İsmayılın ağacı, məşhur qaya diqqət mərkəzində olub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Azərbaycan Kinosu Günü münasibətilə gənclərin və məktəblilərin iştirakı ilə tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd gəncləri milli filmlərimizlə, film tariximizlə daha yaxından tanış etmək idi. Bu məqsədlə əksər kadrları İsmayıllı rayonunda çəkilmiş, uzun illər keçməsinə baxmayaraq, kiçikdən-böyüyə hər kəsin sevə-sevə izlədiyi “Ögey ana” filmi seçilib. Rejissor Həbib İsmayılovun çəkdiyi bu filmdə ailədaxili münasibətlərdən, ailə dəyərlərindən, tərbiyə məsələlərindən, ögey ananın doğmalığından, onu ana kimi qəbul etmək istəməyən balaca İsmayılın kövrək qəlbini məhəbbətlə, xeyirxahlıqla necə ələ ala bilməsindən söhbət açılır.
Tədbir iştirakçıları filmin çəkildiyi Qalacıq kəndində olub, kadrların lentə alındığı yerləri, o cümlədən itburnu kolunun bitdiyi o məşhur qayanı gəziblər.
Qeyd edək ki, İsmayılın itburnu yığmaq üçün partladılan qayanın üstünə çıxması səhnəsindəki partlayış səhnəsi realdır. Həmin illərdə Qalacığa yol çəkilişi üçün həqiqətən qayalar partladılırdı, iştirakçılar məhz o yolla Qalacıq kəndinə gediblər.
Gəzinti boyu filmin çəkilişini maraqla izləyərək hər anı yaddaşlarına hopdurmuş o vaxtkı kənd uşaqlarından olan Əziz Əzizov və Əvəz Yaqubovun xatirələrini hamı maraqla dinləyib. Filmdə uşaqlarla bağlı əksər səhnələrdə epizodik rollarda çıxış etmiş Sona Səmədova nənəsi ilə böyük sənətkarlarımız Nəsibə Zeynalova, Nəcibə Məlikova və digər səhnə ustaları arasındakı maraqlı söhbətlərdən bəhs edib.
Daha sonra tədbir iştirakçıları filmin çəkildiyi İsmayıllı rayonunun Qalacıq-İstisu kəndi ərazisində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tərəfindən qoyulmuş abidəni ziyarət ediblər.
Tədbir iştirakçılarda gözəl təəssüratlar yaradıb.
X.Bağırova