Qəhrəmanlıq tarixini yazan, adı qürurla anılan igidlərdən biri…
Müasir Azərbaycanın qəhrəmanlıq tarixini yazdılar. Ömürlərinin ən gözəl çağında, gənc yaşında bütün arzularının, sevgilərinin, ümidlərinin önündə vətəni tutaraq döyüş meydanına atılan, otuz ilə yaxın Qarabağı işğal altında saxlayan Ermənistan silahlı qüvvələrinə qarşı ön cəbhədə cəsarətlə, şücaətlə vuruşan oğullar… İkinci Qarabağ müharibəsində sinələrini işğalçı düşmənin atdığı güllələrə sipər etdilər ki, vətən torpaqları əsarətdə qalmasın.
Onların hərəsi bir ailənin ümidi, çırağı idi. İkinci Qarabağ müharibəsində vətənin ümidi oldular. Qarabağ torpaqlarını qəsbkarlardan xilas etdilər, azadlıq işığını yandırdılar… Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Ramal Aydın oğlu Musayev də Azərbaycanımızın qürurlu, fəxri olan həmin qəhrəmanlardan biridir. O, hələ uşaq ikən hərbiçi olmaq istəyirdi, oldu da… O, uşaqlıqdan dağlar kimi vüqarlı idi…
Ramil Aydın oğlu Musayev 1991-ci il may ayının 6-da İsmayıllı rayonunun Günəşli adlanan qəsəbəsində anadan olmuşdur. İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin məzunudur. Məktəb illərində idmana böyük maraq göstərmiş, bir neçə idman növü ilə məşğul olmuşdur. “Şahin” hərbi oyunlarında oxuduğu məktəbi təmsil edərək yüksək nailiyyətlər qazanmışdır. Məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Dövlət Sərhəd xidmətində hərbi xidmətini keçmişdir. Hərbi xidmətini bitirdikdən sonra hərb sənətinə olan həvəsinə, bir də vətən sevgisinə görə yenidən ordu sıralarına qayıtmışdır. Üç il Azərbaycan Silahlı Qüvvələrində xidmət etdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) kurslarına yazıldı. Xidməti dövründə peşəkarlığı və vətənpərvərliyi ilə daim seçildi.
2013-cü il 23 avqust tarixində Gürcüstanda təlimlərdə iştirak edərək sertifikatla mükafatlandırılmışdır.
2018-ci ildə Türkiyədə verilən tapşırıqları şərəflə yerinə yetirdiyinə görə birinci ordu TKM komendanlığı tərəfindən yeni sertifikatla təltif olunur. Kiçik çavuş rütbəsinə layiq görülür.
2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubley medalı təltif olunur.
2019-cu ildə 28 May-Respublika günü münasibətilə döyüş və ictimai-siyasi hazırlıqda yüksək nailiyyətlər əldə etdiyinə və nizam-intizamı ilə seçildiyinə görə Fəxri Fərmanla mükafatlandırılır.
Ramil Musayev 2016-cı il aprel döyüşləri zamanı döyüşlərdə iştirak etmiş, xüussi qəhrəmanlıq göstərmişdir. Goranboy və Talış kəndi istiqamətində vuruşmuşdur. Lələtəpə uğrunda gedən döyüşlərdə təcrübəli kəşfiyyatçı olduğunu bir daha sübut edərək öz döyüş yoldaşlarını təhlükəsiz cığırla mühasirədən çıxarmışdır.
Bu fərəhli anlar və layiq görüldüyü mükafatlar Ramilə sonsuz sevinc bəxş etməklə yanaşı, hərbi bacarığını təkmilləşdirməyə də həvəsləndirirdi.
Qəhrəmanlıq tarixi yazan, adı qürurla anılan igidlərdən biri idi Ramil. Ailəsinə -ata və anasına çox bağlı idi. Harda olursa-olsun, onları düşünür, qayğılarına qalmağa çalışırdı. Ancaq nə ata-anasına, nə də ailə qurduqdan sonra həyat yoldaşına işləri barədə məlumat vermirdi. Daha doğrusu, xidmətdə olduğu yerləri hərbi sirr kimi saxlayırdı.
Vətənpərvərliyi, yurdsevərliyi, mərdliyi, qorxmazlığı ilə əsgər yoldaşlarının, komandirlərinin rəğbətini qazanmışdı Ramil. O, vətənini müqəddəs bilir, onu göz bəbəkləri kimi qorumağı özünə şərəf bilirdi. O, həmişə deyərdiki, vətən hissi, sevgisi elə hisslərdir ki, o insana cəsarət verir, çətin məqamlarda, təhlükə qarşısında qalanda canını deyil, vətənin müqəddəratını düşünməyə, yeri gələndə, düşmən güllələrinə sinəsini sipər etməyə vadar edir.
Ramil bacarıqlı, işgüzar, zəhmətkeş böyümüşdü, hər yerdə özünə hörmət qazanar, hər sözünün, hərəkətinin yerini bilərdi. Ən böyük arzusu işğalda olan torpaqlarımızın azadlığı idi… Vətəni qoruyanda, sevəndə vətən olur, deyirdi Ramil. “Vətən” və “vətənpərvərlik” anlayışı Ramil üçün müqəddəs idi. Onda Tomris mərdliyi, Cavanşir yenilməzliyi, Babək cəsarəti, Nəsimi qətiyyəti və Mübariz kimi neçə-neçə qəhrəmanımızın fədakarlığı var idi.
Yaranmış hadisələr sübut edir ki, qəhrəmanlıq tarixinin səhifələri təkcə mürəkkəblə deyil, qanla da yazılır. İnsan qəlbini vəcdə gətirən qəhrəmanlıqdan bəhs edən əsərləri ötəri oxumaq olmur. Onlar zərrə-zərrə canımıza hopduraraq, ondan güc alaraq yeni uğurlara, qələbələrə doğru gedirik. Sabahlara uzanan yollara inamla və vüqarla addımlayırıq. Bax, elə Ramil haqqında yazılan xatirə toplusu “Qəhrəmanın şəhadəti” kitabı da beləcə işıq üzü gördü. Ramilin ürəyində, qəlbində həmişə vətən sevgisi olub, ürəyi həmişə Vətən deyib, onun ürəyi vətənpərvərlikdən yoğrulmuş qəhrəmanlıq hissləri ilə dolu olub. Elə bu səbəbdən bu kitab işıq üzü görüb. Ramil cəmi 29 ilini elə yaşayıb ki, bütün gələcək nəsillər onunla fəxr edəcək, öyünəcək. Adını, xatirəsini həmişə ehtiramla və böyük sevgi ilə çəkəcəklər…
Haşiyə: XTQ giziri – şəhid Ramil Aydın oğlu Musayev haqqında xatirə toplusu “Qəhrəmanın şəhadəti” kitabının ərsəyə gəlməsində kıtabın ideya müəllifi Məhəmməd Musayevə dərin təşəkkürümüzü bildiririk.
Təvazökarlıqdan uzaq olsa da, doğurdan da, əsgər və zabitlərimizin 44 günlük vətən müharibəsindəki şücaəti kitablara sığmaz. Hərəsi igidliyi ilə bir tarix yazdı…
Müzəffər Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizin azad edilməsi üçün zəfər yürüşünə çıxanda Ramil də ön cəbhədə idi. Kifayət qədər hərbi təcrübəsi olan Ramil Cəbrayıl rayonu uğrunda gedən ölüm-dirim savaşının ən odlu nöqtəsində idi. Cəbrayıl rayonunun bir çox kəndləri işğaldan azad edilmişdi. Yeni mövqelərin düşməndən alınması uğrunda gedən döyüşlərdə mərdlik, şücaət nümayiş etdirməklə vuruşurdu. Dünya hərb tarixində görünməmiş döyüş taktikasından məharətlə istifadə edən cəsur əsgərlərimiz özlərini yenilməz hesab edən erməni quldurlarının canına vəlvələ saldılar. Düşmənlər döyüş mövqelərini, silah və sursatlarını atıb qaçdılar.
Ramilin arzuları böyük idi. O deyirdi ki, bu problemi biz hərbiçilər həll etməliyik, gələcək nəsillərə saxlamamalıyıq. Bu məsələni hərbi yolla həll edəcək qədər cəsur döyüşçülərimiz var …
…Amansız müharibə imkan vermədi ki, arzuları çin olsun. O, Şuşanın azad olunmasını istəyirdi. O yerlərdə gəzmək, öyünmək istəyirdi. Amma ruhu bunu duydu, şad oldu…
Ramil 2020-ci ilin oktyabr ayının 3-dən 4-nə keçən ərəfədə şəhidlik zirvəsinə ucaldı… Doğulub boya-başa çatdığı İsmayıllıya Azərbaycan bayrağına bürünüb döndü.
Tanrı yaxşını yaxşıya calayanda, dünya daha da gözəlləşir, cənnətə dönür. Sən dörd ildir ki, haqq dünyasındasan. Sənin gül üzlü oğul övladın, balaca Ramil, qanını adını daşıdığı üçün daha vüqarlıdır. Yaxınların, doğmaların daha əzizdir. Sən əbədi bahar olan cənnətində rahat-rahat gəz, dolan. Bil ki, səni vətən, xalq sevir, səni yaxınların, dostların, əzizlərin, ən çox üzünü görməyib, adını bağışladığın balan –Ramilini sevir…
Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə şəhid Ramil Aydın oğlu Musayev ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Şücaətə görə” medalı ilə təltif olunmuşdur.
Xatirələrdə cəsur döyüşçü kimi qalan Ramilin anası Nəsibə ana söhbətə qoşulur:
-Dərddən, oğul həsrətindən qubar bağlayan ürəyim sözlə doludur. Danışmaq, ürəyimi boşaltmaq istəyirəm. Elə bilirəm Ramil haqqında bir az yüküm yüngülləşər. Ancaq alınmır, dərd içimi parçalayır. Var olsun xalqımız, sağ olsun Ramilin dost-tanışları, yoldaşları, minnətdaram qohumlarıma. Aradan 4 il keçməsinə baxmayaraq bu gün də bizi tək qoymurlar, axtarırlar, bizə gəlib Ramillə bağlı xatirələrindən danışırlar. Bu gün şükür ki, firavan ölkədə yaşayırıq. İnşallah ölkəmiz, dövlətimiz bundan da gözəl, yaxşı olacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, Ali Baş Komandanımızı qorusun!
Ramil Aydın oğlu Musayevin uğrunda şəhid olduğu torpaqlarımız bu gün azaddır. İndi o yerlərdən mənfur düşmənin izləri də silinir. Tarix isə silinməyəcək. İkinci Qarabağ müharibəsi də unudulmayacaq. Azərbaycan xalqı böyük Zəfərin qürurunu ona yaşadan Ramil kimi qəhrəmanları hər zaman minnətdarlıqla anacaq… Sözümü şeirimlə bitirirəm!
Arzusunu, eşqini,
Vətənə bəxş edən kəs.
Səni min illər keçə,
Vətən unuda bilməz.
Həyatın ana yurdu,
Tökülən al qanındır.
Məzarın əbədiyyət,
Ürəklər məkanındır.
Həyatı tərk etmisən,
Həyat yaşasın deyə.
Ölümünlə çatmısan,
Əbədi ölməzliyə
Hacıməmməd Məmmədov