“Filosofun ömür yolu”    

Redaksiyamızın kitabxanasına hədiyyə olunan son kitablardan biri belə adlanır. Kitabın ön səhifəsində “Müəllifdən” başlığı ilə verilən  qeydləri oxuduqca fikirlərə dalmalı olursan. Çünki bir filosof haqqında yazılanları ilk sətirlərindən fəlsəfi fikirlərin yaratdığı bir mühitə atılırsan.

Kitabın müəllifi Gülnarə Məsum – Məlikova Gülnarə Fərman qızı 1967-ci ildə İsmayıllı rayonunun Tircan kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Basqal qəsəbəsində, Tircan kəndində müəllim işləyib. Hazırda Bakı şəhəri Sabunçu rayonu 11 nömrəli inteqrasiya təlimli internat məktəbində ibtidai sinif müəllimi kimi çalışır. Haqqında söz açdığımız kitab onun ikinci kitabıdır. Bu kitab rayonumuzun Tircan kəndində anadan olmuş, mükəmməl təhsil alıb, fəlsəfə elminə öz möhürünü vurmuş görkəmli filosof Əlislam Əliyevin keçdiyi mənalı ömür yolundan bəhs edir. Kitabda alim və şəxsiyyət kimi böyük hörmət və dəyər sahibi olan filosof haqqında, yaxınların, iş yoldaşlarının, tanınmış alim və mütəfəkkirlərin xatirə yazılarına da yer verilmişdir.

Müəllif yazır: “Hərdən fikirləşirsən ki,  bəlkə də torpaq öz dəyərini daha da artırmaq üçün ən dəyərli insanları öz qoynuna alır. Bəlkə də buna görə də ən dəyərli insanları öz qoynunda qorumaqla Vətən məvhumunu, anlayışını müqəddəsləşdirir.

Bu hissi keçirərkən onu da fikirləşirsən ki, dəyərli insanlar heç vaxt ölmür. Onlar torpağın qoynunda Vətənin müqəddəsliyini yaşadırlar.

Əlislam müəllim gördüyü bütün işlərdə şəxsiyyətindəki kimi, bir bütövlük, bir tamlıq vardı. Müəllim adını zəhmətlə qazanmışdı. O, əsl müəllim idi: bilik öyrədən, qayğıkeş, ağı qaradan ayıran, yaxşını, pisi bilən, sadə, cəfakeş, müdrik…

Bəli, Əlislam müəllimin fiziki ölümündən sonrakı həyatı davam edir: onu sevənlərin sayəsində. O. Ruhən bizimlədir, onu sevənlərlədir…

Filosof Ə.Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş bu dəyərli kitaba “Azərbaycan” qəzetinin əməkdaşı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Daşdəmir Əjdəroğlu geniş məzmunlu “Ön söz”ü də kifayət qədər diqqətçəkəndir.

Belə qənaətdəyəm ki, “Filosofun ömür yolu” haqqında kitab barədə verdiyimiz eqısa məlumat oxucularda bu kitabı əldə edib oxumaq fikrinə nöqtə qoyacaqdır.

Ş.Dağlaroğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir