Ümidlər ölmür
Hekayə
Dan yeri təzəcə sökülürdü. Səmanın qaranlığı öz yerini Günəşə verib, yavaş-yavaş gizlənirdi. Hava tamamən işıqlanmadığı üçün kənd əhli hələ də yatırdı. Yaz fəsli olduğundan havanın sakit olması kəndə xüsusi gözəllik verir, üstünə şeh qonmuş, yenicə çiçək açan otların ətri qəlb oxşayırdı. Nəsib və ailəsi hələ də yuxudan ayılmamışdılar. Ailə dünən axşam böyük oğulları, səkkiz yaşlı Fəridin ad gününü qeyd etmişdi. Nəsib və həyat yoldaşı Səlimənin, oğlu Fəriddən başqa dörd yaşlı Ayşən adında balaca bir qızları da vardı. Valideynlər dünən Fəridi təbrik edəndə balaca Ayşəni də unutmamışdılar. Fərid üçün hədiyyə alınarkən bacısı üçün də hədiyyə alınmışdı. Axşam Fəridin adına süfrə açılmış, yemək yeyiləndən sonra çay dəstgahı qurulmuşdu. Balacalar valideynlərinin qucağında əyləşərək bir-birlərinin bəhsinə çoxlu şeirlər, tapmacalar demişdilər. Fərid yaşca böyük olduğundan şeir və tapmacaları bacısı Ayşəndən daha çox bilirdi. Ayşənin dediyi şeirlər, tapmacalar qurtaranda uşaq həyəcanı ilə əsəbləşir, qardaşını bu “yarışmada” üstələmək istəyirdisə də alınmırdı. Əsəbindən ağlayanda isə valideynləri onu bərk-bərk bağrına basıb öpürdülər. Sonda isə balacalar öz hədiyyələrini alıb, yataqlarına girib yuxuya getmişdilər. İndi isə gecədən xeyli keçmiş, sübh açılmaq ərəfəsində idi.
Sübhün sakitliyini kənd itlərinin səs-səsə verib, kəndin müxtəlif yerlərindən hürməkləri pozdu. İtlərin bu cür fasiləsiz hürməyinə ailədə ilk olaraq Səlimə ayıldı. Dərin yuxuda olan həyat yoldaşını çağırıb:
– Nəsib, ay Nəsib? – deyə ərini oyatmağa çalışdı.
– Həə, nə olub? – Nəsib gözlərini açmadan soruşdu.
– Ay Nəsib, bu itlər niyə belə hürürlər, eşidirsən? – Səlimə yarı həyəcanla sual etdi. Nəsib cavabında:
– Yat ay qız, itin işi, peşəsi hürməkdir də, yəqin yenə meşə tərəfdən çaqqal zad görüblər! – deyərək öz fikrində haqlı olduğunu düşünüb yenidən yatmağa çalışdı. Çünki kənd meşəyə yaxın olduğundan mal-qaranı ovlamaq üçün tez-tez çaqqallar, canavarlar kəndə hücum çəkir, kənd itləri də belə hallarda səs-səsə verib hürüşürdülər.
Səlimə ilə Nəsibin qısa söhbətindən çox keçməmiş kəndin aşağı hissəsində dəhşətli bir gurultu qopdu. Qopan gurultudan hər ikisi diksinib yerlərində oturdular. Bir anlıq bu gurultunun kəndin hansı tərəfindən qopduğunu, bu gurultunun nəyə aid olduğunu düşünərkən ikinci belə bir səs onları ayağa qalxıb evin pəncərəsindən həyətə baxmağa məcbur etdi. Nəsibin evi kəndin yuxarı hissəsində yerləşdiyindən kəndin aşağı hissəsi aydın görünürdü. Evin ikimərtəbə olması kəndin bir çox yerlərinə asanlıqla baxmağı daha da asanlaşdırırdı. Pəncərədən baxarkən iki böyük, qara tüstünün qalxdığını görən Nəsib və Səlimə hələ də nəyin baş verdiyini anlamağa çətinlik çəkirdilər. Səsin və meydana gələn qara tüstülərin hər hansısa bir partlayışa aid olduğu məlum idi. Amma hansı partlayışa? Bu vaxt üçüncü partlayış daha yaxında, Nəsibin qonşusu Əbdüləziz kişinin həyətində qopdu. Partlayışın yaratdığı güclü səs axınından Nəsibin evinin şüşələri çilik-çilik olub yerə səpələndi. Səlimənin qolundan tutub kənara çəkən Nəsib uşaqlar yatan otağa keçərək uşaqları da, Səliməni də götürüb arxa otaqlardan birinə yerləşdirdi. Özünü itirən Səlimə nə edəcəyini bilmir, hər şeyə Nəsib nəzarət edirdi. Onları arxa otağa yerləşdirən ailə başçısı uşaqlarının analarının yanında yerdə oturmağı tapşırıb nə baş verdiyini tam anlamaq üçün yenidən öz otağına, pəncərənin qarşısına çəkildi. Pəncərədən ehtiyyatla ətrafa baxan Nəsibi dəhşət bürüdü. Bir-birinin ardınca gələn zirehli maşınlar ayrı-ayrı küçələrə burulur, gözlərində nifrət, üzlərindən vəhşilik yağan saqqallı əsgərlər isə üç-üç, beş-beş həyətlərə soxulurdular. Nəsib özünün eşidəcəyi və nifrət duyulacağı tərzdə “ermənilər” deyə səsləndi.
Pəncərədən çəkilib əyilərək yatdığı çarpayıya yaxınlaşıb əlini çarpayının altına saldı. Babasından qalma köhnə beşatılan tüfəngi götürüb yenidən pəncərəyə yaxınlaşdı. Hiss edirdi ki, ürəyi bərk çırpınır. Həyəcan və qorxu onu bürümüşdü. Əslində o, özü üçün qorxmurdu, ailəsinə nəsə ola biləcəyindən qorxurdu. Namusunun gözü qabağında tapdalanmasından qorxurdu, övladlarının canlarının ağrıyacağından və onların bu ağrılara dözə bilməyib qışqıraraq ağlayacaqlarından qorxurdu. Bunları ağlından keçirərək ehtiyatla pəncərədən boylanıb qonşu həyətlərdə baş verən hadisələrə baxdı. İlahi, bu nə vəhşiliklərdir, camaat evlərindən zorla çıxarılır, böyüklər, uşaqlar yerindəcə güllələnirdilər. “Aman!” deyənə aman verilmirdi. Bəzi körpələr valideynləri qarşısında, bəzi valideynlər də övladları qarşısında bıçaqla doğranır, bəzən də diri-diri yandırılırdılar. Bunları seyr etdikcə dəhşətə gələn Nəsib kövrəlirdi. İllərlə yaxşı tanıdığı, bəziləriylə uşaqlıq illəri bir keçən, bəzilərinin hər gün olmasa da tez-tez həyətlərinə gedib çay süfrəsində əyləşdiyi, bir-birinin karına gələn qonşuları indi vəhşicəsinə qətlə yetirilirdilər. Ən pisi də bu idi ki, Nəsib onlara kömək etmək istəsə də edə bilmirdi. Beşatılanda olan cəmi üç güllədən başqa gülləsi yox idi. O, indi başa düşürdü ki, bir azdan onun da ailəsinin növbəsi çatacaq. Başqa cür ola da bilməzdi. Başa düşürdü ki, onun da, ailəsinin də sonu çatıb. Bu zaman fikrindən keçirtdi ki, həyat yoldaşını da, övladlarını da və nəhayət özünü də öldürsün. Öldürsün ki, ailəsini gözləri qarşısında bu cür vəhşiliklərlə qətlə yetirməsinlər. Atılan güllələrlə artıq onun da evini hədəf seçdilər. Nəsib dərhal yerə yatdı. Nə edəcəyini bilməyən ailə başçısı ailəsi olan otağa keçmək istəsə də atılan güllələr buna imkan vermirdi. Pəncərələrdən, qapılardan içəri daxil olub tavana, divarlara dəyən güllələr dəydiyi hər yeri dağıdırdı. Bir anlıq evə daxil olan güllələr ara verib susdu. Nəsib bu boşluqdan istifadə edib arxa otağa, ailəsinin yanına keçmək istərkən oğlu Fərid arxa otaqdan qaçıb atasına sığındı. Nəsib:
– Bura niyə gəldin, ananla bacın salamatdırlar? – həyəcanla uşaqdan soruşdu. Uşaq isə titrək səslə:
– Ata, bunlar kimdir, niyə belə eləyirlər? – deyib atasını bərk-bərk qucaqladı. Atası nə cavab verəcəyini bilmirdi. Axı Fərid hələ uşaq idi. Ona elə cavab verməliydi ki, verdiyi cavab uşağı qane etsin. Əvvəlcə cavabında “erməni itləridir” demək istədi, amma “it” deməyə dili gəlmədi. Düşündü ki, itlər heyvan da olsalar, bir çoxlarından vəfalı olurlar, onlara çörək, su verən insanlara sadiq qalırlar. Hətta çox vaxt sahiblərinin həyatını hansısa təhlükədən xilas etmək üçün özlərini təhlükəyə belə atmağı bacarırlar. Ona görə də “it” demədi. Azacıq susub:
– Heç oğlum, bunlar acından quduzlaşmış çaqqallardır, qorxma, bizə heç nə edə bilməzlər! – dedi. Sonda “bizə heç nə edə bilməzlər” sözləri sadəcə ümid üçün, övladından qorxunu kənarlaşdırmaq üçün deyilən sözlər idi. Nəsib yaxşı başa düşürdü ki, bu qədər vəhşilərin qarşısını təkbaşına almaq mümkünsüzdür, həm də üç gülləsi olduğunu bilərək. O, ata idi. Təbii ki, övladını qorumaq, qorxulardan uzaq tutmaq ona aid idi. Bütün atalar övladlarının qəhrəmanı olurlar. Dünyadakı bütün uşaqlar atalarının heç kim tərəfindən məğlub edilməyəcəklərini zənn edir, bütün təhlükələrdə onları öz xilaskarları hesab edir və onlarla fəxr edib qürurlanırlar.
Mübahisələrdən asılı olmayaraq bütün atalar da övladlarının yanında məğlub olmaq istəməz, istəməz ki, övladının güvəndiyi, qürur duyduğu mənliyi əzilsin, sınsın. İndi isə bir atanı övladı qarşısında ən ağır imtahanlardan biri gözləyirdi. Nə edəcəyini, nə cür qərar verəcəyini bilmirdi. Uşaq isə atasını qucaqlayıb buraxmırdı. Gözləyirdi ki, güvəndiyi, özünə dağlar boyda arxa bildiyi atası nəsə bir qəhrəmanlıq göstərəcək, onları bu səs-küydən, bu dağıntılardan və ən əsası bu vəhşiliklərdən xilas edəcək. Bəlkə də atası haradansa nağıllardan, əfsanələrdən eşitdiyi Simurq quşunu çağıracaq, o da gəlib onları qanadlarına alıb “çaqqalların caynaqları, iti dişləri” çatmayan yerlərə aparacaq. Təəssüflər olsun ki, bütün bunlar yalnız və yalnız xəyaldan başqa bir şey deyildi. Nə atası qəhrəmanlıq göstərə bilib onları azad edəcək, nə də Simurq quşu gəlib çıxacaqdı.
Nəsib bayaq ağlından keçənləri indi etmək qərarına gəldi, ailəsini və özünü öz əliylə öldürmək. O bunu acizlik kimi qəbul etmirdi, yalnız vəhşiliklə ailəsinin qətlə yetirilməsini istəmirdi. Fəridi özündən kənarlaşdırıb tüfəngi onun sinəsinə tərəf tutdu. Tüfəngi oğlunun sinəsinə tərəf tuşlayan ata gözlərini yumub ağlayırdı, bu ağır səhnəyə baxmaq üçün onda güc yox idi. Uşaq əllərini yanına salaraq, başını azacıq sağ tərəfə əyib məsum-məsum atasına baxırdı. Sanki demək istəyirdi: “Ata, məni vurma, axı mən balacayam, mən bu kobud güllənin acısına, ağrısına dözə bilmərəm, axı sən razı olmazsan ki, mənim bir yerim ağrısın, sən istəməzsən ki, mən al-qana boyanım”. Nəsib isə ağlaya-ağlaya Allaha yalvarırdı:
– Allahım, mənə güc ver, mənə güc ver ki, bu çətin işin öhdəsindən gələ bilim, istəmirəm ailəmi gözlərim qarşısında incitsinlər, istəmirəm namusum tapdalansın, Allahım, məni əfv et ki, mən öz ailəmin qatili oluram! – Nəsib bunları dilinə gətirdikcə ağlayırdı. İndiyə qədər övladlarına bir şey olmasını istəməyən ata indi onların qatili olacaqdı. Sakitcə əlini tətiyə apardı. Fərid atasına baxır, onun nə üçün ağladığını düşünürdü. Atasının qorxmaz, hamıdan güclü olduğu təqdirdə nə üçün ağladığı ona təəccüblü gəldi və atasından soruşdu:
– Ata, niyə ağlayırsan, yoxsa qorxursan? – bu sözləri eşidən Nəsibin əlləri boşaldı, oğlunu vura bilmədi, cavab vermədən oğlunu yenidən qucaqladı. O, uşağı qucağına alıb Səlimə və qızı Ayşən olan otağa keçmək istədi. Bu zaman atılan mərmilərdən biri Səlimə ilə qızının gizləndiyi otağa düşüb partladı. Partlayış o qədər bərk oldu ki, başqa otaqlarda olan əşyalar da yerə dağılıb səpələndilər. Evi bürüyən tüstüdən, alovdan göz-gözü görmürdü. Nəsib daha da özünü itirdi, özünə gələndən dərhal qışqırmağa başladı”:
– Səliməə, Ayşəənn!
Artıq nə Səlimə vardı, nə də Ayşən. Mərminin düşdüyü otaqda Səlimə də, qızı Ayşən də parça-parça olmuşdular. Nəsib uşağı yerə qoyaraq tüfəngi götürüb pəncərəyə yaxınlaşdı, silahı əlində hazır tutub həyətə boylandı. Həyətə ilk soxulan erməni dığasını nişan alıb yerindəcə güllələdi. Ev sahibinin əli silahlı olduğunu görən “çağırılmamış qonaqlar” pərən-pərən olub ətrafa səpələndilər. Onların çaşqınlığından istifadə edən Nəsib silahı hazır vəziyyətə gətirərək nişan alıb ikinci gülləsini də atdı. Bu dəfə sifətindən əsl vəhşilik yağan ikinci şərəfsiz yerə sərildi. Amma neyləmək olar, onlar çox, Nəsib tək. Ev yenidən atəşə tutuldu. Nəsib tüfəngini üçüncü və sonuncu dəfə hazır vəziyyətə gətirib pəncərənin həyətdən görünməyən tərəfinə söykəndi. Tüfəngə baxıb sonuncu gülləsi haqqında fikirləşdi. O, son gülləsi ilə heç olmasa bir namərdi də öldürüb sonra ölmək istəyirdi. Həm də tək yox, oğluyla bərabər. Düşünürdü ki, bir güllə də atsa ermənilər bəlkə evə ikinci mərmini atdılar. Beləcə oğlunun da, özünün də canı birdəfəlik qurtarardı. Onlardan aman istəmək, təslim olmaq barəsində düşünməyi belə özünə sığışdırmırdı, “öləcəyəmsə kişi kimi ölüm, onlara yalvarmadan ölüm” – deyə qəlbindən bu fikirləri keçirirdi. Son dəfə oğluna baxdı. Fərid yerə oturub dizlərini qucaqlamış və atasına baxırdı. Hər ikisi bir-birinə baxıb susurdular. Bu baxışlar vida baxışları idi, bunu Fərid anlamasa da Nəsib anlayırdı. Atası oğluna tərəf irəliləyib onu bağrına basdı, qucaqlayıb, öpdü:
– Bağışla, oğlum, – dedi, – bağışla ki, sizi qoruya bilmədim! Uşaq isə heç nə danışmır, son dəfə atasının qoxusunu duyurdu. Artıq ata ağlamırdı, barışmışdı hər şeylə. Onsuz da yaşamağa ümid qalmamışdı. Nəsib ayağa qalxıb pəncərəyə yaxınlaşdı. Ehtiyatla özünü göstərmədən bayıra baxıb sonuncu “hədəfini” seçərək yenidən aşağı əyildi. Həyətdəki çinar ağacının arxasında gizlənən snayperi isə görə bilmədi. Əslində bu heç ona lazım da deyildi. Təki son gülləsi boşa çıxmasın, özünün isə şəhid olacağı aydın idi. Dərindən bir neçə dəfə nəfəs alıb kəlimeyi-şəhadətini dilə gətirdi. Dərhal ayağa qalxıb əvvəlcədən yerini təyin etdiyi “hədəfə” tərəf atəş açdı. Onun atəş açmasıyla snayperin atəş açması eyni oldu. Nəsibin “hədəfi” yerə sərilərək ilan kimi qıvrılırdı. Onun isə bundan əsla xəbəri yox idi, çünki o da snayperin hədəfində idi. Açılan güllə boğazından dəyib onu yerə yıxmışdı. Sağ əli boğazında xırıldaya-xırıldaya çırpınan Nəsib bir neçə saniyədən sonra gözlərini əbədi olaraq yumdu. Dizlərini qucaqlayıb bir küncdə, yerdə oturan Fərid atasının qan içində olduğunu görüb özünü onun üstünə saldı və:
– Ata, ata, qalx! Nə olar, qalx da, ölmə, nə olar! – deyib ağlamağa başladı. Atası isə cavab vermək iqtidarında deyildi, ölümün ən uca zirvəsinə, şəhidlik zirvəsinə ucalmışdı. Artıq evə də güllə atılmırdı. Evdən atəş açan adamı öldürdüklərini görən ermənilər evdə yenidən silahlı kiminsə olduğunu düşünüb həyətdən azərbaycanca qırıq-qırıq qışqırdılar:
– Evdə kim varsa, evi tərk etsin, üç dəqiqə vaxt veririk!
Birdən Fəridin ağlına nə gəldisə cəld ayağa qalxıb mərmidən dağılmış daşların, əşyaların arası ilə mətbəxə keçdi. Toz basmış masanın üzərindən balaca əlləri ilə nəsə götürüb həyətə düşmək üçün evin qapısına yaxınlaşdı. Qapı yavaşca açıldı, qapı tərəfə baxan erməni əsgərləri dərhal silahlarını qapıya tuşlayıb dayandılar. Pilləkənlərlə həyətə düşən Fərid əllərini birləşdirərək irəli tutub onlara tərəf yeriməyə başladı. Uşağın əlləri arasında nəyinsə olduğunu görən erməni zabiti iki-üç addım geri çəkilərək öz murdar dilində səsləndi:
– Əsgər Gevorq!
– Mən! – üzündə nifrət dolu bir əsgər arxadan dilləndi.
– Bu azərilərin uşaqları da özləri kimi təhlükəlidir, görürsən, əlində nəsə gətirir, dəqiq bilirəm ki, bu halqası çəkilmiş əl qumbarasıdır, əlindən buraxsa, ananız ağlar qalacaq. Nişan al, vur! – gözlərini uşaqdan çəkməyən zabit dedi.
– Oldu, yoldaş kapitan! – gözləri qızmış əsgər cavab verdi.
Bu vəhşi silahını düz Fəridin silahına tuşladı, bayaq atasının vurmaq istədiyi, lakin vura bilmədiyi kiçik, hələ sümükləri bərkiməmiş sinəsinə. İnsanlıqdan, mənəviyyatdan uzaq olan bu alçaq, şərəfsiz əsgər onlara tərəf yavaş-yavaş yeriyən uşağa gözlərini qırpmadan atəş açdı. Sinəsinə dəyən güllənin təsirindən Fərid müvazinətini saxlaya bilməyib bir neçə addım geriyə düşüb yerə yıxıldı, əlləri boşaldı. Uşağın əlindən düşən “əl qumbarasının” partlayacağından ehtiyat edən dığalar yerə uzanıb əlləri ilə başlarını tutdular. Hamı onun partlamasını gözləyirdi, beş saniyə, on saniyə, iyirmi saniyə…, partlayış nəsə baş vermirdi. Kapitanın fikrincə deməli bunda nəsə nasazlıq vardı. Bir neçə saniyə də keçdikdən sonra kapitanın:
– Gizir Tomasyan! – çığırtısına: – Burda!- deyib, Fəridin cansız bədənindən on beş metr aralıda uzanmış gizir cavab verdi.
– Get, onun gətirdiyini zərərsizləşdir! – kapitan əmr etdi.
Üst-başından pintilik yağan gizir udqunaraq ayağa qalxıb ehtiyatla, qorxa-qorxa “qumbara” düşən yerə tərəf addımladı. “Əl qumbarası” balaca bir dəsmala bükülmüşdü. Gizir əlini dəsmala toxunduranda içində nəsə yumşaq bir şey olduğunu sezdi. Deməli, bu, onların zənn etdikləri kimi deyildi. O, tez dəsmalı açıb içindəkinin nə olduğunu gördükdə əvvəl təəccübləndi, sonra isə bərkdən-bərkdən gülməyə başladı. Üzünü qorxudan yerə uzanmış şərəfsiz yoldaşlarına, xüsusən də kapitana tutub:
-Bu ki çörəkdir! – deyib həyasız-həyasız gülməyinə davam etdi. Yerə uzanan kapitan və əsgərləri təhlükənin yox olduğunu anlayıb ayağa qalxdılar. Hamı silahlarını göyə qaldırıb bir ağızdan: – Yaşa Gevorq, yaşa Tomasyan! – çığıra-çığıra sevinməyə başladılar. Sanki onlar dünyanın ən qatı terrorçusunu, ən qatı cinayətkarını öldürüb zərərsizləşdirmişdilər. Kapitan əsgərlərinə həyətdən çıxmaq, digər həyətlərə girmək əmrini verdi. Gizir yerdə uzanmış Fəridə yaxınlaşıb çəkməsinin ucu ilə: – Yaman qorxutdun bizi, balaca! – deyərək, üzündən təpiklə vurub yoldaşlarının ardınca həyətdən çıxdı.
Fərid isə arxası üstə yerdə qalaraq, gözləri yarıqapalı, yarıaçıq sanki səmaya baxırdı. O, vurulmamışdan qabaq evdə olarkən atasına verdiyi sualı və aldığı cavabı xatırlamışdı. Atasından, “Ata, bunlar kimdir, niyə belə eləyirlər?” sualına atasının, “Heç, oğlum, bunlar acından quduzlaşmış çaqqallardır” cavabını almışdı. Atası şəhid olduqdan sonra onu uşaq marağı ilə bir şey düşündürdü: “Əgər bunlar ac çaqqallardısa, yəqin ki, yeməyə nəsə bir şey istəyirlər, hər halda atamı da, anamı da, bacımı da öldürməzdilər. Bəlkə onlara çörək versəm çıxıb gedər, daha nə mənimlə, nə də başqaları ilə işləri olmaz”. Axı balaca Fərid anasının danışdığı nağılları da xatırlamışdı o an. O, nağıllardan eşitmişdi ki, əgər vəhşi heyvanlar ac olarsa digər canlıların üzərinə hücüm edər, yox əgər tox olsalar heç bir canlı ilə işləri olmaz. Məhz buna görə də Fərid mətbəxə keçib masanın üstündə axşamdan qalan, dəsmalın içərisindəki çörəyi bu azğın vəhşilərə aparmaq istəmişdi. Aparmaq istəmişdi ki, bəlkə bu azğınlar birdəfəlik çıxıb gedərlər. Lakin Fərid bu vəhşilərin tarix boyu ac olduqlarını, nə qədər “yesələr” də, doymadıqlarını bilmirdi. Axı o, bilmirdi ki, əsrlər boyu bu alçaqlar ata-babalarımız tərəfindən nə qədər “yedirilsələr” də, “yallansalar” da vəhşi, yırtıcı olduqları kimi də qalıblar. Yırtıcının isə nə doymuşu, nə acmışı?! Yırtıcı elə yırtıcıdır!..
Samir Abdullayev,
Azərbaycan Yazıçılar Birliyinin üzvü