Anım ali ehtiramın göstəricisidir 

26 sentyabr 2024-cü il tarixdə İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin və İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü münasibətilə şəhid ailələri ilə gənclərin görüşü keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi, onların qəhrəmanlıqlarını gənclər arasında təbliğ etmək, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin inkişaf etdirilməsi olub.

Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və idarə əməkdaşları, İsmayıllı Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Xuraman Qurbanova, şəhid Aqil Mirzəliyevin anası Aynurə xanım, şəhid Ruslan Tağıyevin atası Fuad bəy, şəhid Sübhi Mürsəliyevin anası Cəmilə xanım, şəhid Lətifli Orxanın anası Nəzakət xanım, şəhid Vüsal Dəmirovun bacısı Vüsalə xanım, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və şagirdləri iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Himni səsləndirilib, daha sonra Vətən müharibəsində canlarını fəda etmiş vətən övladlarının, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhadətə yüksəlmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra DŞRGİİ-nin rəisi, UGİM-in direktoru və şəhid valideynləri çıxış edərək şəhidlərimizin keçdiyi döyüş yolundan, döyüşlərdə göstərdikləri şücaətlərdən, Vətən müharibəsinin Azərbaycan xalqının və dövlətinin tarix salnaməsində qoyduğu ağrılı izlərindən, o günlərin nəticəsində tam müstəqilliyimizdən, qalib xalqın zəfərindən danışaraq, gənclərə vətənpərvərlik və azərbaycançılıq ənənələrimizin qorunub saxlanmasından söz açıblar.

Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Şəhidlər Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən ərazilərdə dalğalandırmış, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmişlər.

Fərhad Qurbanov

 

Şərh Yaz