Mənə baxırdın
Həyat yoldaşım Xədicə xanıma
Xəyallar içində mənə baxırdın,
Qəlbimi atəşə, oda yaxırdın.
Baxışın deyirdi yaşa dolmusan.
Xəzan yarpağı tək vaxtsız solmusan.
Axı səndən sonra necə yaşayım?
Dünyanın yükünü necə daşıyım?
Qoy əvvəl mən ölüm, sən özün basdır.
Yanında yer saxla, özünü çatdır.
Qoy bizə baş daşı qoysun oğullar!
O şirin, o şəkər dadan noğullar.
Bizə baş çəkməyə gəlsin nəvələr,
Babanı, nənəni qəlbən sevənlər.
Nəvəni nəticə eyləsə əvəz,
Ruhumuz heç zaman küsməz, inciməz.
Nəsillər nəsili yaşatsın müdam.
Sönməsin babanın yandırdığı şam.
Atayam, anasan uşaqlar üçün,
Səhvimiz olubsa, bağışlayarlar.
Varımız, barımız, övladlarımız,
Bizim ömrümüzü naxışlayarlar.
Tacəddin Şahdağlı