Ana dilinin saflığı qorunmalıdır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində şagirdlər arasında ana dilinin saflığının qorunması ilə bağlı maarifləndirici görüş keçirilib.
Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəhruz Xələfov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, “Müasir İnternet Resurslarının İnkişaf”ı ictimai birliyinin sədri Zamin Zeynalov çıxış ediblər.
Qeyd olunub ki, zəngin tarixi və milli varlığımızın rəmzi olan Azərbaycan dili şərəfli inkişaf yolu keçərək dünya dilləri sırasına nüfuz edib. Ana dilimizin inkişafı, qorunub saxlanılması, saflığı, zənginləşməsi istiqamətində dövlət səviyyəsində çox mühüm tədbirlər həyata keçirilib. Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan məhz bizim ana dilimiz olub. Dilimiz bizi yaşadıb, indi biz o dili qoruyub saxlamağa, yaşatmağa borcluyuq. Bu, hamımızın vəzifəsidir.
Tədbirdə ana dilinə olan yad təsirlərdən də geniş danışılıb. Bildirilib ki, bəzi hallarda dilimizin saflığının pozulmasını görürük. Mətbuat orqanlarında, televiziya məkanında bu daha çox görünür. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir və anamızın dilini anamız kimi qorumağa borcluyuq.
Tədbir iştirakçıları müzakirələrə fəal şəkildə qoşularaq mövzu ilə bağlı fikirlərini bildiriblər.
K.Əhmədova