“Dağ çiçəkləri”    

Oxu, oxuduqca könlün açılsın

 

Cənnətə bənzəyir iz saldığın yer,

Qəlbən isinirdi köz saldığın yer.

Bir əsər olurdu söz saldığın yer,

Oxu, oxuduqca könlün açılsın!

 

Hər sətri qəlbindən xəbər gətirər,

Səni xoş aylara, ilə yetirər.

Bağında al-əlvan güllər bitirər,

Oxu, oxuduqca könlün açılsın!

 

Payızda bəhərdir, qışda düm ağ qar,

Solmaz yaşıllıqdır hər yaz, hər bahar.

Varaqla, qəlbindən keçər dərd, qubar,

Oxu, oxuduqca könlün açılsın!

 

Sevinc dəryasında qəvvas olarsan,

Uca dağlar aşan avaz olarsan.

Könlümü oxşayan bir saz olarsan,

Oxu, oxuduqca könlün açılsın!

 

Mövlud oxuduqca min ləzzət aldı,

Hər sözü, kəlməsi gördü ki, baldı.

Eşqi ömrümüzdə xatirə qaldı,

Oxu, oxuduqca könlün açılsın!

Mövlud Teymur

 

Mənə nə?

Nə biləsən ürəyimdən keçir nə?

Keçənlərdən heç bilmirəm, sənə nə?

Zəmim vardı, biçib getdi mənənə,

O ziyandan sənə nə var, mənə nə?

 

Unut getsin, o olanlar heç indi,

Bir gündəyəm, gəl yanımdan keç indi.

Ömür keçdi, sevmək, ah-vay gec indi,

Sevən varsa, boşa yanar, mənə nə?

Xavər İsmayıllı

 

A Göyçə gülü

 

Qəriblik sinəmə dumantək dolub,

Səni soraqlaram, a Göyçə gülü.

Üz tutub dağlara qibləgah kimi,

Həsrətdən ağlaram, a Göyçə gülü.

 

Görmədim Daşkəndi, Qoşabulağı,

Seçmədin içindən laləyanağı.

İndi deyəcəyim bayatı, ağı,

Dərdimlə çağlaram, a Göyçə gülü.

 

Vidadi, ötübdür ömrünün yazı,

Çəkilmir başından Göyçə avazı.

Təsəllim – elimin didərgin sazı,

Köksümdə saxlaram, a “Göyçəgülü”.

Vidadi Süleymanov,

Yeni Daşkənd

 

Bağışlamaram

 

Yandırıb yaxsa da ayrılıq məni,

Ölərəm, mən səni bağışlamaram.

Dərdimi hər gecə özüm özümlə,

Bölərəm, mən səni bağışlamaram.

 

Bağrıma daş basıb ağlaya billəm,

Sirrimi içimdə saxlaya billəm.

Coşub bulaq kimi çağlaya billəm,

Gülərəm, mən səni bağışlamaram.

 

Elə yandırmısan din-imanımı,

Axtarıb gəzirəm öz ünvanımı.

Dağlara, daşlara qızıl qanımı,

Çilərəm, mən səni bağışlamaram.

 

Unut sevgi yağan baxışlarımı,

Gözündə gül açan naxışlarımı.

Göylərdən torpağa göz yaşlarımı,

Ələrəm, mən səni bağışlamaram.

 

Sən ki dost elədin Zərrini dərdə,

Adımı dilinə gətirmə bir də.

Adının üstünə çəkərəm pərdə,

Silərəm, mən səni bağışlamaram.

Zərifə Zərri

 

Ana məzarı

 

Ana  can, qayıdıb gələcəyəm mən,

Bir az aralıda, bir az gendəyəm.

Çatıb qulağıma ölüm xəbərin,

Anasız, Vətənsiz gör nə gündəyəm?!

Bryansk 1993-cü il

Salam, ana məzarı,

Xoş gördük, ana torpaq.

Mən çəkdiyim azarı,

Çəkə bilməz qaya, dağ.

 

Bu torpaqda gəncliyim,

Xoş günlərim, gülüşüm.

Yoxdu daha dincliyim,

Qəmi kimlə bölüşüm?

 

Bayatım, laylam, ağım,

Adınadır, ay anam.

Mənim sənsiz qalmağım,

Gərəksiz bir pay, anam.

İndi o əziz məzar,

Yad baxışın altında.

Yol gözləyir, qalıb zar,

Qar-yağışın altında.

 

Gülləyə də tuş gəldi,

Daşını sökdü yağı.

Neçə bahar, qış gəldi,

Artdı sinəmin dağı.

 

Məzarların günahı,

Allah, nəymiş görəsən?!

Silahdır nəzlum ahı,

Ana məzarı – Vətən!

Nizami Göyçəli

 

Qərib məzarlar

 

Bu dönük dünyanın faniliyindən
O zalım fələyin caniliyindən,

Dili söz tutanın şikayəti var,

Yad ellərdə qalıb qərib məzarlar,

 

Düşmüsüz doğmadan, əzizdən uzaq,

Basıb üstünüzü tikan, ot-alaq.

Kəsilib get-gəllər, o xoş güzarlar,

Bəd əllərdə qalıb qərib məzarlar.

 

Həmsöhbət tapılmır dərd bölüşməyə,

Bizdə də imkan yox yaxın düşməyə.

Günbəgün artmaqda dərdlər, azarlar,

O illərdə qalıb qərib məzarlar.

Sarıtel Göyçəli-Nadirova

 

Şanə-şanədir

 

Əlində güzgüsü, daranan gözəl,

Daraq da telində şanə-şanədir.

Çoxu həsrət qalıb qara bir xala,

Səninsə üzündə danə-danədir.

 

Qiyamət səhnədir külək qopması,

Zülflərin üzünün dodaqqapması.

Nə lazım yanağa boyaq yapması,

Növraq pozulmaqçün bir bəhanədir.

 

Pərişan saçların üzdə dağını,

Baxanlar əridir ürək yağını.

Dolaşma sərgərdan sevda bağını,

Gen qaçıb deyərlər: bu, divanədir.

 

Qolayla güzgünü əlindən daşa,

Etsən kifayətdir Günə tamaşa.

O ki öz əksindir, gəzirsiz qoşa,

Heyif ki, dövrəniz yanə-yanədir.

Fizuli Zərnəvalı

Bir şeir yazım

 

Dedim məhəbbətdən bir şeir yazım,

Elə yazım gərək, eşqə tən olsun.

Mənim məhəbbətim dünya qədərdir,

Nə yazsam, əbədi, sevgidən olsun.

 

Sevgilim, dilində bəslə məni sən,

Bitim dodağında, sözündə sənin.

Axşamlar qolların üstündə yatım,

Səhərlər oyanım gözündə sənin.

 

Məni məhəbbətin odunda isit,

Başımı eşqinin önündə əyim.

Gəzim tellərinin arsında mən,

Gözlə, darayanda yerə düşməyim.

Rüstəm Məbudoğlu

 

Yaxşılıq bir sevgidi

 

Yaxşılıq bir sevgidi,

Qəlbində zühur edər.

Şəfqətini ələrsən,

Könülləri nur edər.

 

Yaxşılıq bir hərarət,

Pardaxlanıb açarsan.

Ruhuna qida olar,

Qanadlanıb uçarsan.

 

Yaxşılıq sevinc payı,

İnsanlığın naxşıdı.

Yamanlıqdan nə çıxar,

Yaxşı olsan yaxşıdı.

 

Yaxşılıq bəndəlikdi,

İmanına, dininə.

Yaxşılar savab yazar,

Ömrünün hər gününə.

Xatın

 

Öldürür

 

Fərəhim olmayıb, olsaydı belə,

Öldürməzdi məni dərd-sər öldürür.

Yaxşı yazılmayan şeir səngidir,

Əsər sayılmayan “əsər” öldürür.

 

Olub istəyəndən, sevəndən xətri,

Yatıram zədəli, alıb xətəri.

Evimə, qapıma gələndən ötrü,

Verdiyim muştuluq, nəmər öldürür.

 

Xeyir əsirgənir, qalmır şərindən,

Eşidib qalxammır adam yerindən.

Seçilmiş olmurlar biri-birindən,

Qoşulub gecəyə səhər öldürür.

 

Dönüb Əzrayıla, canın düşməni,

Olub məhv eləyir ələ gələni.

Kimsəni bilmirəm, özümü, məni,

Tale dərdə salıb, qədər öldürür.

 

Bilərək sevinib gülmədiyimi,

Eləyir adama elədiyini.

Əcəlin öldürə bilmədiyini,

Söz çıxır sonuna, xəbər öldürür.

Tamam Nur Tağlabiyanlı,

 23 sentyabr 2024-cü il

 

Gül balalar sağ olsun

 

Nəvəm Murada

 

Girdin ali məktəbə,

Mənim qolum-qanadım.

Sahibsən elm-ədəbə,

Sirin nəvəm, Muradım!

 

Sevindirdin nənəni,

Əhsən, afərin sənə.

Sev bu yurdu, Vətəni,

Daim addımla önə!

 

Bu geniş dünyamızda

Uğurlu olsun yolun.

Dayaqsan arxamızda,

Var olsun vuran qolun!

 

Sən bu gün gənc ziyalı,

Sabahın alimisən.

Nurlu, abır-həyalı,

Sanki Günəş kimisən.

 

Əlim daim duada,

Bəxtin, üzün ağ olsun!

Qurban olum bu ada,

Gül balalar sağ olsun!

Şərqiyyə Balacanlı

 

Mənim Rəbbim

 

Dünya yaratdı, su, toz zərrəsindən,

Günəş, Ay, ulduz da möcüzəsindən,

Açılan qapılar göy qübbəsindən,

Sən hardasan, mənim Rəbbim?

 

Gah dolur, boşalır bir qələm üstə,

Buluddan yuxarı, yeddi qat dəstə,

Solum, sağım dünya simində bəstə,

Sən hardasan, mənim Rəbbim?

 

Mənə məndən yaxın olan dənizim,

Sabahım, dan yerim, qüdrətli izim,

Hər iki dünyada mənim əzizim,

Sən hardasan, mənim Rəbbim.?

 

Sahibisən aça bilməz çiçəklər,

Yarpaq belə sala bilməz küləklər,

Hasil olar dərgahında diləklər,

Sən hardasan, mənim Rəbbim?

 

Sən hardasan, mənim tale gəmimdə?

Gülüşümdə, kipriyimin nəmində?

“Ol” dediyin varlığımın cəmində?

Sən hardasan, mənim Rəbbim?

 

Bülbülün səsində, yar otağında?

Qurumuş ağacın bir budağlnda?

Ya qocada, ya yetim qucağında?

Sən hardasan, mənim Rəbbim?

Surə Ziyadqızı

 

Qəzəl

 

Ey insan, bax kökünə, eşitmə nəfsin səsini,

Buraxma özbaşına, sökər könül xanəsini.

 

Çox olub vara görə öz canını bada verən,

Qəzəbə qulluq edən görüb onun bəhrəsini.

 

Cənnətdə Adəm ata dolanırdı şadi-xürrəm,

Yedirtdi Şeytan ona haram buğda danəsini.

 

İnsana yol göstərdi Şeytan yasaq əməllərlə,

Yol azdı Haqqı sevən, itirdi öz qibləsini.

 

Yusifin nə günahı, quyuya atdı nadanlar,

Duymadı qardaşların ona qarşı hiyləsini.

 

Şeytana lənət oxu, ürəyini saxla təmiz,

Nurlandır xoş əməllə insanların çöhrəsini.

 

“Neynirəm qızıl teşti, hər gün içində qan qusam”,

Eşidin Eloğlunun Haqdan gələn naləsini.

Qəhrəman Eloğlu

 

Sularım

 

Alışıb yanıram pərvanə kimi,

Düşmüşəm çöllərə divanə kimi.

Bilmirəm mən gedim ha yana kimi?

A daşlar üstündən axan sularım.

 

Dar günümdə sizdən kömək istərəm,

Hərdən yanınıza gəlmək istərəm.

Danışmaq istərəm, gülmək istərəm,

Təbəssüm eşqiylə axan sularım,

A mənə həsrətlə baxan sularım.

 

Ömrə bir bəzəkdir, həyata ziynət,

Ruha qida verir, insana taqət.

Necə də gözəldir ana təbiət,

Təbiət qoynunda axan sularım,

A mənə həsrətlə baxan sularım!

Vəsidə Mustafazadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir