Təhsil sahəsinə göstərilən qayğının nəticəsi
İsmayıllıda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Təhsil Sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə təhsilin inkişafındakı xidmətlərinə görə fərqlənən bir qrup müəllim Fəxri fərmanla təltif edilib.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğı bu gün uğurla davam etdirilir. Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Əldə olunmuş uğurlar Prezident İlham Əliyevin, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsil sahəsinə hərtərəfli qayğısının nəticəsidir.
Bayram tədbirində iştirak edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov peşə bayramları münasibəti ilə müəllimləri təbrik edib, hər bir müəllimə uzun ömür, can sağlığı, uğur və nailiyyətlər arzulayıb.
Tədbirin sonunda xatirə şəkli çəkilib.

