Rəqabətli insan kapitalı formalaşır
Dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir. Ölkə başçısı tərəfindən qarşıya qoyulan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində texniki peşə təhsili ümumi təhsilin tərkib hissəsi olmaqla, həm də ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı sahədir. Keyfiyyətli texniki peşə təhsili fərdin peşəkar sahədə elmi-texnoloji biliklərini genişləndirir. Odur ki, dövlət səviyyəsində peşə təhsilinin inkişafına istiqamətlənmiş tədbirlər əhalinin fəal hissəsinin yerli və beynəlxalq əmək bazarındakı dəyişikliklərə müvafiq reaksiya verməsinə imkan yaradır.
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində əsasən regionda yerləşən turizm və sənaye müəssisələrinə uyğun dərslər və təlimlər keçirilir. Mərkəzin direktoru Cəlil Bağırov bildirdi ki, mərkəzdə sahibkarlıq müəssisələri və steykholderlərlə sıx əməkdaşlıq qurulmuşdur. Çalışırıq ki, gələcək əmək bazarının ehtiyaclarının öyrənilməsi və tələbələrin iş ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq sahibkarlıq müəssisələrinə təlim-təcrübə səfərləri təşkil edək. Basqal Resort&Spa Hoteli ilə əməkdaşlıq çərçivəsində “Mehmanxana və restoran işinin təşkili və idarəedilməsi” yüksək texniki peşə ixtisasının və “IT Helpdesk” ixtisasının tələbələri üçün təcrübə səfəri təşkil edilib.
Mərkəzin tərəfdaşlığı ilə “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən virtual məşğulluq mövzusunda seminar keçirilib.
Seminar zamanı “remote iş” – evdən işləmək bacarıqlarının inkişaf etdirilməsi üçün gənclərin xarici və yerli şirkətlərə, platformalara müraciət etməsinin zəruri qaydaları və bazar araşdırmaları haqqında məlumatlar verilib.
Mərkəzə Basqal qəsəbə tam orta məktəbinin şagirdləri, valideyn və müəllimlərin səfəri olub. Ümumilikdə 12 ziyarətçinin iştirak etdiyi infoturda arıçılıq, turizm təşkilatçısı, turizm sahəsində iaşə və servis mütəxəssisi, aşpaz, dərzi, geyim üzrə dizayner, veb-dizayner, qrafik dizayner, IT Helpdesk, xalçaçı, elektrik-qaz qaynağı, genişprofilli traktorçu-maşinist, aqroservis ixtisaslarının emalatxanaları və Mərkəzin digər funksional otaqları ilə tanış olublar.
Mərkəzdə “arıçılıq” və “arı xəstəlikləri”, “fərdi təsərrüfatlarda ana arı yetişdiriciliyi” mövzusunda regional konfrans keçirilib. Konfransda “arıçılıq” ixtisasında təhsil alan tələbələr, məzunlar və 20 rayondan arıçı-sahibkarlar iştirak edib.
Dövrün tələbatına uyğun olaraq mərkəzin turizm təşkilatçısı və turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisasının tələbələri həftə sonunun yaddaqalan olması üçün Mingəçevir şəhərinə ekskursiya təşkil edilib. Onlar Mingəçevir şəhərində tarix-diyarşünaslıq muzeyində, su-elektrik stansiyasında (SES) olub, Kür çayında qayıq gəzintisi edib və Mingəçevir Su Anbarına səfər ediblər.
Mərkəz qarşılıqlı əməkdaşlıq çərçivəsində ilk dəfə Castle Resort&Spa Hoteldə turizm və xidmət sahəsində təqaüdlü təcrübə proqramına başlayıb. Turizm və digər ixtisaslar üzrə təhsil alan 11 nəfər tələbə bu hoteldə 3 ay təqaüdlü təcrübə keçmək şansı əldə ediblər. Qarşılıqlı razılaşmaya əsasən təcrübənin sonunda isə işlə təmin ediləcəklər.
Mərkəzin məzunlarının işi ilə bağlı görülən layihələrdən danışan direktor qeyd etdi ki, 58 işəgötürən müəssisə ilə birgə əməkdaşlıq çərçivəsində 12 ixtisas üzrə istehsalat təcrübəsi uğurla davam etdirilib. Regionda fəaliyyət göstərən tərəfdaş işəgötürənlərin iştirakı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Usta yanında şagird” layihəsi çərçivəsində Dual peşə təhsili proqramının effektivliyinin ölçülməsi məqsədilə keçirilən dəyirmi masada təmsil ediliblər. Harvard Universitetinin məzunu, Sabis SUN Beynəlxalq Məktəbinin qurucusu prof. dr. Ali Tatlı və peşəkar təlimçi Elnarə Cabbarovanın iştirakı ilə seminar olub.
Mərkəzdə Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən “Qərbi Azərbaycanın şirin inciləri” qrant layihəsi çərçivəsində Gənc Kulinarların VI Respublika Çempionatı keçirilib.
Müsabiqədə tələbələr 40 adda Qərbi Azərbaycan şirniyyatlarını hazırlayaraq sərgiləyiblər. Mərkəzdə 35 nəfər iştirakçıya, o cümlədən işəgötürən müəssisənin nümayəndələri, müəllim, usta, tələbəyə Qərbi Azərbaycan şirniyyatları üzrə ustad dərsi təqdim edilib.
COP29 çərçivəsində “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda təqdimat, dəyirmi masa və mütəmadi maarifləndirmə sessiyası keçirilib.
“Kənd yerlərində gənclərin karyera və şəxsi inkişafına yardım” layihəsi çərçivəsində könüllülər üçün təlimlər təşkil olunub.
Mərkəzdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gənclər İnkişaf Naminə İctimai Birliyinin təşəbbüsü ilə “Qarabağda İctimai Vəkillik Platforması” adlı tədbir də baş tutub.
Mikayıl NƏRİMANOĞLU,
“Respublika”, 11 sentyabr 2024-cü il