Basqal füsunkar təbiəti və abadlığı ilə göz oxşayır
Əsrarəngiz təbiəti, qədim tarixi mədəniyyəti, yüksək qonaqpərvərliyi ilə seçilən Basqal qəsəbəsi xalq sənətini qoruyub saxlayan və onu yaşadan sənətkarlıq mərkəzlərindən biri kimi məşhurdur. Basqal həm də orta əsr şəhər mədəniyyəti elementlərini bu günə qədər də özündə qoruyub saxlamışdır. Qəsəbəyə ayaq basan kimi ərazinin vahid memarlıq prinsipləri əsasında salındığı gözlərimiz önündə canlanır. Belə ki, əsas memarlıq-plan quruluşuna daxil olan baş küçə sənətkarlıq, ticarət və yaşayış binalarını, məhəlləni, kürəbəndi, bulaqları birləşdirir.
2500-3000 illik tarixi olan qəsəbədə son illərdə dövlət vəsaiti hesabına bir sıra işlər görülmüşdür.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının qəsəbə üzrə nümayəndəsi Novruz Əsədov son illər qəsəbədə görülən işlər barədə danışaraq bildirdi ki, 2015-ci ildə qəsəbə təbii qazla təmin olunmuş, enerji təchizatı yenidən qurulmuş, Basqalçayın üzərində yeni körpü tikilib istifadəyə verilmişdir. Qəsəbə tam orta məktəbində təmir işləri aparılmış, idman zalı təmir olunmuş, isitmə sistemi yenidən qurulmuşdur. Qədim küçələr çay daşı ilə döşənmiş, bulaqlar bərpa olunmuş, su kəmərlərində təmir-bərpa işləri aparılmışdır.
Qeyd edək ki, Basqal qəsəbəsi tarix-mədəniyyət qoruğudur. Bir sıra tikililər yerli əhəmiyyətli abidələr kimi dövlət qeydiyyatına alınıb və qorunur.
Qəsəbə tam orta məktəbi 1887-ci ildə yaradılmışdır. Azərbaycan tarixində xüsusi yer tutan tanınmış simalar bu məktəbin yetirmələri olmuşdur. Çünki Basqal Azərbaycanın qədim tarixi məkanlarından biri sayılır. Bununla yanaşı, bu yurdun inkişafı da daim dövlətin diqqətindədir. Basqalı qorumaq və inkişaf etdirmək hər birimizin müqəddəs borcu olmalıdır.
İsmayıllı rayonunun Basqal qəsəbəsinin ümumi ərazisi 204 hektardır. Qəsəbədə 760 fərdi yaşayış evi var. Ümumi əhalinin sayı 1319 nəfər, daimi yaşayanların sayı isə 611 nəfər təşkil edir. Sakinlərin əsas məşğuliyyəti sənətkarlıq və ticarətdir.
Basqal qəsəbəsi də digər yaşayış ərazilərimiz kimi dövlət başçısının diqqəti və qayğısı sayəsində durmadan inkişaf edir.
Prezident İlham Əliyevin sərəncamları uğurla icra olunur. Belə ki, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əsas hissəsində bərpa, konservasiya işləri aparılmışdır. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 12 avqust 2022-ci ildə Basqal qəsəbəsinə səfər etmiş və görülən işlərlə tanış olmuşlar. Bununla yanaşı, Basqal və ətraf kəndləri əhatə edən avtomobil yolu yenidən inşa edilmiş, qəsəbə ərazisində su-kanalizasiya sistemi yenidən qurulmuş, ərazidə yeni beş ulduzlu hotel kompleksi tikilib istifadəyə verilmişdir.
Prezidentin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar ölkəmizin hər bir rayonunda və kəndində olduğu kimi, qəsəbəmizdə də mütəmadi işlər görülür. Qəsəbənin girəcəyindən başlayan yaşıllıq və abadlıq diqqəti cəlb edir, qəsəbə fəsildən asılı olmayaq füsunkar təbiəti ilə göz oxşayır.
Sevindirici haldır ki, qəsəbəmizi ziyarət edən turistlərin sayı durmadan artır. Xalqımızın milli bayramları da qəsəbəmizdə də təşkil olunur. Muğanlı-İsmayıllı yolunun əsaslı təmir olunmasına baxmayaraq, qəsəbəmizi ziyarət edənlər az deyil. Çünki Basqal sənətkarlıq və kəlağayı istehsalı ilə bu gün də məşhurdur. Bununla yanaşı, qədimliyi və müasirliyi ilə seçilən qəsəbə dadlı yeməkləri və təamları ilə diqqəti cəlb edir. Burada olan təmizlik, yaşıllıq və onlara göstərilən qulluq isə bu əraziyə gələn hər kəsin yaddaşına yazılır.
Mikayıl NƏRİMANOĞLU,
“Respublika” qəzeti