Qəhrəman leytenantın şərəfli ömür yolu
Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Məmmədli Elxan Ələkbər oğlu 2023-cü ilin sentyabr ayının 19-da Ermənistan Silahlı Qüvvələrinə qarşı keçirilən antiterror əməliyyatı zamanı qəhrəmancasına şəhid olub.
Şəhadətə qovuşan qəhrəmanımız ata-baba yurdunda – İsmayıllı rayonunun Zoğallıq kəndində torpağa tapşırılıb.
Şəhid leytenant Elxan Məmmədovun şəhadətə qovuşmasının ildönümü mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, İctimaiyyət nümayəndələri, kəndin sakinləri və məktəblilər iştirak ediblər.
Tədbirdə çıxış edənlər qəhrəman leytenantın şanlı, şərəfli ömür yolundan söz açıblar. Məktəblilər vətənpərvərlik ruhlu şeirlər söyləyiblər. Şəhidin valideynləri onlara göstərilən diqqətə görə minnətdarlıq ediblər.
Məlumat üçün bildiririk ki, Məmmədli Elxan Ələkbər oğlu 13 oktyabr 1997-ci ildə İsmayıllı rayonunun Zoğallıq kəndində anadan olub. Orta təhsilini 2004-2015-ci illərdə Bakı şəhərində Pərviz İsmaylov adına 278 saylı məktəbdə alıb. Bakı Biznes Universitetinin Dövlət bələdiyyə idarəçiliyi fakültəsini bitirib hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan bir müddət sonra 2021-ci ildə Azərbaycan ordusunun Təlim Tədris mərkəzində 3 aylıq kursa yazılmış, yüksək nailiyyətlə oranı bitirərək “leytenant” rütbəsi almış və zabit kimi orduda Şuşa və Xocalı istiqamətlərində xidmətə başlamışdır. 15 may 2023- cü il tarixindən 29 iyul 2023-cü il tarixinədək Komando Dağ Təlimi Mərkəzində “Komando başlanğıc kursu”nu müvəffəqiyyətlə başa vurmuş, Komando başlanğıc döş nişanı daşımaq hüququ almış və xidmətini Qubadlı istiqamətində davam etdirmişdir.
2023-cü ilin 19 sentyabr tarixində baş verən antiterror əməliyyatı zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Elxan Məmmədli ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
“İsmayıllı xəbərləri”