Yüksək balla tələbə adını qazananlarla görüş     

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı Rayon Təhsil Sektoru üzrə 600 bal və daha yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib.

Görüş öncəsi ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Abidə önünə tər güllər düzülüb. Tələbə adını qazanmış gəncləri uşaq bağçalarının fidanları gül dəstələri ilə təbrik ediblər.

İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə 2023-2024-cü tədris ilinin yekunları haqqında qısa məlumat verilməzdən əvvəl torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, bu il rayonun ümumtəhsil məktəblərinin 11-ci siniflərini 765 nəfər məzun bitirib. Onlardan ali məktəbə qəbul olanların sayı 400 nəfərdir, o cümlədən 12 nəfər Qarabağ Universitetinə qəbul olunub.

Məktəbi bitirən məzunlardan  5 nəfər qızıl medal, 8  nəfər isə gümüş medala layiq görülüb. Ali məktəbə qəbul olan 400 tələbədən  57 nəfəri 500-dən yuxarı, 30 nəfəri 600-dən yuxarı bal toplayıb. Rayon üzrə ən yüksək nəticəni Təzəkənd kənd tam orta məktəbinin şagirdi Bədəlova Nərgiz Cəlal qızı (685,1 bal) göstərib.

Tədris ilində fənn olimpiadasının respublika mərhələsində şəhər ümumtəhsil məktəblərindən 813 nəfər iştirak edib, onlardan 6 nəfər qızıl, 8 nəfər gümüş,  3 nəfər isə bürünc medala layiq görülüblər.

Bütün bu uğurlar Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin və genişmiqyaslı inkişaf proqramının bir hissəsidir. Ölkə rəhbərinin yüksək diqqət və qayğısı sayəsində rayonun təhsil ocaqlarında cari təmir, bərpa işləri aparılır, məktəblərimiz yeni avadanlıqlarla təchiz edilir.

Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən Həmid Qasımov, İsmayıllı Rayon  İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, başçının İctimai-siyasi, humanitar məsələlər üzrə müavini Sevil Əhmədova, İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, məktəb direktorları, valideynlər və yüksək uğur qazanmış şagirdlər iştirak edib.

Görüşdə çıxış edən natiqlər yüksək bal toplayan məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

Tədbirin sonunda, yüksək balla tələbə adını qazanan məzunlara İsmayıllı Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub. Sonda xatirə şəkilləri çəkilib.

Ülviyyə Zeynalova,

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Təhsil Sektoru üzrə məsul əməkdaşı

 

 

Şərh Yaz