İndiki ağlım olsaydı…  

Dünyanın elə bir işi var ki, hamı ondan razıdır. Gündüz vaxtı əlində çıraq axtarsan da bu məsələdən narazını tapmazsan. Deyilənə görə dünya yaranandan bəri göydə bir dəyirman daşı fırlanır və kimsə öz ağlından narazı olsa, onun başına düşəcək. Hələ ki, daş fırlanmağındadır. Lap yorulsa belə düşməyə imkanı yoxdur.

Bəs onda “indiki ağlım olsaydı…” fikri haradan yaranıb. Bu sözlərin mayasında narazılıq varmı?! Mənə elə gəlir ki, qətiyyən yoxdur. Adətən insan olmaması zəruri olan məsələyə belə münasibət bildirir. Yəni indiki ağlından o qədər razıdır ki, dünənkinə təəssüflənir. Amma ağlım yoxdur demir…

Bu ağıl deyilən nədirsə, heç kim ondan kasıblıq çəkmir. Pul, sərvət, vəzifə və daha nələr istəyən kəs «mənə ağıl vermə» deyir. Yəni ona qətiyyən ehtiyacı olan yoxdur.

Amma bir həqiqət var; dəyişməz və hər zaman üçün keçərlidir bu söz. Desələr ki, qardaşın, bacın, dostun, tanışın, sevdiyin səndən ağıllıdır, acığın gələr. Əgər söyləsələr ki, övladın, – oğlun, qızın səndən ağıllıdır sevinərsən?

Sevgilərin ən alisidir övlad sevgisi. Çünki hər şeydən uca və müqəddəsdir.

Rəfiqə Sadıqova

 

Şərh Yaz