Hər aşığın öz dövranı…  

                                 Atalar sözü

Görkəmli el aşığı haqqında yazmağa başladığım bu yazıya atalar sözü ilə giriş verməyi özümə borc bilirəm. Azərbaycan aşıqlarının arasında sayılıb-seçilən, özünəməxsus yolu, üslubu olan Tircan aşıq məktəbinin mükəmməl, bilicisi və Azərbaycan dastanlarının mahir ifaçısı, Şirvan aşıqlarının ustadı aşıq Bilalın şagirdi Aşıq Şamil Piriyev haqqında gördüklərimi, eşitdiklərimi, özünün danışdığı xatirələri yazıram.

Aşıq Şamil uca boylu, orta çəkili, qarayanız, xoşsifət bir adam idi. Üzünə yaraşan gözəl təbəssümü vardı. Səlis danışar, dastan deyəndə oradakı qəhrəmanları  elə canlandırırdı ki, sanki həmin şəxsin özüdür. Qəhrəman obrazlarını qəhrəmansayağı, acizləri aciz kimi, ürəyi sevgi ilə dolu olanları xüsusi məhəbbətlə təqdim edərdi.  Ritmə uyğun gözəl oynamaqları, çevik hərəkətləri izləyiciləri heyran edərdi. Muğam parçalarını məharətlə ifa edirdi. Gənc vaxtlarında aşıq Bilalın xanəndəsi kimi məclislərə gedərdi. Aşıq Bilalın özü də gözəl muğam ifaçısı idi. O, “Şüştər” muğamı məharətlə ifa edərdi.

Şamilə də “Şüştər” muğamını necə var öyrətmişdi. Aşıq Bilal deyərdi ki, Şamil “Şüştər”i məndən yaxşı oxuyur. Aşıq Şamil səkkiz il Aşıq Bilala şagirdlik etmişdi. Sonra ustadından xeyir-dua alıb sərbəst aşıqlığa başlamışdı.

Özümü xoşbəxt sayıram ki, yaxın keçmişin aşıqlarını görmüşəm. Aşıq Şamil, Aşıq Şakir, Aşıq Hacalı, Aşıq Məmmədağa, Aşıq Qurban, Aşıq Barat, Aşıq Yanvar və bir çoxları ilə zamandaş olmuşam. Adlarını çəkdiyim aşıqların məclislərində olmuşam.

Aşıq Şamil bizə yaxın olub. Onun həyat yoldaşı Zabitə xanım anamla xalaqızı idilər. Kəndimizin sakini  Qəmizə xanım Zabitə xanımın, həm də anamın xalası idi. O səbəbdən Aşıq Şamil tez-tez kəndimizə gələrdi. Atamla yaşıd olduğundan bizdə qalardı. Atama bacanaq deyirdi. Hər dəfə  bizə gələndə kənddə bayram olurdu. Kəndə səs yayılırdı ki, aşıq gəlib axşam məclis qurulacaq, dastan söyləyəcək.

Yaxşı xatirimdədir. Köhnə evimizin 8 metr uzunuluğu olan böyük otağına dastan gecəsinə hamı yığılmışdı. Aşıq yandakı kiçik otaqda aşıq libasını geyinib əlindəki sazla içəri girəndə hamı ayağa qalxdı. Onda aşığa belə hörmət edərdilər.

Aşıq əlini sinəsinə qoyub razılığını bildirdi. Nəzərləri ilə tamaşaçıları bir-bir süzdü. Ağalı gözünə dəymədi. Xanqulu kişi dərhal anladı ki, aşığın gözü xanəndə Ağalını axtarır. Dərhal Əlövsətə: Bala, get Ağalını götür gəl de, qavalımı da gətirsin. Əlövsət tez yerindən qalxıb çölə çıxdı. Aşıq sazını ayaq üstə, dizinə söykəyib köklədi. Hamının nəzərləri aşığa dikilmişdi. Aşıq sazı sinəsinə qoyub “Döymə Kərəmi” havasını özünəməxsus tərzdə çalmağa başladı. İfanı bitirib, üzünü tamaşaçılara çevirdi: Hansı dastanı istəyirsiniz? –  dedi. Bu dəmdə Ağalı içəri girib salam verdi. Aşıqla ayrıca, qucaqlaşıb görüşdü.

Kəndin ağsaqqallarından biri, Zərbalı kişi “Valeh”in dastanını ifa etsən, yaxşı olar, – dedi. Aşıq üzünü xanəndəyə çevirib sanki: Hazırlaş, – dedi. Sazı sinəsinə basıb oynaq bir pərşəngini özünəməxsus tərzdə ifa elədi. Ağalının çiyninə əlini ərklə vurub:  Səni gərək Aşıq Abduldan alım. Sağ ol, gözəl ifa etdin, – dedi və ustadnaməyə başladı. Ustadnaməni bitirib dastana keçdi. İlahi, deyəsən aşıq coşmuşdu  ayaqlarını yerə döyüb,  özünəməxsus bir tərzdə rəqs edirdi. Sakitlik idi. Milçək uçsa, səsini eşitmək olardı. Dastanın ortalarında növbəti dəfə ayaqlarını yerə döydüyü vaxt ayağının altında taxta qırıldı. Aşığın ayağı taxtanın arasına  keçmişdi. Müvazinətini itirib yıxılacağı vaxtda sazı əliylə havada saxladı. Qoymadı sazı yerə dəysin. Bu anda hamı qışqırdı.

Atam sınıqçı idi. Tez aşığı qaldırıb ayağını yoxladı. Aşıq sazı Ağalıya verib atamla o biri otağa keçdilər. Az vaxtdan sonra gülə-gülə qayıtdılar. Atam: Şükür Allaha, salamatlaıqdır, – dedi. Bir azca ayağı sıyrılıb, yaxşıdır. Aşıq heç nə olmamış kimi dastanı zövqlə başa vurdu.

Noyabr ayı idi. Gözəl, mülayim bir payız günü aşıq ömür-gün yoldaşı ilə bizə gəlmişdi. Aşıq bizə gələndə bizdə, hətta bütün kənddə hamı sevinirdi. Bu günki kimi yadımdadır. İki atla həyətimizə girdilər. Atdan düşdülər. Atları atam bağa aparıb örüklədi. Aşıqla Zabitə xanım həyətdəki əl-üz yuyanın yanına gələndə aşıq dilləndi. Maşallah elə bil avqust ayıdır, – deyib əl-üzünü yudu. Evdən dəsmal gətirib aşığa verdim. Aşıq üzümə baxıb, təşəkkür elədi. Zabitə xanım da əl-üzünü yudu, dəsmalı ona uzatdım. Əl–üzünü qurudandan sonra qucaqlayıb məni öpdü. Məxmər pencəyinin cibindən bir neçə saçaqlı konfet çıxarıb mənə verdi. İndikilər hardan bilsinlər ki, o saçaqlı konfetlər necə dadlı idi. Sevincək konfetləri cibimə qoyub, çölə çıxdım, uşaqların yanına getdim. Konfetləri uşaqlarla yedik. Çöldə xeyli oynayandan sonra evə qayıtdım. Atam mənə atları sulamağı tapşırdı. Atları evimizin qarşısından axan dəyirman arxında sulayıb həyətə  qayıtdım. Atamgil çay süfrəsi kənarında şirin-şirin söhbət edirdilər. Uşaqlıqdan ta bu günə qədər böyüklərin söhbətlərini dinləməkdən  xoşum gəlir.

Aşıq Şamil üzünü atama çevirib: Heç demirsən Qalacıdan qayıdanda başımıza nə gəldi? Atam ciddi səslə: Söylə görək, bacanaq.

Bilirsən də, Qalacıqda Mahmud bəyin oğlunun  toyu idi.

Bilirəm, özüm o toyda iştirak etmişdim. Yadından çıxıb?

Yox yadımdadır. Nə isə… Bir xurcun pulla çıxdıq Qalacıqdan. Təxminən ilkindi vaxtı olardı. Beş atlı idik. Qurbanəfəndini keçib, “Şirin su”ya çatmışdıq ki, yolun kənraındakı kolluqdan çıxan qaçaqlar qabağımızı kəsdilər. Beş nəfər əli silahlı atlardan düşməyimizi tələb etdi.  Bizdə də xırda silah var idi. Artıq gec idi. Bir  silah işlədə bilmədik. Cəmi iki tapançamız vardı. Nağaraçıda, dəmkeşdə silah yox idi. Mən də ömrümdə silah gəzdirməmişəm. Atdan düşdük. Beş nəfərdən biri atlarımızı götürüb, meşəyə girdi. Bu biri dörd nəfər qaçaq ciblərimizi yoxladı. Silahlarımız atın yəhərində, xüsusi yerdə gizlədilmişdi.

Dədə Əli ötkəm səslə bizə: Səbirli olun, – dedi.

Dörd qaçaqdan biri silahını şaqqıldadıb qabağa düşdü. Üç nəfərdən biri: Gedin onun arxasıyca, səsiniz çıxmasın, – dedi.

Artıq qaranlıq qarışmışdı. Meşənin içi ilə xeyli yuxarı getdik. İki dərənin arasında ocaq yanırdı, ağacların gövdəsinə bir neçə yerdə məşəl taxmışdılar. Ocağa yaxınlaşdıq. İlahi, burada kimi kabab çəkir, kimi kəfkirlə qazana baxırdı. Bir nəfər isə mütəkkəyə söykənib düz bizə baxır.  Həmin şəxs sakit bir tərzdə kimsiniz, hardan gəlib, hara gedirsiniz? – deyə soruşdu. Üzümü Dədə Əliyə çevirib sanki icazə istədim. Mən aşıqam. Məclis adamıyıq. Qalacıqdan toydan gəlirik.

-Kimin toyu idi?

-Mahmud bəyin oğlunun toyundan gəlirik, – dedim.

Mən də Qaçaq Muradam, dedi və mənalı-mənalı bizə baxdı. Deyirsiz ki, aşıqsınız. Aşıqlığınızı sübut edə bilsəniz, sizə mükafatım olacaq. Yox, sübut edə bilməsəniz. Bilirsiniz sizi nə gözləyir? – deyib əlini boğazına çəkdi. Qısası – bizi ölümlə hədələdi. Belə çətinliklərə düşəndə Dədə Əli nə desə, onu edərdik.  Bu dəmdə  mənə baxıb işarə etdi ki, ürəkli ol.

Üzümü qaçaq Murada tutub, bildirdim ki,  bütün çalğı alətlərimiz atlarımızın tərkindədir, amma bilmirik atlarımız hardadır. Qaçaq Murad üzünü qaçaqların birinə tutub:  Get, aşıqların atlarını gətir, – dedi. Beş dəqiqə çəkmədi ki, atlarımızı gətirdilər. Alətlərimizi götürüb, kökləməyə başladıq. Əli üzünü mənə çevirib: Başladıq!- dedi. Biz oynaq pərşəngini ifa etdik. Keçdik ustadnaməyə. Ustadnaməni bitirib üzümü Qaçaq Murada çevirib: Ərz etmək sizdən, ifa eləmək bizdən, – dedim. Sözümü bitirən kimi Qaçaq Murad: “Əsli və Kərəm” dastanını buyurun.

Meşənin içində toyxanada olduğumu hiss etdim. Bütün bacarığımı toplayıb dastana başladım. Dastanın təxminən yarısında gördüm Qaçaq Murad ağlayır. Bu dəmdə əlini qaldırıb: Bəsdir! – dedi. Sağ olun, aşıq olmağa aşıqsınız, özü də lap kamil aşıqsınız. Əlasındansınız. Çox sağolun! – deyib əlinin işarəsi ilə yaxına gəlməyimizi işarə etdi. Dədə Əli qabağa düşdü. Ocağın kənarında düzülmüş mütəkkələri işarə edib Qaçaq Murad oturmağımızı təklif etdi. Oturmağımızla çay gətirdilər. Çay içmişdik ki, Qaçaq Murad əlinin işarəsi ilə mənə amiranə bir tərzdə: Yanıma gəl, – dedi. Yerimdən durub Qaçaq Muradın yanına getdim. Aşıq, səni adın nədir?

-Şamil, – dedim. Hə, eşitmişəm. Doğurdan da ustad aşıqsan, – dedi. Bu dəmdə sanki hirslənmiş bir tərzdə Kərim hanı? – deyə səsləndi. Qaçaqların arasından iri bığlı, cüssəli, çiynində beşatılan tüfəng olan birisi ayağa qalxıb: Burdayam! – dedi. Qacaq Murad işarə ilə: Get, onu gətir, – dedi. Qaranlıq olduğu üçün gətirilənin hardan gətirdiyini görmədim. Kərim kisəni gətirib Qaçaq Muradın qarşısına qoydu. O kisənin ağzını açıb, üzünü mənə çevirdi. Puldur, nə qədər istəyirsən götür.

Allah sizdən razı olsun. Çox sağ olun. Atın tərkində pulumuz var, – dedim.

Qaçaq Murad zünü mənə çevirib: Dur, yanıma gəl, – dedi. Yerimdən durub dəstəbaşının qarşısında dayandım. O əlini mütəkkəsinin altına salıb, bir qızıl kəmər çıxartdı.  Yaxın gəl, – dedi, Kəməri istəməsəm də naəlac yaxınlaşdım. Kəməri belimə bağladı və gülərək:  Aşıq, elə bil ki, elə sənin üçün yaranıb. Halalın olsun! – deyib ayağa qalxdı və məni öpdü.

Təşəkkür edib: İcazənizlə gedə bilərikmi? – deyə soruşdum.  Qaçaq Murad  Kərimi səslədi: Ayə, Kərim, uşaqlardan dörd nəfəri götür, qonaqları kəndlərinə kimi ötürün, yolda ilişib eliyən olmasın. Özünüz də ehtiyat silah götürün: – dedi.

Atlarımızı gətirdilər. Beş nəfərin müşayəti ilə meşə içi yollarla Basqala çatanda dedim: Daha siz qayıdın, gecdir. Xeyir, sizi necə yarı yolda qoyub, qayıdaq? Murad bizə tapşırıq verib ki, evlərinə kimi ötürün. Basqaldan artıq cəmi iki kilometr yol qalmışdı. Nə isə… Biz kəndə girəndə xoruzların ilk banının səsini eşitdik və atları saxladıq. Qaçaqlar bizimlə xudahafizləşib qayıtdılar. Söhbətin bu yerində atam gülərək əlini biri-birinə vurdu: Pay atonan, danışdıqların elə bil nağıldı. Aşıq Şamil isə:  Eh, toylarda o qədər hadisələrə rast gəlmişik ki, gəl görəsən…

Son dəfə Aşıq Şamili 1960-cı ildə qonşumuz Hacı Məhyəddinin toyunda görmüşdüm. Altmış ildən artıq bir vaxt keçdiyinə baxmayaraq, aşıqın xatirələri hələ də yadımdan çıxmır. 2024-cü ilin yazında aşığın kəndinə, Tağlabiyana getməli oldum. Basqal körpüsünə çatanda bir kişi bizə əl elədi. Sürücümüz:  Tağlabiyana gedirsə, onu da aparaq, aşığın evini bizə göstərər, – dedi.  Sürücü maşını saxladı, kişidən hara gedəcəyini soruşdu. Tağlabiyana gedirəm dedi. Kişi maşına oturan kimi: Aşıq Şamilin evini tanıyırsınızmı? –  deyə soruşdum. Tanıyıram dedi. Adınız nədir? Tanış olaq, – dedim. Əlimi uzatdım, adımı dedim, o da astaca: Adım Xanməmməd, familiyam Mustafayevdir, – dedi.

Sağ olsun bizə bələdçilik etdi. Aşıqın evinin yanında dayandıq. Xanməmməd kişi düşüb aşıqın evinə getdi. Xeyli vaxtdan sonra bələdçimiz qayıtdı. Başını bulaya-bulaya, narazı halda: Dedilər ki, bizi narahat etməsinlər. Nə isə… Bizi qəbul etmədilər. İncikliyimizi bildirmədən Xanməmməd kişidən xahiş etdik ki, bizi aşığın qəbrinin üstünə aparsın. Sağ olsun Xanməmməd kişi. Bizə aşığın qəbirini göstərdi. Qəbrin baş daşında yazı: Şamil Mustafa oğlu Piriyev. 1905-1985-ci il…

Aşığın qəbrini ziyarət etdik. Rəhmətliyin baş daşındakı, şəklini görüb xeyli təskinlik tapdım. Onu sağlığında da belə görmüşdüm – sazlı, gülərüz. Bələdçimiz Xanməmməd kişiyə təşəkkür edib, qayıtdıq Buynuza!

Əvəz Küskün,

“Qızıl Qələm” mediya mükafatçısı

18 may-2 iyun, Tağlabiyan-Buynuz

 

Şərh Yaz