Dünyanın sirri var, sözü var səndə  

Yerimiz, yurdumuz – orta əsr şəhərləri:

 

Avtobus Girdiman çayının əzəmətli körpüsündən keçib dağlara qalxandan nəzərini füsünkar mənzərədən ayıra bilmirsən. Dağların döşünə səpələnmiş kəndlər, boğaz göynədən dağ havası, bir-birinə arxa durmuş dağlar insanı ovsunlayır.
Həsənxan dağından “Ağ yola” burulanda, yayın qorabişirən çağında belə hava, birdən-birə dəyişir, Əmrəki meşəsinin sərin mehi qəlbini oxşayır. Meşəliklər seyrələ-seyrələ aşağı enib talalara qovuşur. Xalq sənətkarlarının ulu məskəni Basqal görünür.
Şirvanın ən səfalı bir sahəsində yerləşən Basqal ta qədimdən öz sənətkarları ilə Azərbaycanın iqtisadi həyatında mühüm rol oynayır. Kənd XVI-XVII əsrlərdə toxuculuq mərkəzlərindən biri hesab olunurdu. Burada müxtəlif növ qanovuz, kəlağayı, yorğanüzü, çarşab toxunurdu. XIX əsrin ikinci yarısında Basqal toxucuların bir sıra beynəlxalq sərgilərdə iştirak etmişlər. 1862-ci ildə Londonda keçirilən Ümumdünya sərgisində basqallı Nəsir Abduləziz oğlu nümayiş etdirdiyi yüksək keyfiyyətli nəfis kəlağayı və ipək yorğanüzüyə görə sərginin gümüş medalına layiq görülmüşdür.
Basqalın Qoşabulaq, Kələküçə, Dərəməhəllə, Xarabiyan məhəllələrini gəzərkən hər yerdə o vaxtkı şəhərə məxsus qaynarlığın şahidi olursan. Küçələr hamar, yastı daşla döşənmişdir. Orta əsrlərdə tikilən qədim yerin özünəməxsus mədəniyyətinin, həyat tərzini sübut edən Kürəbənd şəbəkəsi (kanalizasiya) bu gün də fəaliyyətdədir. Baş verən zəlzələlər, ağır nəqliyyat növlərinin üstündən keçməsi onun ritmini pozmayıb.
Kələküçə məhəlləsinin başlanğıcında hicri 475-ci ildə tikilmiş Əl-fəqir Şeyx Səfayi ibn Şeyx Məhəmməd məscidinin divarları görünür. Çox uzaq tarixi olan abidə 1975-ci ildə təsadüf nəticəsində yanmışdı. 1984-cü ildə abidə yenidən bərpa olunmağa başlamışdı. Binanın hörgü işləri əsasən yerli əhalinin gücü ilə başa çatdırılmış, damı örtülmüşdür. Qalan işlərin isə böyük vəsait tələb etdiyindən yarımçıq qalmışdır. Mütəxəssis əli gəzmədiyindən məscid öz əvvəlki memarlıq görkəmini itirmişdir. Bir neçə tağlı hücrə isə tez və ucuz başa gəlsin deyə ixtisara salınmışdır. Bir sözlə, binanın quruluşu təhrif olunub.
Qiymətli memarlıq abidəsi hacı Bədəl məscidi XIX əsrin əvvəllərində tikilib. Məscid və onun həyətindəki Seyyid Ümbül türbəsi 1957-ci ildə yerli əhalinin gücü ilə əsaslı təmir olunub; damının dəmiri, habelə hasarlar, minarə, minbər təzələnib. 1985-ci ildə Azərbaycan SSRİ Mədəniyyət Nazirliyinin tarixi abidələri bərpa idarəsi Hacı Bədəl məscidində bərpa işlərinə başlanılmışdır. Bərpa işləri əsasən qurtarmışdır.
Yuxarı məscidlə yanaşı, XVII əsrdə tikilmiş yaraşıqlı bağları olan hamam indi də Basqala və ətraf kəndlərə xidmət göstərir. Hamam nəbati naxışları, tağları və sütun elementlərinin dəqiq simmetriyası ilə xalq memarlıq folklorunun yüksək səviyyəsindən xəbər verir. Ulu tariximizi yaşadan abidələrin indiki vəziyyəti isə təşviş doğurur. Təcili təmir olunmasa uçub dağılacaqdır.

İnqilabdan əvvəl Basqalda istehsal olunan məmulat növləri məhdud olsa da, buranın bir neçə ölkə ilə geniş ticarət əlaqəsi olub. Yerli tacirlər Basqal ipəyinin İstanbula, Təbrizə, Parisə, Londona və dünyanın sair bazarlarına aparırlarmış.
Basqalın memarlıq planlaşdırma işlərinə ticarətin güclü təsiri olmuşdur. XIX əsrə aid bir çox mənbələrdən, həmçinin sovet hakimiyyətinin ilk onilliyində Basqalın adı şəhər, qəsəbə kimi çəkilirdi.

Hər küçədə öz tikiliş üslubu ilə fərqlənən azı üç-dörd yaşayış binası vardır. Neçə yüz il əvvəl tikilmiş, qədim sənətkarlıq nümunəsi kimi yaşayan, buz kimi şəfalı suyu olan onlarca bulaq küçələrə yaraşıq verir. Qoşabulaq, Miçgohun, Pahpahqı, Hacıcəbi bulağı, Hacının bulağı, İsa bulağı, Dambulu bulağı… Bunların hər biri müəyyən dövrün mədəniyyət tarixindən, geniş qəlbli, xeyirxah insanların xoş əməlindən xəbər verir.
Basqallılar zarafata deyirlər: “haraya gedirsən get, bazar səni özünə çəkəcək”.  Doğurdan da işdən, qayğıdan vaxt tapan kimi “bir bazara baş vurum” demək burda adətə çevrilib. Adamlar bazar meydanında üç-bir, beş-bir olub söhbət edir, sevinclərini, dərdlərini bölüşürlər.
Bazar meydanının hər yeri yastı daşlarla döşənmişdir. Ara-sıra daşların çökməsi, əyilməsi adamı məyus edir. Bazarda düz cərgə ilə tikilmiş otuza yaxın baqqal, əttar dükanları, yeməkxanalar, dəmirçixanalar, çayxanalar, tikiş emalatxanaları, misgər dükanları Sovet hakimiyyətinin ilk illərində milliləşdirilmişdir. Uzun illər xalq sənəti qiymətləndirilmədiyindən sənət növləri aradan çıxmış, buradakı gözəl binaların əksəriyyəti uçub dağılmışdır.

Meydanın görkəmi, özünə məxsus sonradan tikilən əhəmiyyətsiz binalarla təhrif edilmişdir. Bazar meydanın əvvəlki görkəmi barədə İsmayıllı rayon Partiya Komitəsinin təşəbbüsü basqallıların sevincinə səbəb oldu. Lazımi sənədlər tərtib olundu, planlaşdırma işləri aparıldı. Lakin Respublika Mədəniyyət Nazirliyi indiyə kimi həlli vacib olan bu bərpa məsələlərinə başlamamışdır.

Azərbaycan SSRİ Elmlər Akademiyası Tarix İnstitutunun baş elmi işçisi, tarix elmləri namizədi Fazil Osmanov uzun illərin tədqiqatı sayəsində müəyyən etmişdir ki, Basqal və onun ətrafı antik və orta əsr abidələri ilə zəngindir. Basqalın cənub-şərqində hələ eramızın I, II əsrlərində insan məskənlərinin olması aşkar edilmişdir.
Orta əsrlərdə isə Basqal coğrafi və relyef quruluşuna uyğun böyük iqtisadi və strateji əhəmiyyət kəsb etmişdir. Orta əsr feodal pərakəndəlikləri dövründə, həmçinin xarici işğalçıların basqınları zamanı burada yaşayış məntəqələri, eləcə də müdafiə qalaları daha da inkişaf edib genişlənmişdir. Bunlardan Basqalın cənub kənarında “Qalalar” adlanan sahə təqribən XI –XII yüzilliklərin yadigarıdır. Bu ərazidə 1960-cı ildə aparılan arxeoloji qazıntı zamanı möhtəşəm qala və şəhər xarabalıqları aşkar edilmişdir. Yer altından rəngli və rəngsiz saxsı qablar, mis sikkələr, bəzək nümunələri də tapılmışdır. Təəssüf ki, belə bir tarixi abidə kompleksi hələ də bu günə kimi kifayət qədər öyrənilməmişdir.

Basqalda toxuculuq sənəti nəsildən-nəsilə keçərək bizim günlərə qədər gəlib çatmışdır. Basqal kəlağayısı indi də qiymətləndirilir. Belə bir qədim və zərif sənət sahəsinin yerləşdiyi, həm də öz pərəstişkarlarının asanlıqla cəlb edə bilən Basqalda tarixi etnoqrafiya muzeyinin yaradılması vaxtı gəlib çatmışdır. Yerli əhalinin və məktəblilərin gücü ilə xeyli tarixi esponat toplanmışdır. Onları sistemləşdirmək, zənginləşdirməklə belə muzeyin əsasını qoymaq olar. Bu, qədim xalq sənətinin qorunub saxlanmasında və təbliğində çox xeyirxah iş olardı.

Bir növ orta əsr şəhərlərinə uyğun gələn Basqal sıx tikintisi, daş döşənmiş küçələri, tarixi ictimai binaları, sənətkarlıq alət və dəzgahları ilə yüzlərlə xarabalıqlara çevrilmiş qədim şəhərlərimizin öyrənilməsində, arxeoloq, etnoqraf və memarlarımıza  yaxından kömək üçün örnək ola bilər. Bu da xalqımızın təşəkkülü, eləcə də bir sıra sosioloji mənbələrin araşdırılmasında da müsbət rol oynayır. Babaların zəngin irsini, onların istehsal üsulunu, habelə bugünkü tərəqqimizi gənc nəslə daha qabarıq şəkildə çatdırmaq baxımından xalqımızın keçmiş həyatında rol oynamış adət-ənənələri qoruyub saxlamaq üçün muzey yaradılması xüsusi əhəmiyyətə malikdir.

Basqal bazarında, həmçinin küçə və döngələrdə, çox da böyük olmayan meydalarda keçmiş ilə bu günün ahəngdar uyuşması-telefon, elektrik və radio xətləri, damlardakı televiziya antenaları qədim Basqala müasir görkəm verir.  Lakin bunlar çox azdır.  Xüsusilə yay vaxtı tarixi yadigarlar diyarına çoxlu turist, cərrah, elm və mədəniyyət xadimi gələndə nüfuzlu qonaqları layiqincə qəbul etmək üçün heç bir şərait yoxdur. Bunun üçün bir çox problem həll etmək – geniş abadlıq işləri aparmaq, yarımçıq qalmış su şəbəkəsinin çəkilməsinin başa çatdırmaq, kiçik də olsa, mehmanxana tikmək, gələcəkdə isə turist bazası yaratmaq qədim Basqalı cavanlaşdırar. Onu daha da cazibədar edərdi. Basqalı tarixi maddi-mədəniyyət qoruğu elan etmək isə bu tədbirlərin başlıcası olardı.

Yavər Hüseynov

 

 

Şərh Yaz