Eldən gedən qəhrəmanımız
Mirzəliyev Aqil Mehman oğlu 1999-cu il avqust ayının 27-də İsmayıllı rayonunda anadan olmuşdur. 2005-2016-cı illərdə İsmayıllı rayonunda İsrail Həsənov adına 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. Məktəb illərində intellektual səviyyəsi ilə daim seçilən Aqil dəfələrlə respublika fənn olimpiadalarında, bilik və intellektual yarışlarda çempion olmuşdur. 2016-cı ildə orta məktəbi əla qiymətlərlə başa vurmuş və qəbul imtahanında 613 bal toplayaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisasına qəbul olunmuşdur. 2020-ci ildə universitetdən məzun olmuş, daha sonra isə hərbi xidmətə yollanmışdır.
Aqil Mirzəliyev hərbi xidmətinə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində başlamış və 2020-ci il sentyabr ayının 27-dən başlayan Vətən müharibəsində fəal iştirak etmişdir. O, Murovdağ, Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə şücaət göstərmişdir.
Aqil Mirzəliyev 20 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və oktyabr ayının 23-ü Şəhidlər xiyabanında dəfn edilmişdir.
Vətənin qeyrətli oğlu, Allah sənə rəhmət eləsin!
Doğmalarının, əzizlərinin, onu yaxından tanıyanların xatirələri cəmlənmiş, “Göyərçinə dönən qəhrəman” adı verilmiş, nəfis şəkildə çapdan çıxmış kitabın təqdimat mərasimi də elə Aqilin anadan olduğu gündə – 27 avqust tarixində, İsmayıllı Rayon Mədəniyyət Mərkəzində keçirilib.
“Göyərçinə dönən qəhrəman” kitabının təqdimat mərasimində rayonun əksər təşkilatlarının təmsilçiləri şəhid valideynləri, şəhidin silahdaşları, məktəblilər iştirak edib. İştirakçılar şəhidin qısa, lakin mənalı ömür yolunu işıqlandıran videoçarxa baxıblar. Zalda kövrək, qürurverici anlar yaşanıb.
Kitabın redaktoru, onun ərsəyə gəlməsində böyük zəhməti olan peşəkar jurnalist Lətifə Əliyevanın aparıcılığı ilə keçən mərasimdə çıxış edənlər ölməz şəhidin keçdiyi ömür yolundan, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən, 44 günlük Vətən müharibəsində xalqla ordunun sarsılmaz birliyindən danışıblar.
“İsmayıllı xəbərləri”
Şəhidlik ölməzlikdir
“Göyərçinə dönən qəhrəman” adlı kitabdan “Ön söz”
Önümdə yenə bir şəhid kitabı,
“Ön söz” yazmalıyam öndə olana.
Min-min ürəklərdə dünya əzabı,
Yanır… Fəxr edirəm!.. – söyləyir ana.
Neçə min yaralı, neçə min şəhid,
Qeyrəti, torpağı eylədi xilas.
Analar qəhrəman, oğullar igid,
Millət yumruq oldu, alındı qisas.
Vur! – deyən rəhbərim, əzminə alqış,
Səninlə gedirik nurlu sabaha.
Ölərik, yağıya, yada bir qarış,
Vətən torpağını vermərik daha!
Azərbaycan Ordusu – onun Ali Baş Komandanı, şəhidlər, qazilər, Vətən müharibəsi iştirakçıları haqqında fikir söyləmək o qədər qürurvericidir ki, əli qələm, dili söz tutan hər kəs bəlkə də buna görə hər zaman fürsət axtarışındadır. Bu kitaba ön sözü yazmaq təklifini alanda təkrar, hədsiz qürurlandım. Fikrimdən ilk keçən o oldu ki, bununla ən azından Vətən torpaqlarının azadlığı uğrunda can qurban etmiş, ömürlük şikəstlik qazanmış, düşmənə qan uddurmuş oğullarımızın analarına – valideynlərinə, onlara ölümlə ölməzlik qazanmağı aşılayan müəllimlərə, dar gündə bir yumruq kimi birləşməyi və o yumruqla düşmənin kinli başını əzməyi bacaran xalqıma, eləcə də əldə olunmuş şanlı Zəfərə inamla komandanlıq edən ölkə rəhbərinə minnətdarlıq edirəm.
Qarşısında baş əydiyimiz şəhid analarından biri də sevimli, unudulmaz Aqilimizin anası Aynurə xanımdır.
Əvvəllər qonum-qonşudan, qohum-qardaşdan başqa heç kimin tanımadığı anaları indi bütün Azərbaycan tanıyır. Bu analar Vətən simvoludur hər birimizçün. Odur ki, şəhid övladını torpağa tapşıran hər bir ana Azərbaycanı özünə Vətən bilib, onu övlad kimi sevənlərin anasıdır.
Bu yazımda təkrar olmasın deyə, bilərəkdən Aqilin olduqca qısa, lakin yetərincə mənalı ömür yolu barədə kövrək, unudulmaz məqamlara toxunmuram. Amma əminəm ki, kitabı oxuyan hər kəs Aqilin aqilliyinə, kamilliyinə, dəyanətinə heyran qalacaq, onun Vətənə, həyata olan sevgisinə həsəd aparacaq, onda cəmlənmiş
Vətən sevgisinə, qürura, qüdrət, qüvvət və cəsarətə sahib olmağa can atacaq.
Şəhidlik – ölməzlikdir, gözlə görünməyən, eləcə də ölçüyə gəlməyən bir ucalığı fəth etməkdir. Zaman-zaman torpaqlarımızın azadlığı və bütövlüyü yolunda şirin canlarından keçənlər yurdumuzu, torpaqlarımızı canlarından da əziz və şirin biliblər. Həyatları örnək olan insanları unutmaq Azərbaycan xalqına yad olan xüsusiyyətdir.
Gündən-günə çiçəklənən Vətənimizdə formalaşmaqda olan yeni nəsil şəhidlərin ölməz ruhunu şad etməyi özünün ən müqəddəs borclarından biri kimi qəbul edir və bu borcdan şərəflə çıxmaq üçün durmadan çalışır. Gənclərimiz yaxşı bilir ki, işğaldan azad edilmiş Vətən torpaqlarını göz bəbəyi kimi qorumaq hazırda onlara ötürülmüş estafetdir. Bugünkü suverenliyimizi qorumaq, yurdumuza göz dikənlərin gözünü kor etmək nümunəsini əldə bayraq tutmalı, Azərbaycan xalqının birlik və qəhrəmanlıq ruhunun sarsılmazlığını bütün dünyaya göstərməliyik.
Bunun üçün gördüyümüz hər işdə öncə bu Vətən yolunda can fəda edənləri düşünməli, fəaliyyətimizi onların ruhuna xoş ola biləcək yüksək səviyyədə qurmalıyıq.
Şəhid Mirzəliyev Aqil Mehman oğlu haqqında yazılmış kitaba gəlincə, əminəm ki, bu kitab sevilən, oxunduqca oxunan kitablardan biri olacaq. Bu cəhətlərini nəzərə alaraq, kitabın ərsəyə gəlməsində zəhməti və səyi olanların hər birinə kitabın müəllifi, şəhidin ailə üzvləri, yaxınları və öz adımdan minnətdarlıq edirəm.
Zaman ötüb keçir, baxmır heç nəyə,
Biz də köçəcəyik günün birində.
Tanrıya çatınca ucalsın deyə,
Şəhid kəlməsinin kökü dərində…
Şahməmməd Dağlaroğlu,
Prezident təqaüdçüsü, şair-publisist