Nadir bir adın, şərəfli bir ömrün qısa tarixçəsi
30 mindən çox say-seçmə oğul və qızlarımızın, 15-20 dəqiqəlik məhkəmə prosesindən sonra, bir qisminin Nargin adasında güllələnəcəkləri, digər qisminin isə Sibirin şaxtalı, Qazaxıstanın ilan mələyən səhralarına sürgünə göndəriləcəkləri qırmızı terrorun represiya illərinə hələ 3 il qalırdı. Lenin-Stalin dühası ilə yoğrulmuş kommunist rejimi, mələk donuna girib əhalinin kasıb təbəqəsini ələ alır, onların vasitəsilə cəmiyyətə hakim kəsilirdilər. Bu aldadıcı fəndə cani-dildən inanan insanlar yerlərdə müxtəlif vəzifələrə irəli çəkilir, səlahiyyət sahibi edilir, onlar xalq adından respublika seçkili ali orqanlarında təmsil olunurdular. Beləliklə, “oraq-çəkic” həmrəyliyinin vəhdəti kimi yeni qurulan Şura hökuməti, üst qurum olaraq əhalinin əksər hissəsinin hüsni-rəğbətini qazanmaqda davam edirdi. Ona görə də yeni hökumətə hörmət əlaməti olaraq, yeni doğulan uşaqlara qoyulan adlar arasında, Lenin dövlət çevriliş prinsiplərini məna etibarı ilə özlərində əks etdirən “Siyasət”, “Təşkilat”, “İnqilab”, “Şura”,”Hökumət”, “Rəhbər”, “Qalib”, ”İntiqam” və s. kimi yeni adlar üstünlük təşkil edirdi.
Belə bir durum dövründə, İsmayıllı Rayon Partiya Komitəsində məsul vəzifədə çalışan, əslən basqallı olan Hüseyn Parlanov adlı bir rəhbər, işgüzar məsələ ilə əlaqədar, Tircan kəndinə ezam edilir. Təcili olaraq, sahibi 1924-cü ildə zərgəranlı erməni Xaçaturun şahidliyi ilə həbsə alınan və bir daha geri dönməyən, 1915-1918-ci illərdə erməni basqınlarını dəf etməkdə fərqlənən Molla Kamilin müsadirə edilmiş evində kənd aktivistlərinin iclası çağırılır. İclasın yekununda ailəvi dost və əqidə birliyi olan Əhməd Məmmədov Hüseynə yaxınlaşıb onu nahar etmək üçün yenicə tikdirdiyi iki camaxodanlı, iki otaqlı, kətilli kiçik evinə dəvət edir. Nahar vaxtı Hüseynin qulağına körpə səsi gəlir. O, sualedici nəzərlə Əhmədə baxır. Əhməd: “Həəə, əmisi, ilk oğul övladımızı itirdikdən sonra, yeni bir qız uşağı tapmışıq” – deyir. Söhbətdən duyuq düşən ailə başçısı, eldə-obada, eləcə də bütün Şirvan mahalında məşhur “mamaça” kimi tanınan Həcər qarı, oğlunun ən yaxın dostlarından olan Hüseynə yaxınlaşıb onun hər iki üzündən öpür, hal-əhval tutur, hay-həşir salmaqda davam edən qızcığazın qundağını onun qucağına qoyur və şirin uşaq dili ilə: “Ay Hüseyn əmi, qurbanın olum, mənə ad qoymadıqları üçün belə ağlayıram, mənə bir yaxşı ad qoy da” – deyir. Hüseyn şaqqanaq çəkib bərkdən gülür. “Onun adı çoxdan qoyulubdur, nənəsi. Bu gündən onun adını əmisi “Emka” qoyur, yəni “Mərkəzi Komitə”. Evdəkilər bir-birinə baxışıb, razılıqla gülümsəyirlər…
Bu ad çağaya da, atasına da, ailəyə də ilk gündən xoşbəxtlik, ruzi-bərəkət gətirir. Mərhum anam danışardı ki, həmin il 60 qoyunumuzun hamısı əkiz bala verdi; Acıdərə, Padar, Qızıl zəmi sahələrindəki əkin sahələrimizdən bolluca məhsul götürdük; arılarımız çoxlu beçə verib arı ailələrinin sayı birə-beş artdı; Əhməd Rayon Partiya Komitəsi tərəfindən ali təhsil almaq üçün Bakıya oxumağa göndərildi; atam nəvəsinə yanı balalı bir camış düyəsi hədiyyə etdi; üzümüzə gələn sonrakı illərdə isə, Əhməd vəzifələrdə tez-tez irəli çəkildi, daha bir qızımız və onlara qardaş olacaq bir oğlumuz da dünyaya gəldi.
Lakin, ömrü qısa olur, bu xoşbəxt ailənin. Başlanmış İkinci Dünya Müharibəsi özü ilə dünyaya qəm-qüssə gətirməklə bərabər, bütün istək-arzuları da alt-üst etdi. Böyük övladının məktəbə getməsini, oğlunun isə bir yaşını görməyən dağ vüqarlı, böyük bir nəslə arxa-dirək, səma genişliyində ürək sahibi olan 31 yaşlı Əhməd, müharibəyə çağırılır. Bir il iki aydan sonra onun itgin düşməsi haqda qara xəbəri gəlir. Ailənin bel sütunu sayılan Həcər qarı, cəbhəyə yola saldığı cüt oğul həsrətinə dözə bilməyib, bir sərt qış gecəsində dünyasını dəyişir. Emkanın dünyaya gəlişi ilə gələn var-dövlət, bu dəfə atasının ayağı ilə qeybə çəkilirdi: canavar ağıla soxulub, bir gecədə 40 qoyunu leş edir; arılar baxımsızlıq səbəbindən məhv olur; növbəti qışda oğrular evdə kimsənin olmadığından istifadə edib, pəncərədən evə daxil olur və hər şeyi aparırlar. Yenicə yağmış qarda qarətçilərin izlərinin hara getdiyi və kimliyi məlum olsa da, iş rayon miqyasında ört-basdır edilir…
Qayınları, qardaşları, qohumları cəbhələrdə vuruşan, təcrübəsiz, köməksiz qalmış 26 yaşlı bir evdar qadının körpə, az yaşlı uşaqlarla düşdüyü bu cəhalət girdabından silkənib çıxması səbr, inam və qətiyyət tələb edirdi. “El ilə gələn qada-bəla toy-bayramdır” atalar sözünü özünə təsəlli bilir anam. Taleyi ilə barışıb, kənddə dul, başsız qalmış, barmaqlarında hələ də gəlinlik xınasının izləri qalmış, bir üzü qız, bir üzü gəlin olan qadınlara qoşulub kolxoz işlərinə gedir. Emka anamı bu yolda tək buraxmır. Orağa gücü çatandan oraqdan, yabaya gücü çatandan yabadan, dəryaza gücü çatandan dəryazdan yapışır. Tay-tuşları al-əlvan rəngli paltarlar geyinib toylara, el şənliklərinə gedəndə, bacım əyninə qarətçilərin apara bilmədikləri yorğan-döşək üzlərindən tikilən paltar geyib, əlinə dəhrə, ip alıb birlikdə meşəyə oduna gedərdik.
Gözəl dərketmə, yüksək qavrama qabiliyyəti olsa da, maddi çətinlik səbəbindən 6-cı sinifdən sonra bacım bir daha məktəbə getmədi. Dəfələrlə məktəb direktoru arxasınca adam göndərsə də, fikrindən dönmədi, anama yoldaş, qardaş, oğul olub kolxoz işlərində bərabər çalışırlar, ailəni ac canavar kimi ağzını açan aclığın, ölümün cəngindən xilas edə bilirlər. Mənəm-mənəm deyən ərənlərin bir çoxlarını ot, taxıl biçimində geridə qoydu bacım. Kişi cüssəsi ilə hətərən-pətərən danışanların, ağzının sözünü bilməyənlərin ağızlarını yumdu, həddini, yerini tanıtdı, gözlərinin odunu aldı. Bir sözlə, bacımız bizi biləyinə yük, kürəyinə şələ, taleinə qara əski edib, qorxunc illərin ölüm-itimindən qoruyub saxlaya bildi. Təhsil almasına böyük əngəlliklər törətdik.
Bacım özü kimi cəsarətli, sədaqətli, Bakıda o zaman təhsil alan tircanlı, habelə ismayıllılı qızların qeyrət-namus təəssübkeşliyini çəkən, igidliyi ilə Bakıda ad çıxaran, Xəzərin ilk fatehlərindən olan həmkəndlimiz kasıb bir oğlanla ailə quranda, keçən əsrin 50-ci illəri idi. Şəhər ağır müharibədən sonra hələ də özünə gələ bilməmişdi. Oğurluq, cibgirlik, adamöldürmə, talançılıq, soyğunçuluq, qızqaçırma adi hal almışdı. Ermənilər, qoluzorlular at oynadırdılar. Lakin, onları yerində oturtmağı bacaran qeyrətli, namuslu, igid oğullarımız da vardı. Onlardan biri də qanuni oğru Sanka-Zverlə (Cabir) dostluq edən tircanlı, sofulu Piriyev Abdulkərim Kərim oğlu idi – bacımın dəyərli, qeyrətli ömür-gün yoldaşı. (Ruhu şad olsun).
Bacımgil Bakıda, Bayıl qəsəbəsində bir rusun palaz sığan otağında kirayədə qalırdılar. Kəndimizdən iş üçün Bakıya gələn əksər insanların düşəcək, qalacaqları yer, demək olar ki, onların qaldıqları ev olardı. İşləri yekunlaşana qədər orada gecələyərdilər. Bir dəfə də olsun bu cavan ailə, gələnlərə turş üz göstərməzdilər, bacardıqları hörməti əsirgəməzdilər.
Həyatımın bütün sərt döngələrində arxa-dirəyim, uğur və nailiyyətlərim bacımın, onun ömür-gün yoldaşının adı ilə bağlıdr. 3 illik hərbi xidmətimdən tutmuş aldığım iki ali təhsilimədək, ailə səadətimdən tutmuş böhtana məruz qaldığım uzun məhbusluq illərinədək mənə, ailəmə göstərilən təmənnasız əziyyətlərə görə yenə bu şəxslərə borcluyam. Mübaliğəsiz deyə bilərəm ki, bütün bu illərin əziyyətli günlərini bacımla birgə yaşamışıq. Nə qədər ki, həbs düşərgəsində oldum, bacım bir dəfə də olsun adam bişirən Bakı istisini tərk edib sərin havalı Tircana getmədi. Onun sayəsində 3500 nəfərlik əmək islah düşərgəsində hamı məni ən arxalı, ən imkanlı, 12 qardaşlı bir adam kimi tanıyırdılar.
Kiçik bir xatirə. Ailəmlə növbəti görüşdən qayıdırdım. Səmimi münasibətdə olduğum bir məhbus yoldaşımla rastlaşdım. O, üzr istədikdən sonra, mənim neçə bacı-qardaş olduğumu soruşdu. Mən dilimə gələn ilk “12 qardaşıq” ifadəsini dedim. Zaman keçdi, azadlığa buraxılanda yenə təsadüfən onunla rastlaşdım, vidalaşanda ona yalan danışdığımı etiraf etdim. İki bacı, bir qardaş olduğumu dedim. O, təəssüflə içini çəkdi: “Biz isə, 8 qardaşıq. 7 ildə bir dəfə də olsun məni yad etməyiblər”.
Bacım, ev işlərində, səliqə-sahmanda, biş-düşdə, qonaq qarşılayıb yola salmaqda, qonşular, insanlar arasında asanlıqla nüfuz qazanmaqda öz adı kimi, necə deyərlər, yekdir. Yaşadıqları Badamdar qəsəbəsində “Səriyyə, Mədinə, Emka” adlı məşhur bir “trio” yaratmışdılar. Onların bayram şənliklərində növbə ilə ev-ev gəzib qonşularla birlikdə bişirdikləri naxışlı şəkərbura, paxlava, qoğal, dəmlədikləri zəfəranlı plov, turşa-şirin dadlı toyuq çığırtması, yeməkdən doymaq olmayan səbziqovurma, kiçik boşqablara çəkilmiş, rəngindən adam doyan kəhraba rəngli halva, indi də dillər əzbəridir.
Yenə bir xatirə. Necə olursa, bişirilən halvadan bir qismi qonşu binada yaşayan nurani, xanım xislətli Sona adlı bir nənəyə qismət olur. Dadına, rənginə baxıb çox bəyənir. Onu halvaya qonaq edən şəxsdən, təamı bişirənin kimliyini soruşur. “Lap bizim tərəflərin halvasına – Basqal halvasına oxşayır”- deyir və o şəxslə onu tanış etməyi xahiş edir. Görüşürlər, tanış olurlar. Məlum olur ki, Sona nənə İsmayıllı şəhər 1 saylı orta məktəbində direktor vəzifəsində çalışan İsrail Həsənovun qaynanasıdır. Bacım da dayısı Əliyev Səmidin həmin məktəbdə dərs hissə müdiri işlədiyini bildirir. Beləliklə, uzun sürən ailə yaxınlığının əsası qoyulur, gediş-gəliş başlanılır. Neft mədənində geoloq işləyən qızı Səmayənin yanında yaşayan Sona nənə, sonrakı gediş-gəliş zamanında bacımı və ailəsini öz digər övladları, nəvələri və qohumları ilə də tanış edir: Suğra, Kimyə, Yavər, Rəhim, Səyavuş, Zərifə… Bu yazdıqlarım keçən əsrin 60-cı illərində baş veribdir. Dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm.
Bacım ömür yollarında yolçuluq etdiyi ömür-gün yoldaşını xeyli vaxtdır itirsə də, xoşbəxt ailəsi üzərində hegemonluğun sükanını əlində saxlamaqda davam edir. Nəvələri Rauf, Ramilə, Gülşən, Kamran, Kəmalə, Səbuhi, Nigar, Rüfət, Ülkər, Rəsul nənələrinin qulluğunda həmişə hazırdırlar. Onlar da babaları Abdulkərim, nənələri Emka kimi hökmlü və cəsurdurlar. Oğlan nəvələrinin hamısı 44 günlük Vətən müharibəsinin, bir günlük sentyabr döyüşlərinin əvvəlindən axırına kimi iştirakçısıdırlar, orden və medallara layiq görülüblər. Nəvəsi Rüfət, beynəlxalq aləmdə əks-səda verən Şuşaya atılan “İsgəndər” raketinin kiçik, lakin çox vacib hissəciyini tapıb komandanlığa təqdim etməklə, raketin kim və hansı istiqamətdən atıldığı məlum edilmişdir. Bu sayıqlığına görə o, ömürlük olaraq hökumət təltifinə layiq görülübdür. Zaman gələcək, Rüfətin nənələrinə bənzəyən Ahu, Şəms adlı fidan qızları atalarının bu sayıqlığının qürurverici anlarını yaşayacaqlar.
Bacım, sənin üçün özgə, doğma, yaxşı, pis insan bölgüsü yoxdur. Sən hamı ilə dil tapıb onlarla öz dillərində ünsiyyət qurmağı bacarırsan. Sən ürək açıqlığına, qəlb genişliyinə malik zərif bir qadınsan. Eyni zamanda, sən xainliyi, satqınlığı, xəyanəti bağışlamayansan. Bu xüsusiyyətlərin sənə ümumkənd, qohum-əqraba hörmətini qazandırıbdır. Barəndə neçə-neçə kitab bağlamaq olar. Hələlik bununla kifayətlənirəm. 90 yaş həyatın ən məhsuldar, ən çətin və ən məsuliyyətli dövrüdür. Bu müdrikliyin zirvəsidir. Bu zirvədən baxıb fərəhli günlər yaşayacağın günlər hələ qabaqdadır.
Vaqif Məmmədov