Yeni nəşrlər:
“Ya Qarabağ, ya ölüm”
Yeni çapdan çıxmış kitablar sırasında həmyerli yazarlarımızın müəllifliyi ilə işıq üzü görən kitablara da rast gəlieik. Belə kitablardan biri İbrahimov Adıgözəl Ərziman oğlunun – Adıgözəl Vəlbinəlinin “Ya Qarabağ, ya ölüm” adlı kitabdır. Bu kitabda tariximizin yüzillikləri ərzində Azərbaycanda baş verən real hadisələri əhatə edən yazılı fikirlərə yer verilmişdir. Qələmə alınan yazılarda əsrlər boyu bədnam qonşular tərəfindən başımıza gətirilən bəlalar, torpaqlarımızın işğalı və nəhayətdə qüdrətli Azərbaycan Ordusu və döyüşkən oğullarımızın göstərdiyi döyüş şücaətləri hesabına itirilmiş torpaqların geri alınmasından, xalqımızın birliyi, bir yumruq kimi birləşməsi sayəsində müqəddəs Zəfərin qazanılmasından söz açılır. Qazanılan bu şanlı Qələbədə türk xalqlarının dövlətimizə göstərdiyi diqqət və dəstək də minnətdarlıqla qeyd olunmuşdur.
Tarixi hadisələrə ardıcıllıqla aydınlıq gətirmək üçün müəllif kitabdakı yazıları fəsillərlə vermişdir. Kitab irili-xırdalı 6 fəsildən ibarətdir. Kitabın maraqlı cəhətlərindən biri də odur ki, müəllif bir şair kimi, məqamı gəldikdə fikirlərini nəzmə çəkərək oxucuya təqdim etmişdir. Söz yox ki, bu da kitabın maraqla oxunmasını kifayət qədər təmin edir.
Müəllif Qarabağla bağlı tarixi bilgiləri özünəməxsus şəkildə qələmə almaqla, oxucuya yaşadığımız müəyyən tarix parçası barədə məlumat verməyə çalışmışdır. Bu çalışmanın hansı səviyyədə başa çatmasını bilmək istəyənlər yəqin ki, adı çəkilən kitabı əldə edib, oxumaq fikrinə düşəcəklər.
Bir məqamı da qeyd etmək yerinə düşər ki, müəllifin “Ya Qarabağ, ya ölüm” adlandırdığı kitabın kitablar aləminə qoşula bilməsi xeyriyyəçi Vüqar Məhəmməd oğlunun maliyyə dəstəyi hesabına olmuşdur. Müəllif sonda bu xeyirxah, yurdsevən insana minnətdarlıq etməyi də unutmamışdır.

