Dörd mükafatı birdən qazanmış Nərgiz
M.Əzimov adına Təzəkənd kənd tam orta məktəbində “Ana” və “Cahan” mükafatlarının təqdimat mərasimi keçirilib.
Professor Nizami Cəfərovun anası Badam xanımın adına təsis etdiyi “Badam” mükafatı, iş adamı Yaşar Məhərrəmovun anasının şərəfinə təsis etdiyi “Şamama” mükafatı və şəhid Cahan Məmmədzadənin anası İlhamə xanımın şəhid oğlu Cahan Məmmədzadənin adına təsis etdiyi “Cahan” mükafatı məktəbimizin ən çox bal toplamış, builki məzunu Bədəlova Nərgiz Cəlal qızına təqdim olunub.
Qeyd edək ki, Nərgiz Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə hamıdan çox – 685 bal toplayaraq rayonumuzun görkəmli maarifçisi Fərman Bəşirovun adına təsis olunmuş “Bəşirov” mükafatına da layiq görülüb.
Dörd mükafatı birdən qazanmış Nərgizi və tələbə adı almış bütün məzunlarımızı ürəkdən təbrik edirik.
Tədbirdə həmçinin akademik Nizami Cəfərovun müəllifi olduğu “Ömürlərə köçmüş yüz il” adlı kitabın təqdimatı da baş tutub. Öz anasına, el-obasına, məktəbinə, soy-kökünə hədsiz bağlılığını bu kitab vasitəsilə nümayiş etdirən professorun şəxsi nümunəsi tədbirdə iştirak edən şagird və məzunlar üçün çox gözəl örnək olub.
“İsmayıllı xəbərləri”