Tapşırıqların öhdəsindən layiqincə gəlir          

 

Həyatımızı, məişətimizi elektrik enerjisindən kənar düşünmək ağlasığmaz dərəcədə çətindir. İşdə və məişətdə elektrik cihazları, avadanlıqları olmadan rahat yaşayışdan, müasir inkişafdan, əldə edilən fantastik uğurlardan söz açmaq da olduqca yersiz olardı.

Şəhər və kəndlərin, qəsəbələrin, bir sözlə yaşayış məntəqələrinin ərazisindən və əhalisindən asılı olaraq elektrik təchizatı baxımından transformatorların quraşdırılması sözü gedən məsələnin ilkin mərhələlərindəndir.

Son dövrlərə qədər əksər yaşayış məntəqələrindəki elektrik transformatorları el dili ilə desək, çəpərlənməmiş istismar olunurdu. Ayrı-ayrı ünvan və zamanlarda bu vəziyyətin təhlükələr yaratması, hətta insan ölümləri ilə nəticələnməsi hazırda məsələyə ciddi yanaşma üçün əsas olub.

Günün vacib məsələsinə İsmayıllı rayonunda da yetərincə diqqət göstərilməsi ürəkaçandır. Belə ki,  mühafizəsiz elektrik transformatorlarının metal torla hasara alınması işinə start verilmişdir. Günün tələbi olan bu işin görülməsi üçün əvvəlcə transformatorun ətrafı köl-kosdan, alaq otlarından, digər tullantılardan təmizlənir. Daha sonra transformatorun ölçüsünə uyğun olaraq hasarlanma işi aparılır.

Görülmüş işin estetik görünüşü və uzunmüddətli olması üçün metal konstruksiyalardan qaynaq etmə yolu ilə istifadə olunur.

Şimal-Qərb Regional Elektrik İdarəsi Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı Elektrik Şəbəkəsində bu sahəyə günün vacib məsələsi kimi baxılır. Sözü gedən  iş bacarıqlı elektrik qaynaqçısı Elnur Məmmədova həvalə olunub. Gənc qaynaqçı ona verilən tapşırığın öhdəsindən layiqincə gəlir. Gündə 4-5 transformatorun hasarlanması işi həyata keçirilir. Elnurun dediyi kimi desək, bununla təkcə transformatorlar deyil, həm də insanların həyatı qorunur.

Elnarə Qasımova      

 

Şərh Yaz