Minnətdarlıq           

Yaşlı nəsil nümayəndələrinin tez-tez səhiyyə ocaqlarına, tibb işçilərinə müraciət etməsi təbii haldır. Zaman keçdikcə  bədənin enerjisi azalır, orqanların fəaliyyəti zəifləyir. Bu da söz yox ki, sağlam yaşamaq, uzun ömür sürmək arzusunda olan hər kəsi narahat etməyə bilməz.

Canındakı ağrıların artdığını duyan soydaşlarımızdan biri, şəhid anası Şərqiyyə İsgəndərova redaksiyamıza gələrək, İsmayıllı rayonunun səhiyyə işçilərindən razılıqla danışdı. Canında ağrı duyduğu dəqiqələrdə  həkimlərin ona göstərdikləri diqqət və qayğıdan söz açdı. Onu da bildirdi ki, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında hamı ona xüsusi hörmətlə yanaşır.

Xüsusilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsi Vidadi Rəhimovdan, xəstəxananın baş həkimi Nərgiz Rəhimovadan, aptek müdiri Hafiz Babayevdən, tibb bacısı Zülfiyyə xanımdan təkrar-təkrar razılıq etdi. Ünvanlarına xeyir-dualar səsləndirdi.

Söhbətimiz əsnasında şəhid anasının eyni fikirləri – xoş sözləri təkrar dilə gətirməsi, qəlbindəki rahatlıqdan  xəbər verirdi.  Sağollaşanda: Məktubumu mütləq dərc etməyinizi xahiş edirəm, – dedi.

Təbii olaraq,  biz də Şərqiyyə anaya can sağlığı arzuladıq, razılıq etdiyi tibb işçilərinə minnətdarlığı ilə bərabər redaksiyanın və oxucularımızın təşəkkürünü çatdıracağımızı söz verdik.

İsmayıllı xəbərləri”

Şərh Yaz