Etimad qazanana uğur diləyirik       

 

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi, eləcə də seçkilərin 2024-cü il sentyabr ayının 1-nə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2024-cü il tarixli Sərəncamına uyğun olaraq, ölkə ərazisində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə təşkil  olunmuş 125 Dairə Seçki Komissiyasında Milli Məclis üzvlüyünə seçkilər keçirildi.

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə İsmayıllı rayonu 89 saylı seçki dairəsi üzrə seçkilər qanunauyğun şəkildə keçirilmiş, narahatlıq doğuracaq heç bir hadisə baş verməmişdir.

DSK-dan əldə etdiyimiz məlumatlara görə rayonda təşkil olunmuş 61 məntəqə seçki komissiyasında seçkilər səsvermə hüquqlarından istifadə ediblər. Seçki məntəqələri üzrə seçici siyahılarında olan seçicilərin ümumi sayı 50496 nəfər olub. Bunlardan 145 nəfəri  əlavə seçki siyahılarına daxil olunanlardır. Seçki müddətində qeydiyyatdançıxma vəsiqəsi ilə səsverənlər və  korlanmış seçki bülletenləri olmamışdır. Dairə seçki Komissiyasının məntəqə seçki komissiyalarına verdiyi bülletenlərin sayı 50351, səsvermə otaqlarından kənarda səsverənlərin sayı isə 332 nəfər olmuşdur. İstifadə edilmədən ləğv olunan bülletenlərin sayı 31006 ədəd olmuşdur. Seçki qutularında olan bülletenlərin ümumi sayı 19344 olmuşdur. Bunlardan 332 bülleten daşınan qutuların payına düşür.

Etibarsız hesab olunmuş səslərin sayı 49 olmuşdur. Bu rəqəmin aşağı olmasını seçicilərin seçki təcrübəsi və mədəniyyətinin artması kimi də qəbul etmək olar.

Beləliklə, seçki gününün sonunda 89 saylı İsmayıllı seçki dairəsi üzrə etibarlı hesab edilən 19295 səslə  7 nəfər namizədin qatıldığı seçki marafonu  başa çatmışdır. Nəticədə seçicilərdən 6502 nəfərin səsini Allahverdiyeva Xavər Şahı qızı, 10682 nəfərin səsini Aslanov Novruzəli Davud oğlu, 654 nəfərin səsini Bağırlı Rəhim Cahid oğlu, 398 nəfərin səsini Dadaşov Niyazi Süleyman oğlu, 283 nəfərin səsini Ələsgərov Səyahət Qurbanalı oğlu, 239 nəfərin səsini Həmzəyev Şakir Ağasəf oğlu, 537 nəfərin səsini isə Həsənova İlhamə Seyfəli qızı qazanmışdır.

Qazandığı 10682 seçici səsi ilə Aslanov Novruzəli Davud oğlu yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilmişdir.

Vətənimizin çiçəklənməsi, soydaşlarımızın firəvan yaşaması naminə xalqın etimadını qazanmış deputatların hər birinə, o cümlədən Aslanov Novruzəli Davud oğluna seçicilər adından uğurlar diləyir, bu şərəfli işdə ona yaddaqalan nailiyyətlər qazanmağı arzu edirik.

Namiq Kərimov,

89 saylı İsmayıllı Dairə Seçki Komissiyasının sədri

Şərh Yaz