Qardaş ölkələrə uğurlu səfərlər
Prezident İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfəri olub.
Ötən əsrin 90-cı illərinin əvvəllərində ağır siyasi, sosial-iqtisadi böhran yaşayan Azərbaycanı düşdüyü çətin vəziyyətdən xilas edən Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol ölkəmizi bugünkü inkişaf səviyyəsinə çıxarıb. Məhz onun hazırladığı Azərbaycanın inkişaf strategiyasını cənab Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, nəzərdə tutulan bütün hədəflərə nail olunub. Sözsüz ki, hər bir dövlətin gücü həm də onun iqtisadi potensialından irəli gəlir. Ölkəmizin iqtisadi qüdrəti davamlı olaraq inkişaf edir, dünyada bu sahədə yaşanan böhranlardan dayanıqlı olduğu üçün təsirsiz ötüşür. Həmçinin Azərbaycanda möhkəm sabitliyin, əmin-amanlığın bərqərar olması, hərbi-siyasi gücünün günü-gündən artması, öz torpaqlarını işğaldan azad etməklə yeni reallıqlar yaratması, regionun inkişafına mühüm töhfələr verməsi ölkəmizin qlobal aləmdə nüfuzunu xeyli artırıb, mövqelərini yüksəldib, onu mövcud olduğu regionun liderinə çevirib. Dövlətimizin başçısı cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ərsəyə gələn nəhəng layihələr isə dünyaya meydan oxuyur, iştirakçı olan dövlətlərin iqtisadi inkişafına səbəb olur. Ölkəmizi dünya üçün əhəmiyyətli edən digər məqam isə onun etibarlı tərəfdaş statusu qazanmasıdır. Bu səbəbdəndir ki, əməkdaşlıq etdiyimiz bütün dövlətlər xüsusilə də Mərkəzi Asiya dövlətləri Azərbaycanla münasibətləri yüksək qiymətləndirirlər.
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrdə açılan yeni üfüqlər gələcək üçün yaxşı perspektivlər vəd edib. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Əminliklə söyləmək olar ki, Azərbaycanın beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək, Şərqlə-Qərb arasında mühüm tranzit ölkə, Avropanın etibarlı enerji təchizatçısı kimi önəmli rolu bundan sonra da davam edəcək.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri də yüksək səviyyəli qarşılıqlı səfərlərdir. Təsadüfi deyil ki, son 2-3 il ərzində Prezident İlham Əliyev mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, o regionda yerləşən ölkələrin başçıları isə Azərbaycana səfərlər edirlər. Həmin səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır.
Mərkəzi Asiya dövlətləri də yaxın, dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Təsadüfi deyil ki, Vətən müharibəsində və ondan sonrakı dövrdə bu regionun ölkələri Azərbaycanın haqq işinə dəstək veriblər. Region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər.
Xuraman Qurbanova,
İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru