Su israfçılığına yol verilməməlidir
Bəşəriyyət yaranandan bu günədək su insan həyatının ayrılmaz hissəsi olmuşdur. Təsadüfi deyil ki, suyun insan həyatındakı əhəmiyyəti qədim inanclarda, müqəddəs kitablarda, mədəniyyət və incəsənət əsərlərində yetərincə əksini tapmışdır. Su təbiətdə ən çox yayılmış maddə olsa da, suyun əldə edilməsi və ondan səmərəli istifadə tarixin bütün dövrlərində aktual olaraq qalmaqdadır.
“Su verən, bulaq yaradan, çay açan hər bir insan həmişə xalqın, millətin, insanların məhəbbətini qazanır” sözlərinin müəllifi, xalqımızın ümummilli lideri Heydər Əliyev əhalinin keyfiyyətli va fasiləsiz içməli su ilə təmin edilməsinin müqəddəs vəzifə olduğunu xatırlatmışdır. Ulu öndərin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev Azərbaycanda su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulmasını prioritet məqsədlərdən biri elan etmiş və ölkə başçısının rəhbərliyi ilə bu istiqamətdə kompleks tədbirlər hayata keçirilir.
Bu işlərin görülməsi nəticəsində ölkəmizdə suya əlçatanlıq səviyyəsi yüksəlmiş, emal olunan suyun normal paylanması, fasiləsiz su təchizatının təmini üçün yeni su kəmərləri inşa edilmiş, yeni anbarlar tikilmiş, paylayıcı su şəbəkəsi yaradılmışdır. Bunlarla yanaşı respublikanın ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla, dünyada iqlim dəyişiklikləri prosesi gedir, havanın temperaturu artır, buxarlanma çoxalır, dağlıq ərazilərdə yağan qar ehtiyatları azalır. Bunların hamısı gələcəkdə ölkəmizin su ehtiyatlarının azalmasına səbəb ola bilər.
BMT-nin Dayanıqlı İnkişaf gündəliyində suya əlçatanlıq məqsədi 6-cı hədəf kimi qeyd olunub. Bu məqsəd, sağlamlıq, ərzaq təhlükəsizliyi və s. məsələləri ilə bağlıdır. Suyun əhalinin sağlamlığı və həyat şəraiti ilə bağlı olması ilə yanaşı, onun dövlət əhəmiyyətli mühüm iqtisadi amil kimi ciddi əhəmiyyəti vardır.
Təbiət va insan cəmiyyəti həmişə ziddiyyətli münasibətlərdə olub. Son zamanlar bu qarşıdurmada insan qalib gəlir və bu, bumeranq kimi cəmiyyətdə öz əksini tapır. Eyni proses insanların təbii ehtiyatlardan istifadəsi zamanı da baş verir. Təbii su ehtiyatlarının nəzarətsiz istifadəsi və tullantı sularının insan tərəfindən təbii su anbalarına fərq qoymadan axıdılması, suyun daha da qıtlığı, suyun çirklənməsi, müxtəlif xəstəliklərin artmasına va yayılmasına səbəb olur. Su ehtiyatlarının mümkün azalmalarına qarşı həlli yollarından biri də sudan mümkün qədər qənaətli istifadə, təsərrüfat və məişətdə yolverilən su itkilərinin qarşısının azaldılmasıdır.
Suya qənaət etməyin ən yaxşı yolu əhalinin sudan istifadə etikasına düzgün əməl etməsidir. Buna görə də əhalidə ekoloji savadın artırılması vacibdir. Əgər hər kəs suya qənaət vərdişlərinə yiyələnə bilsə, o zaman Azərbaycanda hal-hazırda isifadə edilən suyun 20 faizi ilə bütün ehtiyacları ödəmək olardı.
Hər bir insan suya qənaət etməlidir ki, bu da ölkədə sudan qənaətlə və səmərəli istifadənin qurulmasına kömək edəcək. Elm adamları yekdilliklə iddia edirlər ki, ev təsərrüfatları səviyyəsində qənaət diqqətdən kənarda qalmamalıdır. Hər kəs kranı açanda düşünməlidir ki, su sərfiyyatının azaldılmasına töhfə verə bilər.
Yeganə çıxış yolu həm istehsalatda, həm kənd təsərrüfatında, həm də məişətdə hər bir damcı suya qənaət etməkdir. Bu, istisnasız olaraq hər bir insanın vərdişinə çevrilməlidir. Gələcəkdə su qıtlığı ilə üzləşməmək üçün hamılıqla sudan qənaətlə, səmərəli istifadə etməli, su itkilərinə yol verməməli, içməli sudan texniki məqsədlər üçün istifadə etməməliyik. İçməli su ilə maşın, xalça yuyulması, təsərrüfatların suvarılması kimi halları aradan qaldırmaq lazımdır.
Hər gün şəxsi gigiyena qaydalarının gözlənilməsi zamanı, əl-üz yuyularkən, dişlərinizi fırçalayarkən və duşdan istifadə edilərkən açıq krandan suyun boş axıdılmasına yol verilməməlidir. Su israfının qarşısının alınması üçün dişlərinizin fırçalanması zamanı xüsusi stəkana süzülmüş sudan həm dişlərin, həm də fırçanın yuyulması üçün istifadə etmək lazımdır. Eyni zamanda şəxsi gigiyena qaydalarının gözlənilməsi zamanı ə1-üz yuyularkən, duş qəbul edərkən axar suya ehtiyatla yanaşmalı, su israfçılığına yol verilməməlidir. Axar suyun israfçılıqla axıdılması gündəlik həyatda insan tələbatı üçün nəzərdə tutulmuş suyun dəfələrlə artmasına gətirib çıxarır.
Azərbaycanda milli səviyyədə ölkənin ehtiyatlarının idarə edilməsinin optimallaşdırılmasının hansı yolu seçilirsə, uğur hər bir fərdi vətəndaşdan, bizim suya ən qiymətli sərvət kimi şüurlu və diqqətli münasibətimizdən asılıdır.
Hər bir vətəndaş suya qənaət və ondan səmərəli istifadə etməli və ümumilikdə suya olan yanaşmasını dəyişməlidir.
Xanlar Qəmbərov,
İsmayıllı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru