Qardaşlıq münasibətləri
Azərbaycan Mərkəzi Asiya və Avropa ölkələri arasında iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır. Azərbaycansız bu region ölkələrinin Avropaya çıxışı demək olar ki, mümkün deyil. Azərbaycanın həm Şərqlə Qərbin, həm də Şimalla Cənubun qovşağında yerləşməsi onun üçün əlverişli tranzit imkanları yaradır, çünki Şərqdən Qərbə marşrutlar məhz Azərbaycan ərazisindən keçir.
Azərbaycanın Mərkəzi Asiya dövlətlərinə münasibətdə xaricı siyasəti müstəqillik əldə etdikdən sonra formalaşmağa başlamışdı. Bakı, xüsusən də son illər bu dövlətlərlə əməkdaşlığın inkişafına yönəlmiş çoxşaxəli tədbirlər həyata keçirir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Ölkəmizin bu regionun dövlətləri ilə əlaqələrini səciyyələndirən Prezident İlham Əliyev haqlı olaraq qeyd edir ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri birləşdirir. Ümumi mədəni köklər dövlətlərarası münasibətlər üçün möhkəm təməldir.
Dövlət başçısının sözlərinə görə, 30 ildən artıqdır ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri müstəqil dövlətlər kimi həm ikitərəfli, həm də çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir, bir-birinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirirlər. Prezident İlham Əliyev xüsusilə vurğulayır ki, Mərkəzi Asiya və Azərbaycan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı artan, dünya siyasətində strateji əhəmiyyət kəsb edən vahid tarixi-mədəni coğrafi regiondur. Bu mənada Bakının regionun hər bir ölkəsi ilə münasibətlərini dərinləşdirməsi ikitərəfli əlaqələrin gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə Türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana yenidən səfər etməsi iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün böyük addımların atılmasına şərait yaradacaqdır.
Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın mövcud əlaqələrinə inkişaf mərhələsi kontekstindən yanaşdıqda qarşılıqlı səfərlər zamanı imzalanan sənədləri, xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın apardığı quruculuq işlərinə verilən töhfələri də xüsusi vurğulamaq lazımdır. Avqustun 9-da Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının dövlət başçılarının görüşü də bu baxımdan olduqca yaddaqalan məqamları ilə diqqət çəkdi deyə bilərik. Həmin görüşdə iştirak edən Prezident cənab İlham Əliyev bugünkü əlaqələrin getdikcə möhkəmləndiyini biıdirib. Qeyd edib ki, regionda baş verən siyasi, iqtisadi proseslər göstərir ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə istənilən sahədə əməkdaşlıq qurmaqda, mövcud münasibətləri inkişaf etdirməkdə maraqlıdır və maraqların kəsişməsi mühüm nəticələr verməkdədir.