Söz karvanımız etibarlı əllərdə
İki illik fasilədən sonra “Dağ çiçəkləri” ədəbi məclisi növbəti yığıncağını keçirməklə fəaliyyətinin davamiyyətinə başlayıb. Yığıncaq rayonun Uşaq kitabxanasında keçirilib.
Əvvəlcə ötən müddət ərzində dünyasını dəyişmiş qələm yoldaşlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edilib. Məclisə rəhbərlik etmiş ziyalılarımız haqqında xoş xatirələr söylənilib. Ruhlarına Allahdan rəhmət dilənib.
Dərnək üzvləri söz, sənət adamlarını dəyərləndirmək, gənc, yaradıcılığı yeni başlamış müəllifləri üzə çıxarmaq, sözün dəyərini yüksəltmək üçün müxtəlif tədbirlərin keçirilməsinin vacibliyindən söhbət açıblar.
Görüşdə iştirak edənlərin hər biri öz çıxışında “Dağ çiçəkləri” ədəbi məclisinə Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, “İsmayıllı xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru, şair Şahməmməd Dağlaroğlunun rəhbərlik etməsini məqsədəmüvafiq hesab edib. Beləliklə, Şahməmməd Nurulla oğlu Soltanov – Şahməmməd Dağlaroğlu ədəbi məclisin yeni rəhbəri seçilib.
Ədəbi məclisin yeni rəhbəri etibar və etimad üçün qələm dostlarına təşəkkür edib. Dərnəyin işi ilə bağlı görülməsi əhəmiyyət kəsb edən fikirlərini açıqlayıb.
Dərnəyin gələcək toplantılarının da bir qayda olaraq hər ayın ilk şənbə günündə, saat 10-da, rayonun Uşaq kitabxanasında keçirilməsi təklifi dəyişməz qalıb.