“Dağ çiçəkləri”
Ya öldür, ya xilas et
Verim gözlərimi, bir bax özünə,
Baxıb vurulmasan, qoy mən kor qalım.
Kor nə həzz alacaq baxmaqla günə –
Sənsiz bir dünyadır sənsiz əhvalım.
Qüdrət sahibinin vaxtı çox olub,
Bu qədər yaraşıq, nur verib sənə.
Səni görən gündən huşum yox olub,
Ümid ver, gedən ruh qayıtsın yenə.
Üz-üzə gəlirik, tutulur nitqim,
Dönüb şeir olur demədiklərim.
Məni bu hal ilə tanımaz heç kim,
Dil-dodaq quruyur, qurumur tərim.
Əzaba salmışam özüm-özümü,
Barı bir yol deyə: Yolunu düz get!
Xərclədim Haqq mənə verən dözümü –
İndi sən ya öldür, ya da xilas et!
Şahməmməd Dağlaroğlu
Mən olmayanda
Bu torpaq üstündə, bu səma altda,
Dünyaya göz açdım bir qış ayında.
Böyüdüm, uşaqlıq qınından çıxdım,
Qaldım ürəyimin arzu-hayında!
Düşdüm şairliyin həvəsinə mən,
Az-çox ana yurddan, Vətəndən dedim.
Hər kəlmə başına ana, can ana,
Gah Vətəndən dedim, gah səndən dedim.
Ay dönər, il ötər, əsrlər keçər,
Köçərəm, məni də Vətən, el anar.
Deyər ki bir Mövlud oğlum da vardı,
Hüsnümə dəyərli şeir yazardı.
Mövlud Teymur
Gəlmişəm
Ürəyim şırım-şırım,
Qarşı dərə,uçurum,
Könlüm quşun uçurum,
Uzaqlardan gəlmişəm.
Hələ dünyada varam,
Dağlarda bəyaz qaram,
Əriyib qurtarmaram,
Sazaqlardan gəlmişəm.
Parçalanmaz sərt qayam,
Coşqun dəniz, dəryayam,
Sellənib axan çayam,
O dağlardan gəlmişəm.
Dönüb arzum gerçəyə,
Tər gülə, tər çiçəyə,
Dolub yaşıl qönçəyə,
Budaqlardan gəlmişəm.
Sönməz atəşim, odum,
Səni necə unudum?
Yağıb gözdən buludum,
Yanaqlardan gəlmişəm.
Murad Məhərrəmov
Gəzir
Məhəbbət çoxunun evini yıxdı,
Kimini odlarda yandırdı, yaxdı.
Kimi aşiq olub dağlara çıxdı,
Kimi səhralarda divanə gəzir.
Aldığın hər nəfəs, gördüyün yuxu,
Tanrı varlığına dəlildir axı.
Bəs niyə görəsən, hələ də çoxu,
Onu yaradandan nişanə gəzir?
Ucalsan çox olur yoldaş deyənlər,
Ən əziz, istəkli sirdaş deyənlər.
Elə ki düşürsən, qardaş deyənlər,
Səndən üz çevirib biganə gəzir.
Bəzən bu dünyadan uzaq kimisən,
Bəzən də közərən ocaq kimisən.
Kərimi, lap körpə uşaq kimisən,
Gözün ağlamağa bəhanə gəzir.
Yaqub Kərimi
Bu gecə
Sən gələydin qaranlığı yararaq,
Qovuşaydı can ilə can, bu gecə.
Ulduzları çağıraydıq otağa
Olaydılar eşqə heyran, bu gecə.
Suya dönüb irmaqlara axaydıq,
Qoşa durub ulduzlara baxaydıq.
Qaranlıqda şimşək kimi çaxaydıq,
Dayanaydı burda zaman, bu gecə.
Dindirəydin ürəyimin sazını,
Qaytaraydın mənə ömrün yazını.
Oxşadıqca sən bu dağlar qızını,
Mən olaydım dərin ümman, bu gecə.
Qara gözün qaranlığa nur saça,
Pəncərəmdə çiçəklərim dil aça.
Aralayıb tül pərdədən astaca
Çağıraydıq Ayı mehman, bu gecə.
Od alaydı kül altından közümüz,
İsinəydik bu ocaqda özümüz.
Uzanaydı söhbətimiz, sözümüz,
Yox olaydı acı hicran, bu gecə.
Çin olaydı Zərifənin röyası,
Coşub daşsın, sevgi adlı dəryası.
Nur saçaydı sevənlərin dünyası,
Yazılaydı belə fərman, bu gecə.
Zərifə Zərri
Olaq
Əl atıb dünyanın yaxşı işinə,
Yaxşılıq içində yaşayan olaq,
Baxmayaq cavan, ya qoca yaşına,
Ürəkdə sevgilər daşıyan olaq.
Onsuz da dəyişib əməl, vərdiş də,
Hiylə, kələk olur indi çox işdə,
Doğruluq önündə dayanaq başda,
Xeyir əməllərdən başlayan olaq.
Üz-üzə, göz-gözə tutub əllərdən,
Qeybəti bitirək yaman dillərdən,
Uzaqdan, yaxından, qərib ellərdən,
Dost-tanış yad edib yaşayan olaq.
Sabahı kim bilir, nə olar nədən?
Olmayaq öz xeyrin hər yerdə güdən,
Heç nə aparmayıb dünyadan gedən,
İnsantək sərvətə boş deyən olaq.
Mehriban İbrahimova
Tənha qalanda
Bulud da ağlayır gözü dolanda,
Çiçək də saralır ömrü solanda.
Niyə ağlamasın Adəm övladı,
Ürəyi qəhərli, qəmli olanda?
Deyirlər kişilər ağlamaz, canım,
Kişi də ağlayır ürək dolanda.
Sonsuza aparır xəyal insanı,
Bircə gün dərdiylə tənha qalanda.
İnsan bircə əlçim yumağa dönür,
Gözləri önündə şamı sönəndə.
Kədərdən, qüssədən əyilir beli,
Taleyi kəm gəlib, bəxti dönəndə.
Ağacdan üzülüb düşür yarpaq da,
Neftsiz qalan anda sönür çıraq da.
Oxunur qəm-qüssə bəzən yanaqda,
Yanağa qəm-kədər kölgə salanda.
İnsan əzab çəkir tənha qalanda,
Ürəyi kədərlə, dərdlə dolanda.
Xuraman Baxış
Sındırmır niyə…
Həsrətinin vüsalı,
Qaldırıb göyə məni.
Tapdığımı tapmışam,
Endirmir niyə məni?
Bu göylər də tamaşa…
Az qalır göz qamaşa,
Ya qara, ya yağışa,
Döndərmir niyə məni?
Buz kimidir əllərin,
Duz kimidir tellərin,
Şirin-şirin dillərin,
Dindirmir niyə məni?
Yanaqların köz deyil?
Köz elə ucuz deyil.
Yandırdığı bəs deyil?
Söndürmür niyə məni?
Gör nələr var başımda…
İtmişəm qırışımda,
Dünyanın çıxışında,
Sındırmır niyə məni?
Cəbrayıl Hüseyn
Dağlar
Gözlərimdən qan tökülür,
Gözü yaşla dolan dağlar.
Elə bilmə sənsiz gülür,
Həsrət çəkir balan, dağlar!
El düşüb səndən aralı,
Olubdu indi haralı?
Saralıb, solub, yaralı,
Güclə nəfəs alan, dağlar.
Gözəllər gəlmir bulağa,
Çay səsi yetmir qulağa.
Həvəsim yox gül olmağa,
Tər gülləri solan dağlar.
Sıralanıb, düzülmüsüz,
Bizsiz qalıb üzülmüsüz.
Yad baxışdan büzülmüsüz,
Sanki görüb talan dağlar.
Aşıqlar çalmır sazını,
Yellər yaymır avazını.
Yasda keçirir yazını,
Saçlarını yolan dağlar.
Tale mənə zülüm etdi,
Xoş günlərim yarla getdi.
Yüz arzumdan biri bitdi,
Hər şey oldu yalan, dağlar!
Dünya dönük, fələk zalım,
Çatmır sizə ünüm, halım.
Nizamiyəm, necə qalım,
Nəcibəsiz qalan dağlar?!
Nizami Göyçəli
Qorxma qocalıqdan
Dünya hey fırlanır, səhər, axşamdır,
Ömür dediyimiz yanan bir şamdır,
Qocalıq hikmətdir, bir ehtiramdır,
Qorxma qocalıqdan, hamı qocalır.
Cavanlıq sinədə çalınan tardır,
Meyvəli bağlarda ətir, nübardır,
Qocalıq uzaqdan gələn qatardır,
Qorxma qocalıqdan, hamı qocalır.
Deyirlər qocalıq bir ucalıqdır,
Cavanlıq da badədəki sağlıqdır,
Həyat yolu daş-kəsəkdir, dağlıqdır,
Qorxma qocalıqdan, hamı qocalır.
Mən təkcə Günəşin pərvanəsiyəm,
Hər iki dünyanın divanəsiyəm,
Ağ saçı darayan külək səsiyəm,
Qorxma qocalıqdan, hamı qocalır.
Dünya dəniz, insan torunda balıq,
Bu dünyada at oynadır cavanlıq,
Xəbərsizdir, tərkindədir qocalıq,
Qorxma qocalıqdan, hamı qocalır.
Ömür şirin, qüdrətində sayrışar,
Qocalıq son qapı, otağında barışar,
Yarandığı torpağına qarışar,
Qorxma qocalıqdan, hamı qocalır.
Surə Ziyadqızı
Sularım
Alışıb-yanıram pərvanə kimi,
Düşmüşəm çöllərə divanə kimi.
Bilmirəm mən gedim hayana kimi?
A daşlar üstündə axan sularım.
Dar günümdə sizdən kömək istərəm,
Hərdən yanınıza gəlmək istərəm.
Danışmaq istərəm, gülmək istərəm,
Təbəssüm eşqilə axan sularım,
A mənə həsrətlə baxan sularım.
Ömrə bir bəzəkdir, həyata zinət,
Ruha qanad verir, insana taqət.
Necə də gözəldir ana təbiət,
Təbiət qoynunda axan sularım,
A mənə həsrətlə baxan sularım!..
Vəsidə Mustafaqızı
Qara gəlməsin
Yollansın üstünə duzu tam halda,
Çörək tikələnib, para gəlməsin.
Kimi çağırasan dada, biləsən,
Namərd yaxşı günə, zara gəlməsin.
İnsanın taleyi qara gəlməsin.
Yaşanmalı olan hər cür əzaba,
Deyilsin gur səslə “yox” iztiraba.
Köklənsin qəlbin sevinci mizraba,
İnilti, sızıltı tara gəlməsin,
Ağ gəlsin, bəxt, tale qara gəlməsin.
Tapsın öz əliylə bağlıya açar,
Dilində saxlayıb, eyləməsin car.
Qışın qış çağında naəlac, naçar,
Zalımın üstünə qara gəlməsin,
Al gəlsin, gələn bəxt, qara gəlməsin.
Səsi-sədasını yayan yerləri,
Adını tarixə yazan yerləri,
Qoyub gendə qəlboxşayan yerləri,
Bülbüllər xəzana, xara gəlməsin,
Tale nə göy, nə də qara gəlməsin.
Yandırıb, qaraldıb, döndərir külə,
Ağladır güləni, qoymayır gülə.
Gələndə Tamam Nur, gəlir ki, elə,
İşə yaramasın, “kar”a gəlməsin,
İnsanın taleyi qara gəlməsin.
Tamam Nur Tağlabiyanlı
19 avqust 2024-cü il
Əsgərsiniz
Başınıza meh dolanar,
Ətir saçar lalə, nərgiz.
Gözünüzdə ocaq yanar,
Siz açılan səhərsiniz –
Əsgərsiniz!
Damarda axan türk qanı,
Poladdandır iradəniz.
Siz Vətənin şöhrət-şanı,
Qüdrətiniz coşan dəniz –
Əsgərsiniz!
Siz Qarabağ torpağında
Qan tökmüsüz, qoymusuz iz,
Qalib bir el qabağında,
Qəhrəmansız hər biriniz –
Əsgərsiniz!
Öndə Ali Baş Komandan,
O – sevimli, müdrik, əziz!
Fəxr eləyir Azərbaycan,
Siz yenilməz, eşqi təmiz –
Əsgərsiniz!
Şərqiyyə Balacanlı