İctimai qınaq işə yarayırmı?!   

               

Cəmiyyət qeyri-rəsmi iki qütbə bölünüb; “köhnə” və yeni nəsil. İllərlə nə belə bölgü olub, nə də söz dueli. Aşığın sözü qurtaranda “neylim, neylim?”  dediyi kimi televiziyalar da sosial proqramlardan sonra qəribə müzakirələr keçirirlər. Bir tərəf məzəmmət dolu fikir söyləyir, digər tərəf isə bu günə kimi nə varsa üstündən xətt çəkərək təptəzə dəyərlər yaratmaqla məşğuldur. Buraya həm ailədaxili məsələlər, həm də ictimai yerlərdə davranış və geyimlər daxildir. Müasirlər (bu rəmzi olan bir bölgüdür fikrimizi aydınlaşdırmaq üçün istinad edirik.) ailədə hamı bərabərhüquqlu olmalıdır; hətta uşağın da fikri önəmlidir deyirlər. “Köhnələr” isə ailənin başçısı olmalıdır söyləyirlər. Çünki ailə kiçik bir dövlətdir. Onun da “daxili” və “xarici” məsələləri var.

Mətləbdən uzaq düşməmək üçün ictimai qınaq haqqında danışmaq istərdim. Bu, çox önəmli məsələdir. Çünki bu qınaq cəmiyyətin içindən gəlir və ümumi rəyə əsaslanır. Son zamanlar sosial platformalarda geyimlə bağlı qızğın mübahisələr gedir və hər kəs haqlı olduğunu sübuta yetirməyə çalışır. Şortiklərlə, təkcə üst geyimi ilə yəni yuxarı hissəni örtən kofta ilə küçəyə, ictimai yerlərə çıxanlar özlərini haqlı sayırlar. Bunu insan azadlığı kimi dəyərləndirirlər. Öz işləridir. Çünki ictimai qınaq bunlara çatmır. Çatanda isə elə fikirlər söyləyirlər ki, onunla bir mühitdə yaşadığına peşman olursan. Fikrimi cəmləşdirmək üçün bir misal çəkəcəm. Çimərlikdə hamı məlum geyimdə olur. Amma heç kim bir-birinə fikir vermir, diqqət yetirmir. Elə ki, çimərlik geyimini dəyişib adi paltarı geyinilir, küləyin donun ətəyini yelləməsi maraq doğurur. Pünhan olan nə varsa gözəldir. Bu məqama diqqət yetirən yolun o tərəfindən qarnı açıq gəzən qadına, qıza baxmaq maraqlı gəlmir. Çünki artıq bu forma aksesuar təsiri bağışlayır.

İtməkdə olan digər dəyərlərimiz kimi ictimai qınaq da öz gücünü itirmək üzrədir. Nə qədər ki, belə olacaq, yəni “köhnələr” abrını qorumaq üçün susacaq (çünki aşırı tənqid və hətta təhqirlərə məruz qalırlar), yenilikçilər isə deyilənləri köhnəlik qalığı, quldarlıq düşüncəsi, yetmiş ildə yarananlara kölə təfəkkürü deyəcəkdir. Klassiklərimizi bir cümlə ilə tənqid edənlərə, zəngin mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə istehza edənlərə nə deyəsən ki, təsirli olsun. Yaxşı ki, zaman deyilən bir məhfum var o heç nəyə, heç kimə fikir vermədən ədalətli qərarını verir. Gec olsa belə…

Rəfiqə Sadıqova

Şərh Yaz