Qəhrəman leytenantın şərəfli ömür yolu       

Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Səmədov Elnur Sədaqət oğlu 2022-ci il sentyabr ayının 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı qəhrəmancasına şəhid olub.

2 orden, 11 medalla şəhidlik zirvəsinə ucalan cəsur leytenant Elnur Səmədovun İsmayıllı şəhərində, yaşayıb boya-başa çatdığı, unudulmaz adının verildiyi küçədə xatirəsini əbədiləşdirən abidə kompleksinin açılışı olub.

Açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin döyüşçü dostları, məktəblilər iştirak ediblər. Tədbirdə çıxış edənlər qəhrəman leytenantın keçdiyi şərəfli ömür yolundan bəhs ediblər. Məktəblilər hərbi-vətənpərvərlik ruhlu şeirlər söyləyiblər. Şəhidin valideynləri onlara, ümumilikdə şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarlıq ediblər.

Məlumat üçün bildiririk ki, Elnur Səmədov 1988-ci il martın 11-də İsmayıllı şəhərində ana­dan olub. İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli məktəbi və Sumqayıt Dövlət Universitetinin “Avtomatika və idarəetmə” fakültəsini bitirib. 2009-cu ildə hərbi xidmətə yollanıb. Xidməti başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin tərkibində təlim kurslarına cəlb olunaraq gizir rütbəsi almışdır. 2016-cı ilin aprel dö­yüşlərində iştirak etmişdir. Göstərdiyi şücaətlərə görə “Cəsur dö­yüşçü”, “Qüsursuz xidmətə görə” medalları və “Azərbaycan Res­publikasının Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi” medalı ilə təltif edilmişdir. Elnur Səmədov 2020-ci ildə Vətən müharibəsin­də də qəhrəmanlıqla vuruşmuşdur. “Azərbaycan Bayrağı” or­deni, “Cəbrayılın azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiq­yaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Sumqayıt şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən son­ra “Vətən uğrunda” medalı və 3-cü Dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

İsmayıllı xəbərləri”

Şərh Yaz