Yeni hədəflərə və nailiyyətlərə doğru əmin addımlarla
İsmayıllıda İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müxtəlif idarə və təşkilatlarda ümummilli lider Heydər Əliyevin hakimiyyətə ilk gəlişinin ildönümü ilə əlaqədar “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda silsilə tədbirlər keçirilib.
Belə tədbirlərdən biri İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə ilk gəlişinin ildönümü ilə əlaqədar gerçəkləşib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, məktəb direktorları və müəllimlər iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən R.Məmmədov ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətindən qısa məlumat verib.
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov çıxış edərək müasir Azərbaycanın qurucusu, 44 günlük Vətən müharibəsinin ideoloji əsasını qoymuş ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti haqqında ətraflı danışıb.
Şəhər 1 nömrəli tam orta məktəbin direktoru Gündüz Qədirov 1969-cu ildə Azərbaycanda baş verən ictimai-siyasi proseslərə diqqət çəkərək Heydər Əliyevin hakimiyyətə gəlməsinin zəruriliyini vurğulayıb. Heydər Əliyevin Azərbaycana ilk gəlişindən sonra görülən işlərdən söz açıb.
Çıxışların əksərində ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətlərindən danışılıb, qeyd edilib ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrünün müstəsna yeri var. Bu dövr öz başlanğıcını 1969-cu il 14 iyul tarixindən götürür. Məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi həmin gün müstəqil və qüdrətli Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurların təməl tarixi, həm də Azərbaycan xalqın özünəqayıdışının başlanğıcı kimi xatırlanır.
Həmin dövr xalqımızın və dövlətimizin mənafeyindən irəli gələn əhəmiyyətli addımlar atılıb, misilsiz xidmətlər göstərilib. Həmçinin vurğulanıb ki, ulu öndər Heydər Əliyevin uğurla həyata keçirdiyi siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun inkişaf etdirilərək, ölkəmiz öz qüdrətini günbəgün artırır, yeni hədəflərə və nailiyyətlərə doğru əmin addımlarla irəliləyir.
Tədbirdə Azərbaycanın memarı, ulu öndər Heydər Əliyev haqqında film nümayiş etdirilib, dahi şəxsiyyətin mənalı həyat yoluna həsr edilmiş sərgi nümayiş etdirilib.
Ülviyyə Zeynalova
İsmayıllı Rayon Təhsil Sektorunun əməkdaşı