Görülən iş bəhrəsini verəcək   

Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Sərəncam imzalayıb.

Türkiyə Respublikasının İstanbul şəhərində 2023-cü ilin noyabr ayının 10-da keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı – 2024” Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilib.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (ICYF) ölkələrin inkişafında mühüm rol oynayan gənclərin bacarıqlarını artırmaq məqsədilə hər il İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən bir şəhəri “Gənclər Paytaxtı” seçir və il boyu bu şəhərdə beynəlxalq tədbirlər təşkil etməsi artıq ənənə halını alıb.

“Şuşa şəhərinin 2024-cü il üçün İƏT “Gənclər Paytaxtı elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 17 aprel 2024-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət rəsmiləri, İƏT Gənclər Forumu, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nümayəndə heyətləri, müxtəlif qurum və təşkilatların rəhbər nümayəndələri, eləcə də 36 ölkədən 150-dən çox gənc iştirak edib.

İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin bir çox yüksək səviyyəli rəhbərlərinin və gənclərinin iştirakı ilə Proqram çərçivəsində qlobal, milli qurum və təşkilatlarla əməkdaşlıq etməklə, müxtəlif fəaliyyətlər, o cümlədən mədəni, təhsil, əyləncə, sosial, idman, mədəniyyətlərarası dialoq, gənclərin liderliyi və bacarıqların artırılması mövzularında layihələrin təşkili və həyata keçirilməsi reallaşıb.

“Şuşa İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı üzrə tədbirlərlə bağlı İsmayıllı gəncləri, eləcə də orta məktəblərin yuxarı sinif şagirdləri ilə bələdiyyə tərəfindən keçirilən görüşlərdə sözü gedən Beynəlxalq Proqramın mahiyyəti barədə söhbətlər aparılıb. Bununla da gənclərin bu kimi proqramlarda fəallıq göstərmələri tövsiyyə olunub.

İnanırıq ki, bu istiqamətdə aparılan ideoloji iş öz bəhrəsini verməklə, fəal gənclərimizin Beynəlxalq arenada tanınmasına da şərait yaradacaqdır.

Ülkər Əsədova,

İsmayıllı bələdiyyəsinin əməkdaşı

Şərh Yaz