Azərbaycanın inkişafı və yüksəlişi naminə
Oktyabr ayının 5-də Beynəlxalq Müəllimlər Günü münasibətilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin 2624 nömrəli qrupun rəhbəri Gözəl Səfərovanın çörək və unlu qənnadı məmulatlarının texnologiyası və Aygün Rəhimovanın rəhbərlik etdiyi 2724 nömrəli aqronomluq ixtisasları üzrə təhsil alan qrup tələbələri ilə birlikdə hazırladıqları tədbiri təqdim ediblər.
Tədbirdə kollecin direktoru dosent Kəmalə Süleymanlı çıxış edib. O, kollec müəllimlərinin timsalında Azərbaycan təhsilinin inkişafına xidmət edən, gənc nəslin təlim və tərbiyəsində, cəmiyyətimizin inkişafında əməyi olan bütün müəllimləri təbrik edib. Vətənimizin azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan, müəllim adını şərəflə daşıyaraq rəhmətə gedən təhsil işçilərinin əziz xatirəsi də bir dəqiqəlik sükutla yad edilib.
Tələbələr çıxışlarında bildiriblər ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.
Ulu öndərimiz Heydər Əliyev müəllim əməyinə yüksək qiymət verərək demişdir:
“Biz hamımız əldə etdiyimiz naliyyətlərə, bütün varlığımıza görə müəllimlərə borcluyuq”. Bu kəlam tələbələrin diqqətinə o məqsədlə çatdırılır ki, gələcəkdə Azərbaycanın inkişafı və yüksəlişi naminə daha əzmlə çalışsınlar, dərslərə məsuliyyətlə yanaşsınlar, müəllimlərin tapşırıq və tövsiyələrini yerinə yetirsinlər, ixtisaslarını dərindən bilən mütəxəssislər kimi yetişərək xalqımıza və cəmiyyətimizə xidmət göstərsinlər.
Elmir Ağayev


