“Uğurlu təşkilatçı və rəhbər olmaq üçün iş prosesini bacarıqla və optimal şəkildə təşkil etmək vacibdir” –

 

QHT-nın sədri ilə müsahibə                                        

 

Qeyri-hökumət təşkilatlarının rəhbərləri, yalnız iş prosesini idarə etmək deyil, həm də şəxsi həyatlarında balans yaratmaq üçün böyük məsuliyyət daşıyırlar. Bu dəfə  QHT.az saytının təmsilçisi olaraq“Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzinin direktoru Südabə Şirəliyeva ilə gündəlik həyatında iş və istirahət balansını necə təmin etdiyi barədə 3 sual ətrafında söhbət etdim:

-Salam, Südabə xanım, istirahət edirsinizmi və ya edəcəksinizmi?

Südabə Şirəliyeva: Salam. Bəli, mən istirahətə vaxt ayıra bilirəm. Bu, ya ölkə daxilində, ya da xarici ölkədə baş verir. Mənə maraqlı olan ölkələrin mədəniyyəti və tarixi ilə tanış olmaq və həmin yerlərdə istirahət etmək çox xoşuma gəlir. QHT liderləri daha yaxşı bir gələcək təsəvvür etməli və bu məqsədə çatmaq üçün yaradıcılığı təşviq etməlidirlər. Eyni zamanda, həm özünün, həm də komanda yoldaşlarının istirahətinə diqqət yetirməlidirlər.

  • Gündəlik işlərinizi idarə edərkən şəxsi istirahətinizə necə vaxt ayırırsınız və bu, iş performansınıza necə təsir edir?

Südabə Şirəliyeva: Uğurlu təşkilatçı və rəhbər olmaq üçün iş prosesini bacarıqla və optimal şəkildə təşkil etmək vacibdir. QHT rəhbərliyim dövründə bu sahədə kifayət qədər təcrübə toplamışam. Mən iş tapşırıqlarımı planlaşdırma və idarə etmə üsullarını yaxşı bilirəm. Planlı iş sistemi qurmuşam və hər bir işin vaxtında həll edilməsini təmin edirəm. Gündəlik planlaşdırma mənim üçün rahat bir ritmdə vacib olan işləri görmək üçün bir fürsətdir.

  • Sizcə, qeyri-hökumət təşkilatlarında iş və istirahət balansını təmin etmək nə dərəcədə çətindir və bununla bağlı hansı problemlərlə qarşılaşırsınız?

Südabə Şirəliyeva: İş və həyat balansı çox vacibdir. Keçmiş nəsillər işin həyatda ən vacib şey olduğunu düşünürdülər, lakin bu gün biz iş və sağlamlıq arasındakı əlaqəni daha yaxşı başa düşürük. Hər bir insanın şəxsi inkişafı üçün lazımi yer təmin edilməlidir. Sağlam iş-həyat balansına nail olmaq həm şəxsi mövqeyinizdən, həm də düzgün istiqamətdə hərəkət etməyinizdən asılıdır. Yaxşı iş-həyat balansının əsasında şəxsi və ailə həyatımıza vaxt ayırmaq dayanır. Bizim həmkarlarımız yalnız gündə səkkiz saat noutbukla gördüyümüz insanlar deyil, onlar işdən kənarda da bir çox mühüm öhdəlikləri olan şəxslərdir.

Südabə Şirəliyevanın verdiyi müsahibədən göründüyü kimi, QHT rəhbərləri üçün iş və həyat balansı çox vacibdir. Bu balansın təmin edilməsi həm şəxsi, həm də peşəkar həyatımıza müsbət təsir göstərir. Südabə xanımın sözləri, bütün QHT liderlərinə ilham verərək, onların da şəxsi həyatlarına daha çox diqqət yetirmələrinə dəstək olacaq.

 Pərvanə Fərhadqızı

 

Şərh Yaz