ziyalıları ilə tanınır. Müasir dövrümüzdə və həyatımızın sürətlə dəyişdiyi reallıqda ziyalıların cəmiyyətdəki çəkisi və bütövlükdə elmin səviyyəsi həmin toplumun dünyadakı yerini müəyyən edən mühüm amillərədən birinə çevrilir.

Müdrikliyi, vətənpərvərliyi ilə öndə olan ziyalı alim xanımımız, aqrar elmlər üzrə fəlsəfə doktoru Esmira Nazim qızı Lətifova haqqında yazarkən onun tərcümeyi-halı ilə tanış olduqda bir daha təsdiqlədim ki, bu dəyərli insanın xarakterinə aydınlıq gətirən onun elmi, düzgünlüyə, haqqa-ədalətə, vətəninə olan sədaqəti, sonsuz rəğbət və sevgisidir. Özünə münasibətdə də hər yerdə bunu gördü Esmira xanım. O, dövlət qulluqçusu, müəllim, alim ömrü yaşamağın məsuliyyəti ilə çalışdı. Odur ki, sevildi, insanların hörmətini və rəğbətini qazandı.

Qazandığı uğurlar onun uzun illik gərgin zəhmətinin, elmi araşdırmalarının bəhrəsidir. Heç zaman işlərinin çoxluğunu qayğılardan qaçmaq üçün bəhanəyə çevirmədi. Laqeydlik, biganəlik Esmira xanıma yad oldu. Tələbələri Esmira Lətifovanın simasında elmdə, təhsildə güzəştə getməyən gözəl alim, tələbkar olduğu qədər də qayğıkeş müəllim, yurduna böyük məhəbbətlə bağlı bir insan kimi tanıyırlar…

Esmira xanım İsmayıllı şəhərində ziyalı ailəsində anadan olmuş, orta məktəbin 8-ci sinfini İsmayıllı şəhər 1 №-li orta məktəbdə başa vurduqdan sonra təhsilini Bakı şəhər 5 №-li kimya-biologiya təmayülündə davam etdirərək orta məktəbi əla qiymətlərlə bitirmişdir.

O, 1980-ci ildə Ulu Öndərin “Xaricdə təhsil” proqramı çərçivəsində K.İ.Skryabin adına Moskva Baytarlıq Akademiyasının (hazırda Moskva Dövlət Baytarlıq Təbabəti və Biotexnologiya Akademiyası) Zoomühəndis fakültəsinə daxil olmuş və 1985-ci ildə həmin Akademiyanı fərqlənmə diplomu ilə bitirərək doğma Azərbaycana qayıtmışdır.

Esmira xanım Moskvada təhsil aldığı müddətdə zoomühəndis fakültəsinin ən fərqlənən tələbələrindən biri olmuş, fakültənin partiya təşkilat katibi vəzifəsini şərəflə icra etmişdir. Təhsildəki müvəffəqiyyətləri və çalışqanlığı ilə bütün tələbələrə nümunə olmuşdur.

Doğma rayonuna qayıdan bu gənc qız 1985-86-cı illərdə əvvəl İsmayıllı Rayon Aqrar Sənaye Birliyində, daha sonra isə İsmayıllı rayonunun “Oktyabr” kolxozunda zootexnik vəzifəsini yerinə yetirir.

Esmira xanım 1986-1988-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı İsmayıllı Rayon Komsomol Komitəsinin Komsomol təşkilatları şöbəsində müdir müavini vəzifəsində çalışmış, daha sonra isə şöbə müdiri vəzifəsinə irəli çəkilmişdir. O öz elmi, aydın, iti təfəkkürü, qabiliyyəti, güclü məntiqi, irəli sürdüyü fikir və mühakimələrinin tamlığı və inkaredilməzliyi, bir də böyük zəhmətsevərliyi ilə seçilmişdir.

Esmira xanım Lətifova Azərbaycanda kənd təsərrüfatının, xüsusilə də heyvandarlıq sektorunun inkişafına verdiyi töhfələrlə, həmçinin bənzərsiz idarəetmə bacarığı və təşkilatçılığı ilə hamının hörmət və ehtiramını qazanmışdır.

O, 1989-1991-ci illərdə Moskva Baytarlıq Akademiyasının aspiranturasında təhsilini davam etdirmiş, 1992-ci ilin may ayında elmi işini müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsinə (hazırki aqrar elmlər üzrə fəlsəfə doktoru) layiq görülmüşdür.

Tarix boyu elm insan həyatını dəyişdirən ən mühüm amillərdən biri, bəlkə də birincisi olub. Bəşəriyyətin ən böyük zəfəri də elmdir. Dahi Nəsrəddin Tusiyə görə alimdə bir neçə xüsusiyyətin olması vacibdir. Bunların sırasında zəka, zehin aydınlığı, dərk sürəti, ağıl gözəlliyi və hafizənin əhəmiyyəti böyük rol oynayır. Həyatını elmə, təhsilə və dövlət işinə həsr etmiş, heyvandarlıq elmində yeni istiqamətlərin öyrənilərək tətbiq edilməsi sahəsində zəngin bir iz qoymuş Esmira xanım özündə bütün bu keyfiyyətləri birləşdirən əsl ziyalıdır.

Dünya üzrə alim qadınlar elm sahəsində çalışan alimlərin ümumi sayının cəmi üç faizini təşkil edirlər. Müasir dünyada elmin inkişafı, gender bərabərliyinin bəşəriyyətimizin mütərəqqi nailiyyəti kimi daha böyük kütlələr tərəfindən qəbul edilməsi və qadının cəmiyyətdəki yerinin mahiyyəti elmdə onun rolunun müəyyənləşməsinə də öz təsirini göstərir. Qadın elm adamları sırasında təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da tanınan Esmira Lətifovanın da olması Azərbaycan elminin parlaq nailiyyətlərindən biridir.

Esmira Lətifova 1991-ci ildə “Azərdamazlıq” Respublika İstehsalat-Elm Birliyində 1-ci dərəcəli mütəxəssis, baş inspektor və baş mütəxəssis vəzifələrində, 1992-2001-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır.

Azərbaycanda kənd təsərrüfatının vacib sahəsi olan heyvandarlıqda damazlıq işinin öyrənilməsi və inkişafında böyük xidmətlər göstərmiş, heyvandarlığın respublikada inkişafı üçün fədakarcasına çalışaraq peşəkarlıq nümayiş etdirmişdir. İşlədiyi dövrlərdə gənclərə xüsusi qayğı göstərən Esmira xanım Azərbaycanda gənc kənd təsərrüfatı kadrlarının yetişdirilməsi missiyasını ləyaqətlə yerinə yetirərək bu gün də əlindən gələni əsirgəmir.

Aqrar elmlər üzrə fəlsəfə doktoru Esmira Nazim qızı Lətifovanın elmə üz tutmasında rəhmətlik anası Səkinə xanımın təhsilə verdiyi dəyərin böyük rolu olmuşdur. Azərbaycanlı qadının ideal nümunəsi olan anası Səkinə müəllim övladlarının uşaq çağlarından təhsilə, biliyə, daim öyrənməyə marağının formalaşdırılması üçün böyük zəhmət sərf etmişdir. Belə bir mütərəqqi və yaradıcı mühit övladların hər birinin müxtəlif sahələrə yönəlmələrinə səbəb olmuşdur. Ailənin ikinci qızı Yeganə xanım M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Geologiya fakültəsində, Rusiya Elmlər Akademiyasının İQEM İnstitutunun aspiranturasında əyani təhsil alaraq burada elmi işini müdafiə etmiş və geologiya-mineralogiya elmləri namizədi (hazırki yer elmləri üzrə fəlsəfə doktoru) elmi dərəcəsini almışdır…

Esmira xanım 2001 – 2002-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyində BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (IFAD) layihələrində Layihələri İdarəetmə Qrupunun kənd təsərrüfatı sistemləri üzrə mütəxəssisi vəzifəsində çalışaraq layihə rayonlarında kənd təsərrüfatının, xüsusilə də heyvandarlıq sahəsinin inkişafı və yenidən bərpa edilməsi proseslərinə birbaşa rəhbərlik etmişdir.

Esmira xanım daha sonra Niderlandda yerləşən Kənd Təsərrüfatında İnkişaf Yönümlü Tədqiqatlar Beynəlxalq Mərkəzində (ICRA) təhsilini davam etdirmişdir. “Kənd Təsərrüfatında İnkişaf Yönümlü Tədqiqatlar (ARD)” adlı bu təhsil proqramı çərçivəsində o, beynəlxalq ekspertlər qrupunun nümayəndəsi kimi Efiopiyanın kənd təsərrüfatı sistemlərində mövcud vəziyyətin analiz və təhlil edilməsində iştirak etmiş, xarici investorları cəlb etmək üçün “Efiopiyanın Arsi-Bali regionunda növbəli əkinlərdən istifadə etməklə bitkiçilik və heyvandarlığın daha effektiv inteqrasiyası” Layihəsinin hazırlanmasında iştirak etmişdir.

Niderlanddan qayıtdıqdan sonra o, “Siqma” İnkişaf və Beynəlxalq Əməkdaşlıq Problemləri üzrə Strateji Tədqiqatlar Mərkəzində Aqrar məsələlər üzrə ekspert vəzifəsində çalışmışdır.

Esmira xanım 2003-cü ilin avqust ayında yenidən Kənd Təsərrüfatı Nazirliyinə qayıdaraq Nazirliyin Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyində “Dağ və Yüksək Dağlıq Ərazilərin İnkişaf Etdirilməsi Proqramı”nda və “Şimal-Şərq İnkişaf Layihəsi”ndə kənd təsərrüfatı sistemləri üzrə mütəxəssis vəzifəsində öz fəaliyyətini 2009-cu ilədək davam etdirmişdir. Bu müddət ərzində o, ölkəmizdə, keçmiş SSRİ-nin bir çox respublikalarında və xarici ölkələrdə keçirilən beynəlxalq konfrans və tədbirlərin fəal iştirakçısı olmaqla ölkəmizi təmsil etmişdir.

Esmira xanım aqrar sahədə fəaliyyət göstərən dövlət və özəl qurumlarla daim sıx əməkdaşlıq etmişdir. “Dağ və Yüksək Dağlıq Ərazilərin İnkişaf Etdirilməsi Proqramı” çərçivəsində 11 layihə rayonunun kəndlərində heyvandalığın inkişaf istiqamətlərinin planlaşdırılmasını həyata keçirtmiş, “Kənd Qadınları üçün Heyvandarlığın İnkişaf Etdirilməsi” layihəsinin işlənib hazırlanmasında və həyata keçirilməsində birbaşa iştirak etmişdir.

 

O, ölkəmizdə aqrar inkişaf strategiyasının əsas istiqamətləri sayılan aqrar sahəyə dövlət dəstəyi, həyata keçirilən innovativ layihələr və müasir texnologiyaların tətbiqi, həmçinin davamlı inkişaf prinsiplərinə

önəm verilməklə təşkil edilən təlimlərdə kənd fermerlərinə yeniliklərin mənimsənilməsi və gələcək fəaliyyətlərində tətbiq edilməsinin cəmiyyət üçün necə faydalı olduğunu çatdıra bilmişdir.

Hər bir sahənin inkişafı kadr hazırlığından başlayır. Yeni texnologiyaları yaradan, onu inkişaf etdirən də yüksək ixtisaslı kadrlardır. Elə həmin texnologiyaların istehsalata tətbiqi də peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir. Bu məlum reallıq aqrar sektora da aiddir. Odur ki, Esmira xanım daim öz zərində işləməklə elmi və təcrübi sahələrdə uğurlar qazanmış, bir çox xarici ölkələrdə olmuşdur. Tayland, İsrail, Niderland, Britaniya Standartlar İnstitutunun ixtisasartırma kurslarında müxtəlif vaxtlarda təhsil almışdır.

Esmira xanım 1993-1997-ci illərdə Bakı Ali Diplomatiya Kollecinin (hazırki Bakı Avrasiya Universiteti) Beynəlxalq iqtisadi münasibətlər fakültəsində ikinci təhsil alaraq beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnmişdir.

2009-2010-cu illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirərək 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsini almışdır.

O, 2010-cu ildə yüksəkixtisaslı mütəxəssis kimi Kanadanın Ontario vilayətinə köçmüş və həmin vilayətin Qvelf Universitetinin Kənd Yerlərinin Planlaşdırılması və İnkişaf Etdirilməsi fakültəsində təhsilini davam etdirərək Planlaşdırma üzrə Magistr dərəcəsi almışdır.

Kanadada yaşadığı illərdə Esmira xanım Ontario vilayətinin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyinin Fermer Təsərrüfatlarının Maliyyələşdirilməsi Departamentində Kənd təsərrüfatı siyasəti üzrə məsləhətçi, Biznesin İnkişafı Departamentində Analitik-Tədqiqatçı, BİO-BEEF şirkətində Kazaxstanda həyata keçirilən layihələrin Koordinatoru və Qvelf Universitetində Elmi işçi vəzifələrində çalışmışdır.

2016-cı ildə Azərbaycana qayıtdıqdan sonra o, “Gilan Holdinq”də, Azərbaycan Sənaye Korporasiyasında çalışmış, həmçinin Kənd Təsərrüfatı Nazirliyində Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzində direktorun müşaviri olmuşdur.

Esmira xanım İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD), Heyvanların Qeydiyyatı üzrə Beynəlxalq Mərkəz (ICAR) tərəfindən Türkiyə, Qazaxıstan, Estoniya, Bosniya və Herseqovina, Moldova, Gürcüstan, Sloveniya və Macarıstanda keçirilmiş konfrans və seminarların iştirakçısı olmuşdur.

O, Alman Teniki Əməkdaşlıq Agentliyi (GTZ), Dünya Bankı və IFAD layihələrinin hazırlanmasında Milli məsləhətçi kimi fəaliyyət göstərmiş, həmçinin Azərbaycana dəstək göstərən digər xarici qurumlarla əməkdaşlıq əlaqələrinin qurulmasında yaxından iştirak etmişdir.

Esmira xanım Lətifova 30 ildən artıq müddət ərzində Kənd Təsərrüfatı Nazirliyində müxtəlif vəzifələrdə çalışaraq işini bu gün də davam etdirir. Hazırda o,  Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsində çalışır. Bir sözlə, bu zəhmətkeş insanın xidmətləri çoxdan çoxdur.

O, aqrar sahədə fəaliyyət göstərən yaradıcı alimlər, kənd təsərrüfatı işçiləri, fermerlər, assosiasiyalar və digər qurumlarla sıx əlaqələri sayəsində respublikada kənd təsərrüfatının inkişafına, bu sahəyə marağın artmasına, aqrar elmin nailiyyətlərinin real həyatda tətbiq edilməsinə, kənd təsərrüfatında dövlət-özəl tərəfdaşlığının genişləndirilməsinə, fermer və assosiasiyaların fəaliyyətinin təkmilləşdirilməsinə, onların qərar qəbuletmə prosesində daha fəallıqla iştirak etməsinə, Azərbaycan məhsullarının ixrac potensialının artırılmasına, kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksək səviyyəyə qaldırılmasına öz töhfəsini verməkdədir. Bu da Esmira xanımın yüksək elmi-təşkilati qabiliyyətinə və bir rəhbər kimi təşəbbüskarlığına əyani sübutdur.

Hazırda elmi tədqiqatlarını davam etdirməklə respublikada aqrar sahənin inkişafında həlledici rol oynayan alim Esmira xanımın bu sektorun dinamik inkişafındakı rolu danılmazdır. O öz tədqiqatlarında və gündəlik fəaliyyətində real faktlara istinadən təsdiq edir ki, respublikanın kənd təsərrüfatının strukturunun təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, ixtisaslı kadr hazırlığı bu sahənin aparıcı qüvvəyə çevrilməsini təmin edəcəkdir. Esmira xanımın bu istiqamətlərdə gördüyü işlər qürurvericidir. Eyni zamanda o, Xəzər Universitetində baytarlıq təbabəti ixtisası üzrə pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. İşlədiyi dövrlərdə onun aqrar sahə kadrlarının yetişdirilməsində əməyi danılmazdır.

Esmira xanımın xidmətləri xalqımız və dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. O, dövlət orqanları, təhsil müəssisələri və ictimai təşkilatların çoxsaylı fəxri fərman, diplom və mükafatlarına layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 iyun tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Esmira xanımın zəngin fəxri adları, təltifləri bundan sonra olacaqdır.

Tam əminliklə demək olar ki, Esmira Lətifova kimi şəxsiyyətlər xalqımızın milli, zaman keçdikcə daha çox bəhrə verən intellektual sərvətidir, çünki o, ömrünü Azərbaycan xalqının gələcəyinə həsr edir. Onun bu missiyasının kökündə insanlara dərin sevgi, həyat eşqi, nəciblik və xeyirxahlıq durur.

Esmira xanıma ictimai, elmi, pedaqoji fəaliyyətlərində uğurlar, şəxsi həyatında xoşbəxtlik arzulayıram.

Hacıməmməd Məmmədov

Şərh Yaz