“Öz həyatımı yaşayacam”
Neçə vaxtdır ki, bir cümlənin ətrafında dolanıram. Heç belə çətin vəziyyətə düşdüyüm olmayıb. Səbəbi dərindir. Yəni, mətləbi anlatmaq üçün xeyli vaxt sərf eləmək lazım gəlir. Amma çalışacam ki, yığcam edim. Əgər əvvəllər soruşsaydılar ki, dünyanın ən zəhmətkeş qadını kimdir, deyərdim azərbaycanlı qadınlar. İstənilən ən ağır şəraitdə mətanətini itirməyən, övladının əziyyət çəkməməsi üçün hər cəfaya dözən analarımız. Həmin anaların ən ali keyfiyyəti evdə mehribanlıq yaratmaqla bərabər, ataya qarşı sevgi və hörmət hissini daha da artırmaq olub. Ən ciddi mübahisə “atan bilər ha” sözü ilə yoluna düşüb. Ailənin başçısı ata olub və buna yazılmamış qanun kimi əməl olunub. Ta ki, yazılmış, tətbiq olunması zəruri olan gender qanununa kimi. (Bu cəhətdən mənə heç kim yanlışdır deyə bilməz. Çünki şəxsi fikrimdir.) Bir qadın olaraq əlbəttə bu mənim də ürəyimcə ola bilərdi. Əgər fəsadları olmasaydı. Sosial verilişlər televiziya ekranlarına ayaq açandan hər şey sanki tərs-avand oldu. Karonadan da qorxulu olan bir xəstəlik sürətlə yayıldı. Amma burada nə maska, nə də karantin işə yaradı.
Bəzi gənc xanımlar, evli qadınlar evini, uşaqlarını, ailəsini tərk edib məchulluğa qanad açdılar. Hara getdiklərini düşünmədən, başlarına nə gələcəyini gözə almadan cazibədar görünən, “öz həyatlarını yaşamaq” üçün müqəddəs olan nə varsa üstündən xətt çəkdilər.
Reytinq xatirinə və gündəmdə qalmaq istəyənlərə də bu lazımdır. Günlərlə müzakirələr, şoular yaradıldı. Südəmər körpəsini qoyub gecə yarısı evdən qaçan «anaya» hərə öz bildiyi kimi “dərs”, dəstək verməyə başladı. Əvəzində isə həmin «qəhrəman» ayağını daha yüksək pilləyə qoyaraq güzəştə getmək üçün ərinə şərtlər irəli sürdü. Bu dəfə evi tərk edən qalır bir tərəfdə, hamı düşür kişinin üstünə. “Yola getmək lazımdır”. Hansı yola?! Öz həyatını yaşamaq istəyənə yaşıl işıqmı yadırmaq lazımdır?!
Ağız deyəni qulaq eşitmir. Əlbəttə, bu hamıya aid deyil. Ekspertlərin bəziləri isə durnanı lap gözündən vurur. Verdiyi məsləhətlərin bayağılığı önəmli deyil, təki ekranda görünsün. “Öz həyatını” yaşayanlar bir şeyi nəzərdən qaçırırlar. O həyatın yaş həddi var. O həyatda təhqir, alçalma, rəzillik var. O həyatda sonradan heç nə ilə düzəlməyəcək peşmanlıq var. Həyat nə yazılmış ssenari, nə serialdır. Əmrə, yalvarışa, göz yaşlarına məhəl qoyan da deyil. Həyat çətin də, asan da olsa qurduğun ailənin özüdür. Vallah, ömür su kimi elə axıb gedir ki, heç xəbər belə tutmursan. Sonrakı peşmanlığın isə faydası olmur. Bunu mən demirəm. Atalar deyir.