Bir Aydın vardı…

 

Bu vəfasız ömür, bu coşqun dərə,

Gərək boş-boşuna axıb keçməsin.

Bu gözəl cahanı sanıb pəncərə,

Hər gələn sadəcə, baxıb keçməsin.

                        Mikayıl Müşfiq

“Dünya bir pəncərədi, hər gələn baxar gedər”, – sözləri ilə dünyanın, ömrün fəlsəfi yozumunu veriblər müdrik babalarımız.

“Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya,” – deyən ulu Dədə Qorqud da sanki bu fikrin təsdiqini verib.

“Göydəki günəşdən, yerdəki elimdən doymadım”. Orxon-Yenisey yazılarından alınmış bu cümlə də neçə-neçə insanın həyatına “epiqraf” olub.

İlk baxışda bir tərkidünyalıq hissi anılsa da, mənalı insan ömrünün əbədi yaşarılığı ideyası gizlənib bu düşüncələrdə. Bu anda insan bədbinləşmir, əksinə, Tanrı tərəfindən bəxş olunan həyatına nəzər salmağı, qalan illərini, günlərini mənalı keçirməyi düşünür. Maksim Qorkinin təbirincə desək; ”Dünyada ən yaxşı ləzzət və böyük fərəh özünün başqasına lazım olduğunu hiss etməkdir”.

Mənalı və dəyərli bir ömür. Məhz dövrün, zamanın ağır yükünü çiyinlərində daşımağı fəxr bilənlər belə əbədiyaşar ömür sahibi olurlar.

Bəli, insan ömrünün sərhəddi ölüm həyatın ən amansız qanunudur. Və bəşər övladı əvvəl-axır bu badəni içməlidir.

Keçən illərdə “525”-ci qəzetdə şair Vaqif Bəhmənlinin “İşartı” başlığı altında dərc olunmuş və diqqətimi çəkmiş düşüncələrindən birini xatırladım:

“Həyatda bir dəfə yaşamaq çətindir, …İki dəfə yaşamaq mümkün deyil”. O anda qəlbimdən bir səs gəldi: ”Olar!”

Əgər adın çəkiləndə kiminsə yaddaşı işıqlanırsa, üzünə nur çilənir və dodağına təbəssüm qonursa, yatmış, öləziyən xatirələrə rəvac verilirsə, kimsə nisgilli bir düşüncəyə dalırsa – bu, ikinci dəfə yaşamaq deməkdir. Bu fikri təsdiq edən və:

Bizim bu dünyada yaşamağımız

İşıqlı insanlar hesabınadır – deyən Musa Yaqub da,

On ömrə, yüz ömrə dəyişmərəm heç

Dərinə boy verən qısa bir ömrü – yazan Bəxtiyar Vahabzadə də necə haqlıdırlar.

Sanki bu sözlər ömrünün və yaradıcılığının çiçəklənmə dövründə – 42 yaşında həyatla vidalaşmış, qısa ömründə şair, yazıçı-publisist, alim, tarixçi-etnoqraf, istiqanlı oğul və qardaş, sədaqətli həyat yoldaşı, mehriban ata, vəfalı dost adını yaddaşlara yazdıra bilmiş, ölümlərin adiləşdiyi dövrlərdə belə, insan qəlbinin ən dərin guşəsində adını hörmətlə, izzətlə yaşatmağa nail olmuş, bir çoxları kimi, ölümdən sonra da əsil yaşamağın nə olduğunu bir daha sübut etmiş Aydın Səlimzadə kimi insanlar üçün nəzərdə tutulmuşdu. Kim idi Aydın Səlimzadə?

…Həmin mart gününü çoxları xatırlayır. Sanki yeri, göyü yandıran yaz günəşi ilə insan əhval-ruhiyyəsi arasında kəskin bir təzad vardı: Şəvə saçları çözülməmiş, gəlinlik paltarının rəngi solmamış yanağında göz yaşı, dodağında gülüş donan bir el qızı ağı deyir, yeri-göyü yandıran nalə çəkir, öz yarını, ömür-gün yoldaşını, onu taleyin ümidinə buraxıb əbədiyyətə qovuşan yol yoldaşını, həyat yoldaşını haraylayırdı.

Bu qəlb ağrıdan haraylamalara dərdli bir ananın ürək parçalayan səsi qoşulurdu:

At məni aldı qaçdı,

Yollarım qaya, daşdı.

Anama xəbər verin:

Mənzilim uzaqlaşdı.

Ananın intəhasız dərdinə bütöv bir el ortaq olur, qanlı göz yaşı tökürdü.

Bütöv bir el isə həyatının çiçəkləndiyi bir vaxtda – ömrünün 42-ci baharını başa vurmamış həyata əlvida demiş nurlu bir oğul üçün ağı deyirdi. Belə ömür üçün yanğı çəkməyə dəyərdi: Çünki bu Aydın Səlimzadə ömrü idi.

Aydın Hümbət oğlu Səlimzadə 1953-cü ilin 2 iyulunda İsmayıllı rayonunun Hacıhətəmli kəndində dünyaya göz açıb. Ad verənlərin ürəyinə nəsə dammışdı sanki. Bu adı onun nurlu çöhrəsinə, ömrünün mənasına, dünyaya, insanlara şəfqətlə dolu ürəyinə yaraşdırmışdılar.

Hacıhətəmli orta məktəbini bitirib 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) tarix (qiyabi) fakültəsinə qəbul olundu. Sonrakı illərdə əmək kitabçasına müxtəlif ünvanlar yazıldı:

İsmayıllı İstehsalat kombinatında, İsmayıllı Rayon Xəstəxanasında, Bakı Əlvan Metallurgiya Birliyi Təmir-Tikinti Quraşdırma İdarəsində fəhlə, şəhər 3 nömrəli orta məktəbində tarix müəllimi, Azərbaycan SSR Abidələri Könüllü Mühafizə Cəmiyyətinin İsmayıllı şöbəsində təlimatçı.

Onun həyatında tez-tez dəyişən yalnız iş yerləri oldu. Xarakterindəki bütövlük, işinə dərin məsuliyyətlə yanaşması, ünsiyyət qurduğu insanların dərin məhəbbətini qazanması isə dəyişməz qaldı.

İllər ötdükcə, yaş üstə yaş gəldikcə həyatının yeni səhifələri açıldı, ömrünə yeni-yeni solmaz, silinməz naxışlar vuruldu. Ali təhsili müvəffəqiyyətlə başa vurdu. Azərbaycan Yazıçılar İttifaqının ədəbi orqanlarında-“Ədəbiyyat və incəsənət”qəzeti və “Azərbaycan” jurnalı redaksiyalarında ədəbi işçi kimi fəaliyyət göstərdi.

1979-cu ildə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başladı, SSRİ Jurnalistlər İttifaqının üzvü oldu.

Həmin illərdə şəxsi həyatında da xoş dəyişiklik oldu. Bir el gözəlini ömür-gün yoldaşı seçdi. Bir-birinin ardınca iki gül balası- Aygün və Ayaz dünyaya gəldi.

1986-cı ildə Minsk şəhərində namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi aldı. Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitunda baş elmi işçi kimi çalışmağa başladı.

1988-ci ildə SSRİ Yazıçılar İttifaqının üzvlüyünə təqdim olundu. Bir müddət “Elm” və “Tarix” qəzetlərinin redaktoru oldu.

O, ömrünün son illərində Azərbaycan Elmlər Akademiyası Prezidentinin mətbuat və informasiya işləri üzrə köməkçisi, “Elm və həyat” jurnalının baş redaktoru kimi elmimizin təbliği sahəsində yorulmadan fəaliyyət göstərir, mətbuatda maraqlı və savadlı yazıları ilə çıxış edirdi.

Yazılarında heç kimə bənzəməyən dəst-xətti var idi Aydının. “Elm” qəzeti isə milli-mənəvi-əxlaqi dəyərlərimizin qorunmasında, xalqımızın demokratik düşüncəsinin formalaşmasında və inkişafında xüsusi rol oynamışdır. Ətrafına topladığı qələm sahiblərinin “müdrik ağsaqqalı” olan Aydın bir məsələni yaxşı başa düşürdü ki, Azərbaycanın nüfuzlu elmi müəssisəsi olan Elmlər Akademiyasının mətbu orqanı adına layiq, insanların həqiqətə tapındıqları, ümidlərinin doğrultduğu bir məbədgah olmalı, inamlarının qırılmasına yol verməməlidir. İstedadlı jurnalistin, gənc alimin səyi, yorulmaz axtarışları nəticəsində qəzet artıq dar çərçivəyə sığmırdı. Xalqın qəsdən unudulan tarixini, vətənpərvər övladlarının fəaliyyətini canlandırırdı bu qəzet. Dərc etdiyi təzə idi, yeni idi. Yaşından, təhsilindən asılı olmadan hamının qəlbinə yol tapır, haqq və ədalət deyilən bir məfhumun işığına üz tuturdular. İnsanların çox vaxt çaşıb qaldığı bir vaxtda qəzetin cəsarətli çıxışları dilimiz və tariximiz, Qarabağ hadisələri ilə bağlı dürüst məlumatlar xalqın tarixi-mənəvi yaddaşını qaytarır, özünə inam hissini artırırdı. Aydın isə hər işdə əsil fədakarlıq nümunəsi idi. Bir an da olsa, özünə yer tapa bilmir, doğma Vətənimizin ən çətin günlərində milli-azadlıq hərəkatında canıyananlıqla iştirak edir, başqalarının qorxudan gözləmə mövqeyində durub yazmadıqlarını mətbuat səhifələrinə çıxarır, bu çətin məqamlarında insanların ümidlərinin qırılmasına yol verməməyə çalışır, əsil həqiqətləri təkcə doğma dilimizdə deyil, bir çox beynəlxalq dillərdə dünyaya çatdırmaq üçün gecəsini-gündüzünə qatır, “yoruldum”, – demirdi. “Elm” qəzetinin özü isə Azərbaycan elminin flaqmanı olan Elmlər Akademiyası səmasında parlaq işıq saçan, işıqlı bir sabahın açılmasına işarə olan dan ulduzu idi.

Aydın həm də öz xalqının böyük vətənpərvəri idi. Qarabağ torpaqlarının azadlığı, vətənin bütövlüyü uğrunda gecə-gündüz rahatlıq bilmədən çalışırdı. Əslində başqa səlahiyyətləri olmasa da, cəbhə bölgələrindəki insanlarla ülfət və mehribanlığı, səmimiliyi, qələmindən çıxan yanğılı yazıları ilə kömək etməyə, təskinlik verməyə, nikbin bir gələcəyə ruhlandırmağa çalışırdı. Onun ən çox ziyarət etdiyi yerlərdən biri qaçqın düşərgələri və hospitallar idi.

“Biri vardı, biri yoxdu…” Nə qədər belə nağılların sehrinə düşüb xəyallara dalmış, xoş arzularla gələcəyə qanadlanmışıq. Onda hər şey bizim üçün arzularımıza uyğun olub. Çünki bütün nağıllar xoş sonluqla bitərdi.

Bəzən nakam bir ömür sahibini xatırlayanda da belə başlayırıq söhbətimizə. Aydın Səlimzadənin də nağıllaşan ömrü isə nakam sonluqla bitdi. Bu dünyanın bəmbəyaz ağ işığa büründüyü bir mart günündə, cəmi 42 yaşında ölüm adlı bir zəhərli şərbəti içərək yaxınlarından, doğmalarından ayrıldı.

Həmin günəşli mart gününün səhəri sanki təbiət də, dünya da nə etdiyini bilincə sarsıldı. O qədər sarsıldı ki, göz yaşları buza döndü. Yandırıcı günəşli bir gündən sonra qarlı-yağışlı bir gün gəldi. Qəbrinin üstündəki “gül yağışı” bəmbəyaz qara büründü. Yaxınları, doğmaları şair dostu Taleh Həmidin Yaz çiçəklərinə görən niyə qar yağır? “adlı nisgilli şeiri ilə göz yaşı tökdülər. Təbiət ağladı, insanlar ağladılar.

Lakin fəqət… O cismən bir daha geri qayıtmadı. Mənən isə qəlblərə köçdü. Belə rəvayət edirlər ki, qədim dövrün filosofu Diogen günün günorta vaxtı əlində çıraq küçədə gəzirdi. Ondan niyə belə etdiyini soruşduqda: – “Adam axtarıram”, – deyirdi.

Bizim əlimizdə də Aydın nuru ilə işıqlanan “çıraq”, dilimizdə Aydın adı dostlarını, tanışlarını soraqladıq. Yana-yana səs verdilər. Azərbaycanın şöhrət salnaməsinə imza atan, söz “yükü” ilə ana yurdu çiyinlərində daşıyan vətənpərvər övladlarını dinləyəndə atalarımızın söz çələnginin müdrikliyinə bir daha heyran olduq: “Dostunu göstər, deyim sənin kim olduğunu”.

Bir həqiqəti yenidən kəşf etdik ki, ölümlərin adiləşdiyi indiki dövrümüzdə kiminsə yaddaşında qalırsansa, yaxşı işini xatırlayıb kiminsə qəlbi xoş duyğularla köklənirsə, bu, xoşbəxtlikdir.

Bu xatirələri oxuyanda düşüncələrimizdə nələr canlandı! Şair dostu Ağasən Bədəlzadənin “Yaralı düşüncələri” Dəvdəkin “Cavanşirin ölümünə mərsiyəni yada saldı.

Şahməmməd Dağlaroğlunun “Hanı sənin dağ çiçəyin”i oxuyanda Vətən torpağının “gözü yaşlı”, təravətli çiçəklərini, bağrı yanıq lalərini xatırladıq. Mahir Qarayenin bu günün zirvəsindən boylanıb zamanın axarında durulan çətin bir dövrün məntiqi təhlilini və qəlbi Vətən eşqi ilə döyünən bir ziyalı təbəqəsinin üzü küləyə mətin addımını və bu yürüşdə Aydın yerişinin özünəməxsusluğunu, İsmayıl Vəli və Maarif Soltanın ney kimi sızlayan “misra yağışı”, Taleh Həmidin əziz dostunun ölümünü gözünü açmağa macal tapmamış zərif yaz çiçəklərinə yağan qara bənzətməsi, Musa Yaqubun “İşıqla dolu xatirəsi”, uşaqlıq və gənclik dostu Baba Vəziroğlunun “Qar ömrü” adlandırdığı həyatına güzgü tutması bu itkinin ağırlığını bir daha göstərdi. Söz meydanında öz yeri olan Sabir Rüstəmxanlı, Aqil Abbas, İntiqam Mehdizadə, Ramiz Əsgər yanğısı və qəlblərində yaşatdıqları Aydını özlərinə məxsus səciyyələndirmələri bir nağıla bənzəyir. Biri vardı, biri yoxdu, bir Aydın vardı… Mənəviyyatın uca zirvəsini fəth etmiş bütöv bir xarakter, könüllərdə heykəl ucaltmış bir insan…

Yaşasaydı iyulda 67 yaşı tamam olacaqdı. Qısa ömründə qazandığı titulları qat-qat artıracaqdı. Dostları ilə daha məsud və şad olacaqdı. Nağıllaşan ömrünə yeni-yeni sanballı səhifələr yazacaqdı. Və bu gün bir həqiqət aydındır ki, uzun ömür yaşayıb cismani ölümü ilə unudulanlar, yaddan çıxanlar var. Qısa, lakin dəyərli ömründə işıqlı əməllərinə görə əbədiyyətə qovuşan, insan yaddaşında ölməzlər cərgəsinə yazılanlar da. Cəlaləddin Ruminin təbirincə desək, olduğu kimi görünən, göründüyü kimi olan Aydın Səlimzadə ikincilər sırasındadır.

Biz nağıllaşan bir ömrün bütün naxışlarını qələmə ala bilmədik. Bu mümkün də deyil. Son olaraq hamının fikrinə epiqraf ola biləcək mərhum akademikimiz Bəkir Nəbiyevin qiymətli sözlərini xatırlatmaq istəyirəm:

“Aydın Akademiyanın səmasında işıqlı ulduz kimi birdən parladı. Qısa müddət keçdikdən sonra birdən qeyb oldu. Mən indiyədək onun kimi adı ilə daxili aləmi, məzmunu bir-birinə bu qədər uyğun gələn aydın fikirli gənc ziyalı görməmişəm. İstər ictimai, istərsə də şəxsi həyatı bir sıra qayğılarla yükləndiyinə baxmayaraq, təbiət ona həmişə xeyirxahlıq yağan bir çöhrə bəxş etmişdi və bu çöhrədən təbəssüm heç vaxt əskik olmazdı. Nakam Aydınımızı çoxları kimi mən də ömrümün sonuna qədər məhz belə xatırlayacağam”.

Rəna Mirzəliyeva

Şərh Yaz