Həyatın 93-cü anı
Kamil Seyid oğlu Məmmədov (18 avqust 1931, Qutqaşın) – Azərbaycan Sovet mühəndisi və dövlət xadimi. O, 1972-1985-ci illərdə Yeyinti Sənaye naziri olmuş, 1976-1980 və 1985-ci illərdə isə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi fəaliyyət göstərmişdir.
Həyatı – Kamil Seyid oğlu Məmmədov 18 avqust 1931-ci ildə Qəbələ (keçmiş Qutqaşın) şəhərində anadan olmuşdur. 1951-ci ildə orada orta məktəbi medalla bitirərək, Leninqrad Texnologiya İnstitutuna daxil olmuş, bu təhsil müəssisəsini mühəndis-mexanik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
Fəaliyyəti – Kamil Məmmədov 1956-1958-ci illərdə Azərbaycan SSR Ərzaq Məhsulları Sənayesi nazirliyində baş mexanik, 1959-1962-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Komitəsində texniki şöbənin müdiri, 1962-1964-cü illərdə isə Bakı Biskvit Fabrikində baş mühəndis kimi çalışmışdır. O, 1964-1969-cu illərdə Azərbaycan SSR Nazirlər Kabinetində şöbə müdirinin müavini, 1970-1971-ci illərdə Ət-Süd Sənayesi nazirinin müavini, 1971-1972-ci illərdə Yeyinti Sənayesi nazirinin müavini, 1972-1985-ci illərdə isə Yeyinti Sənaye naziri vəzifələrində işləmişdir.
K.Məmmədov daha sonra – 1986-1990-cı illərdə Azərbaycan SSR Aqrar Sənaye Komitəsinin 1-ci müavini – Respublika naziri, 1991-1992-ci illərdə Kənd Təsərrüfatı nazirinin birinci müavini, 1993-1994-cü illərdə Yeyinti Sənaye şirkətinin vitse prezidenti kimi çalışmışdır. O, 1994-1996-cı illərdə Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti, 1996-1999-cu illərdə Taxıl Agentliyinin prezidenti olmuş, 1976, 1980 və 1985-ci illərdə isə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Fəaliyyət göstərdiyi dövrdə Gəncə, Bərdə, Salyan, Ağdam çörək zavodları, Naxçıvan Mineral Sular zavodu, Zaqatala, Şəki və Qəbələ Tütün Fermentasiya zavodları, Bakı Maya Kombinatı, Bakı Tütün Fabriki, Əli-Bayramlı Hidrogenezasiya zavodu, Bakı Çay və Biskvit fabriklərinin filialları tikilmişdir. Gəncə və Əli-Bayramlı Yağ-Piy Kombinatlarının yenidən qurma işləri aparılmışdır. Zaqatala, Şəki, Qəbələ və Bərdədə yaşayış binaları, Yevlax, Balakən və Qəbələdə uşaq bağçaları, Qəbələdə stadion, Qəbələ və Bakıda istirahət zonaları, uşaq xəstəxanası tikilib istifadəyə verilmişdir.
Azərbaycanda Emal Sənaye müəssisələrinin istehsalat gücünün artırılması məqsədilə geniş yenidənqurma işlərinin aparılmasında, yeni müəssisələrin tikilməsində, 1994-1996-cı illərdə əhalinin çörəklə təminatında yaranmış olduqca ağır vəziyyətinin sabitləşdirilməsi işində xüsusi rolu olmuşdur.
Kamil Məmmədovun təltifləri – Qırmızı Əmək Bayrağı ordeni, Azərbaycan Respublikasının Əməkdar mühəndisi (20 dekabr 1991), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (26 iyul 2011).
Kitabları – “Yaşadıqlarım” (Bakı – 2015), “Müraciət” (Bakı – 2019).
***
Kamil Seyid oğlu Məmmədov Azərbaycanın ən gözəl guşələrindən biri olan Qəbələdə anadan olmuşdur.
Qəbələ rayonu Azərbaycan Respublikasının inzibati rayonlarından biri kimi 8 sentyabr 1930-cu ildə yaradılmışdır. Ərazisi 1550 kvadrat kilometrdir. 1963-cü ildə rayon Ağdaş rayonunun tərkibinə daxil edilsə də, 1964-cü ildən yenidən ayrıca inzibati əraziyə çevrilmişdir. 1991-ci ilədək rayonun adı Qutqaşın olmuşdur. Həmin il rayonun qədim adı Qəbələ özünə qaytarılmışdır.
Rayonun inzibati mərkəzi Qəbələ (Qutqaşın) 1954-cü ilədək kənd, 1959-1974-cü illərdə qəsəbə statusu daşımışdır. 1974-cü ildən şəhər statusu almışdır.
Zəngin tarixi keçmişə malik olan Qəbələnin adı çəkiləndə ilk öncə qədim Qafqaz Albaniyasının 900 illik bir dövrdə (eramızdan əvvəl IV əsrdən eramızın V əsrədək) paytaxtı olmuş Qəbələ şəhəri və onun bugünə gəlib çatmış möhtəşəm qala divarları xatırlanır. İndiki Çuxur Qəbələ kəndinin Şimal-Şərq hissəsində yerləşən qədim Qəbələ şəhəri öz möhtəşəmliyi, mühüm siyasi, iqtisadi və ticarət mərkəzi kimi dünyanın Babil, Troya, Pompey, Karfagen kimi qədim və məşhur şəhərləri ilə müqayisə olunur.
İki min dörd yüz illik tarixi olan qədim ipək yolunun üstündə yerləşən Qəbələ şəhərinin adı hələ eramızın birinci əsrində yaşamış Roma alimi böyük Plininin “Təbii tarix” əsərində Kabalaka, yunan coğrafiyaşünası Klavdi Ptolemey (II əsr) Xabala, ərəb tarixçisi Bəlazuri (IX əsr) Xəzər adlandırmışdır. İlk dəfə Azərbaycan alimi A.Bakıxanov (19-cu əsr) “Gülüstani-İrəm” əsərində Kbala və ya Xabalanın Qəbələ olduğunu göstərmişdir.
Eramızın 262-ci ilində Albaniya Sasanilər tərəfindən işğal olunsa da, Qəbələ özünün siyasi və iqtisadi əhəmiyyətini itirmədi. V əsrin ikinci yarısında (464-cü ildə) Albaniya öz müstəqilliyini müvəqqəti itirdiyi və şimal köçərilərinin basqınlarının şiddətləndiyi dövrdə ölkənin paytaxtı Qəbələdən Partava (Bərdəyə) köçürülür. Bundan sonra da Qəbələ ölkənin başlıca ticarət sənətkarlıq, mədəniyyət və mənəvi mərkəzi kimi mövcud olmuşdur.
Qəbələ 1068-ci ildə Şirvanşah Fəriburzun, 1120-ci ildə gürcü çarı III Davidin, 1386-ci ildə Teymurləngin, 1538-ci ildə Səfəvi şahı I Təhmasibin, 1734-cü ildə Nadir şahın qoşunlarının işğalı ilə üz-üzə dayanmış, sarsıntılar keçirmişdirsə də, öz əhəmiyyətini itirməmişdir. 1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara, sultanlıqlara və məlikliklərə bölünmüş və bu zaman Qəbələ də ayrı sultanlıq idi.
1841-ci ildə çar Rusiyasının Qafqaz apardığı islahatlar nəticəsində Azərbaycan xanlıqlar ləğv edilərək, quberniya və qəzalarla əvəz olunmuş və bu dövrdə Qəbələ rayonu Yelizavetpol (Gəncə) quberniyasının Nuxa (Şəki) qəzasının tərkibinə qatılmışdır.
Kamil Məmmədov mətbuat səhifələrində – Kamil müəllimin müəllifi olduğu “Yaşadıqlarım” (Bakı-2015), “Müraciət” (Bakı-2019), kitablarında onun keçdiyi mənalı ömür yolundan, Azərbaycanın xoş sabahı naminə gördüyü işlərdən söhbət açılır. Bir sözlə, yaşadığı həyatın hər bir anı bu kitablarda qələmə alınmışdır.
Hazırda bu kitablar bir ömrün tarixçəsi olmaqla, gənc nəsillər üçün bir həyat dərsliyi, həyat məktəbidir. Bu kitabları oxuyan hər bir insan halal zəhmətin, əməksevərliyin, vətənpərvərliyin nümunəsini, həyatda ucalmağın, şərəf və hörmətə nail olmağın yollarını, sonunda uca Allahın mükafatına layiq olmağı öyrənir. Halal zəhmətlə başlanan yolun yolçusu olmaq, bu yolu ləyaqətlə başa vurmaq, gələcək nəsillərə böyük irs qoymaq, böyük hünər tələb edir. Kamil Məmmədov da zəhmətlə başlanan tale yollarında çətinlikləri dəf edərək, şərəflə irəlilədi, irəlilədikcə arxasınca zirvələrə doğru geniş uğurlu aydın bir yol açdı.
Kamil Məmmədovun şeirlərindən:
Düşüncələr
Oldum bu dünyayla başbaşa,
Çətin ala bildim istəyimi.
Həyatım bəzən oxşadı qışa,
İsidə bilmədim heç ürəyimi.
Bəzən titrədim, bəzən duruxdum,
Enişli-yoxuşlu yollarımda mən.
Arzuma çatmaq istəyimlə vurnuxdum.
Həmdəm oldun mənə, mübarizəm, sən.
Gördüm dünyanın hər üzünü,
Eşitdim insanların yalanını, düzünü.
Dinləyirəm, həyat, söylə sözünü,
Qalacaqmısan belə, aç üzünü?!
Olmayıb uşaqlıqda oyuncağım, velosipedim
Böyüdüm mən kotançı qoynunda.
Gəzirəm indi “Toyota”da, neyləyim
Olmamış yenə velosipedim, uşaqlığım da.
***
Enişli-yoxuşlu yollara düşdüm.
Onlar heç də hamar olmadı.
Yaxşı yadımdadır, gəzməyə getdim
Dondurma almağa pulum olmadı.
Qəlbimdən keçəni edə bilmədim,
Heç olmasa bir yol yurduma gəlim,
Sizi ancaq unuda bilmədim
Həsrətlə sızladı mənim ürəyim.
Taleyim beləymiş, nədir faydası,
Küsüb, inciyirəm özüm-özümdən.
Dərdimi söylədim – ürək yarası,
“Şikayətlənmə” keçmiş sanki ömürdən.
***
Deyiləm artıq təlaş keçmişimdən,
Keçibdir artıq həyata arzularım.
Həzz alıram nəvələrdən, nəticələrdən,
Fərəhdir, arxadır mənə övladlarım.
Bitib-tükənməzdir sözlərim ancaq,
Gedirəm əvvəlki düzgün yolumu.
Əminəm, irsim sizlərə qalacaq,
Çin edəcəksiz bütün arzumu.
Bəsdir, Kamil, andın keçmişləri,
Neyləyim, doludur ürəyim xatirələrlə.
Seçib onlardan ancaq nikbinləri,
Ötürmək istədim, bölüşdüm sizlərlə.
Sevimli nəvəm Laləyə
Bu gün nişanındır, gözümüz aydın,
Təbrikə gəlmişik güllə, çiçəklə.
Bugünlə ahəngdir sənin gül adın,
Gələcək günlərin bəxtiyar, Lalə!
Səni vəsf edirik qələmimizlə,
Nəğmə coşqusuyla vurur qəlbimiz.
Fərəh içindəyik gülən qəlbinlə,
Çatmır tərifinə heyif, sözümüz.
Yazılır bəxtinin yeni səhifəsi,
Hamının gözündə lalə kimi sən.
Günəşdən almısan sanki nəfəsi,
İşıqlı yolların müjdəçisisən.
Yanağın bənzədir al lalələri,
Geyinmiş dünya da al toy paltarı.
Səslənir qəlb açan toy nəğmələri,
Tarix yaşadacaq bu xoş anları.
Nə olar, İlahi, eşit sözümü,
Sevənlər düşsünlər düz yollarına.
Daim saflıq ömür düzümü,
İnamla yetsinlər arzularına.
Daşsın arzuları, həm istəkləri
Bilsinlər ömrün, günün qədrini.
Allah pənahında olsun qəlbləri,
Qoysunlar həyatda xoş izlərini.
Kamil insan
Ailəmdən mənə hədiyyə
Nə qədər doğmadır gülüşün sənin,
Bizimlə döyünür hər an ürəyin
Ata, bu həyatda başqadır yerin,
Daima isidir ilıq nəfəsin.
Nurlu baxışınla ovundur bizi.
Unudaq bir yerdə kədərimizi,
Qorusun qoy Tanrı ailəmizi.
Səninlə bölüşək sevincimizi.
Xalqına, yurduna sadiq olmusan,
Ey əvəzsiz sirdaş, ey kamil insan.
Ötsə tez-tez illər, keçsə də zaman,
Ruhunda duyuruq cavanlıq hər an.
Ata, hər sözünün mənası dərin,
Zəhmətlə böyüdüb bizi əllərin.
Adını ucaldıb xoş əməllərin,
Yığışıb başına, bax, əzizlərin.
Bir ömür sürürsən uca adınla,
Fədakar insansan, müdrik bir sima,
Kamillik yazılıb ömür payına,
Bizə sən dayaqsan, yaşa daima.
Yaşamağa dəyər bir az da
Uzun müddət yüksək səviyyəli dövlət işlərində, müxtəlif vəzifələrdə işləmiş Kamil Seyid oğlu Məmmədova ithaf
Karvanımız gəlib başa çatsa da,
Xoş arzular küsüb gedib, yatsa da,
Qoca qəlblər qəm, kədərə batsa da,
Payımıza düşsə qar da, ayaz da
Qardaş, yaşamağa dəyər bir az da.
Bahar gəldi, yenə quşlar oxudu,
Bağ-bağçalar min bir ətir qoxudu,
Bu, ömürdü, yoxsa şirin yuxudu?
Üzümüzə güldü, gülüm, bu yaz da.
Qardaş, yaşamağa dəyər bir az da.
Sevgi axır bu səhərin gözündən,
Günəş öpür çiçəklərin üzündən.
Doymaq olmur şairlərin sözündən,
Min hikmət var bu kamanda, bu sazda.
Qardaş, yaşamağa dəyər bir az da.
Nəvələrin – yeni açmış yaz gülü,
Oynaşırlar günəş baxır, yaz gülür.
Gül baxçada salamlayır bülbülü,
Çöl də, düz də, üzə gülür bu nazda
Qardaş, yaşamağa dəyər bir az da.
Fərman, çalış, bat zəhmətin tərinə,
Qoyma təbin ayaq altda sürünə.
Qəvvas kimi cum dəryarda dərinə,
Baş girləmə sahillərdə, dayazda,
Qardaş, yaşamağa dəyər bir az da.
Fərman Məhəmməd Əzizli
18 avqust Kamil Seyid oğlu Məmmədovun doğum günüdür. Elə bu ayda onun mehriban ömür-gün yoldaşı Simuzər xanımın da yeni yaşı tamamlanır. Nə gözəl, nə xoş təsadüf?!
Xalqımızın böyük ziyalısı, el ağsaqqalı, gözəl ata, qayğıkeş ulu baba – Kamil müəllim, həmçinin sevimli, sədaqətli nənə – Simuzər xanım, sizi bu mübarək əyamınız münasibəti ilə ürəkdən təbrik edir, sizin möhkəm can sağlığı ilə üç rəqəmli – 111 ili bərabər başa vurmağınız üçün bizi yaradan böyük Allaha dualar edirik!
Dərin hörmətlə duaçılarınız:
Səməd Səmədov – dövlət qulluqçusu, el ağsaqqalı;
Feruz Səddinov – şagird yoldaşınız, tanınmış pedaqoq;
Rəis Rəsulzadə – Əməkdar rəssam;
Şəhla Xəlilqızı – Qəbələ rayon Yazarlar Birliyinin rəhbəri;
Cəlil Xeyirbəy – şair;
Məhəmməd Əzizli – hüquqşünas;
Simuzər xanım – ömür-gün, həyat yoldaşı (ən yorulmaz duaçınız);
Təranə xanım – qızınız – tibb elmləri namizədi;
Kəmalə xanım – qızınız – pedaqoq;
İlqar Məmmədov – oğlunuz – ədliyyə generalı, hüquqşünas;
Vəkalət xanım – bacınız qızı;
Mahmud Kərimov – iş adamı;
Nəzakət xanım – jurnalist;
Nəvələriniz, nəticələriniz;
Fərman Məhəmməd Əzizli – Azərbaycan Respublikasının Maarif Xadimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Qəbələ rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü.
Yazını qələmə ald: