Hər bir fərd şəxsiyyət kimi yetişməli       

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM), “Azad həmfikirlər” Gənclərin Maarifləndirilməsi ictimai birliyinin birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənc ailələrdə uşaqların zorakılıqdan müdafiəsi” mövzusunda gənc valideynlərin, psixoloqların və müəllimlərin iştirakı ilə maarifləndirici görüş təşkil olunub.

Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəhruz Xələfov, mərkəzin direktoru Lətifə Əliyeva, Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru, polis mayoru Rahim Orucov, İctimai Birliyin sədri Samirə Mustafayeva, birliyin eksperti, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova mövzu ilə bağlı çıxış ediblər.

Qeyd edilib ki, zorakılığa məruz qalan uşaqlarda bir sıra ciddi problemlər yaranır. Həmçinin, uşağın zorakılığa olan reaksiyası onun yaşından, inkişafından asılı olub bəzən tez, bəzən də müəyyən müddət sonra özünü bu və ya digər şəkildə biruzə verir. Zorakılığa məruz qalan uşaqlarda dərslərində geriləmə, fokuslana bilməmə, ünsiyyət problemləri yaşanır. Bu kimi halların baş verməməsi üçün hər bir fərd şəxsiyyət kimi yetişməli, öz mənliyi, şəxsiyyətini dərk etməli, öz hüquqlarını bilməli, azad fikir, azad düşüncə aşılanmalıdır. Məhz buna görə də uşaqlara kiçik yaşlardan hüquq və vəzifələri öyrədilməlidir.

Tədbir diskussiya şəklində davam edib. Mövzu ilə bağlı videoçarx izlənilib.

Xatirə Bağırova

Şərh Yaz