Layiqli namizəd qalib oldu
01 sentyabr 2024-cü il tarixə çevrildi. Həmin gün Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərində seçicilər layiqli bildikləri namizədə səs vermək üçün seçki məntəqələrinə gələrək növbəti beş il üçün ölkənin inkişafına yaşadıqları ərazidə mövcud problemlərin həllinə çalışacaq namizədə səs verdilər. Ölkədə yeddinci dəfə keçirilən parlament seçkiləri baş tutdu. Bu seçki müşahidəçilər tərəfindən Azərbaycan demokratik dəyərlərinin inkişafında, seçki təcrübəsinin formalaşmasında əhəmiyyətli bir mərhələ kimi də dəyərləndirildi.
Seçki günü İsmayıllı rayonunun 89 saylı seçki dairəsindən Milli Məclis üzvlüyünə keçirilən seçkiləri izləmək üçün şəhərdəki məntəqələrə üz tutduq. Saat 10:00-da 2 saylı şəhər seçki məntəqəsində olduq. Məntəqənin sədri Gündüz Qədirov hələlik 72 nəfərin səs verdiyini qeyd etdi. Seçici Aydın Umudovun təəssüratlarını öyrəndik. O dedi ki, sərbəst seçim etdim. İnanıram ki, qalib gələn namizəd faydalı işlər görə biləcəkdir.
İsmayıllı şəhər 3 saylı seçki məntəqəsində saat 10:35-də olduq. Məntəqə sədri Xalıq Xalıqov həmin vaxta 86 nəfərin səsvermədə iştirak etdiyini, seçici axınının qənaətbəxş olduğunu bildirdi. Seçici Əmrah Hüseynov ən layiqli namizədə səs verdiyini söylədi. Məntəqədə diqqət çəkən ən maraqlı hadisə həmin gün toy mərasimləri olan cütlüyün bərabər gələrək, öz seçimlərini etməsi olub.
6 saylı seçki məntəqəsinin sədri Elvüsal Babayev 10:50-dək 93 nəfər seçicinin səsvermədə iştirak etdiyini dedi. Seçici Fəxrəddin Nəsrullayev işgüzarlığı ilə seçilən, şəhər sakinləri arasında nüfuzu olan namizədə səs verdiyini vurğuladı.
5 nömrəli tam orta məktəbdə yerləşən 5 saylı seçki məntəqəsinin sədri Elçin Məmmədovdan öyrəndik ki, saat 11:10-dək 107 nəfər səs verib. Seçici Fərman Dəmirov seçkinin demokratik şəraitdə keçdiyini dedi. O bildirdi ki, ismayıllılar bu gün öz gələcəklərinə səs verirlər. Seçicilər bilirlər ki, Milli Məclis nüfuzlu bir orqandır. Bu orqana nüfuzluların seçilməsi xalqın, ölkənin gələcəyinə, inkişafına xidmət edir. Bu seçki mövcud fəaliyyəti daha da gücləndirəcəkdir.
11 saylı məntəqə seçki komissiyasında məntəqənin sədri Lətifə Həmidova 11:35-dək 103 nəfərin səs verdiyini bildirdi. Seçici axınının qənaətbəxş olduğunu söylədi.
13 saylı seçki məntəqəsinin sədri Hidayət Muradovdan aldığımız məlumata görə saat 11:50-dək 117 nəfər səsvermədə iştirak edib.
Şəhərin 1 saylı seçki məntəqəsində də olduq. Saat 12:25-dək 136 nəfər seçicinin səsvermədə iştirak etdiyini öyrəndik. Seçki məntəqəsinin sədri Nəriman Alıyev bildirdi ki, səsvermə prosedur qaydalara əməl olunmaqla gedir. Seçkinin müvəffəqiyyətlə başa çatacağına tam əminik. Müşahidəçilər seçkinin gedişində heç bir qanun pozuntusu müşahidə olunmadığını bildirdilər. Hər kəs özü, müdaxiləsiz səs verir. Məntəqədə yaradılmış demokratik, şəffaf və aşkar şəraitdən razıyıq.
Günün ikinci yarısında şəhərin digər seçki məntəqələrində olduq, kəndlərdəki seçki məntəqələrindən bir neçəsi ilə telefon əlaqəsi saxladıq. Seçkilərin normal şəraitdə keçməsi barədə məlumatlar aldıq.
Müşahidələrimizə və aldığımız məlumatlara əsaslanıb qeyd edə bilərik ki, İsmayıllı rayonunun bütün seçki məntəqələrində seçkilər fəallıq, aşkarlıq və demokratiya şəraitində keçib.
P.S. Seçki başa çatdıqdan sonra Milli Məclisin üzvü olmaq üçün kifayət qədər səs toplaya bilən namizədin Aslanov Novruzəli Davud oğlu olduğu açıqlandı. Güman edirik ki, seçicilər öz seçimlərində yanılmayıblar. Bu səbəbdən də Ölkəmizin daha da qüdrətləndirilməsi, gücləndirilməsi sahəsində məqsədyönlü qərarların qəbulunda seçilən Milli Məclis üzvünə uğurlar və müvəffəqiyyətlər arzulayırıq.
“İsmayıllı xəbərləri”