Nurlara boyandınız, Fuad müəllim…
İnsan ölmür, dünyasını dəyişir. Dünyaya gəlməyimiz öz əlimizdə olmadığı kimi, dünyadan nə zaman köçəcəyimiz də öz ixtiyarımızda deyil. Fuad Lətifovun son mənzilə yola salındığı gün onun doğmalarının, yaxından tanıyanların həyatında ən ağrılı anlar, dəqiqələr idi. Hamı ona arxalanır, ona güvənirdi. O, yaxın dostlarının dərdinə şərik olur, hər birinin qayğısını çəkirdi. Onunla son dəfə görüşənlər deyirlər ki, Fuad müəllim elcanlı, dostcanlı və qayğıkeş bir ziyalı olub. Hər kəs onunla sərbəst söhbət edə, dərdini, sərini, söhbətini, sirrini bölüşə bilərdi. Dostları deyirlər ki, ondan ayrılanda dua ediblər ki, Allah onu qorusun, xalqımıza, elimizə, obamıza, ailəsinə və sonunda da onlara çox görməsin. Bilmirik, Allah bizim bu dualarımızı niyə eşitmədi?
Fuad Seyfəddin oğlu Lətifov 1955-ci ildə İsmayıllı şəhərində doğulmuşdu. 1961-1972-ci illərdə İsmayıllı şəhər 2 nömrəli orta məktəbdə təhsil almış, sonra da indiki Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdu.
1977-ci ildə ali təhsilini başa vurub təyinatla Təbii qazın nəqlə hazırlanması və nəqli üzrə Ümumittifaq Elmi Tədqiqat Layihə İnstitutuna işə göndərilmişdi. O, 1984-cü ildən 2010-cu ilədək AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun nəzdindəki xüsusi konstruktor bürosunda əvvəlcə baş konstruktor, sonra da baş elmi işçi vəzifələrində çalışmışdı.
F.Lətifov 1983-cü ildə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmişdi.
O, 2012-ci ilin sentyabrından Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ali riyaziyyat kafedrasının müdiri vəzifəsində işləyirdi. Ötən bu müddət ərzində o, kafedranın tədris proqramlarının, dərslik və dərs vəsaitlərinin hazırlanmasında mühüm işlər görmüş, bir çox elmi konfransların keçirilməsinin təşkilatçısı və təşəbbüskarı olmuşdu.
Professor 69 illik ömründə gördüyü xeyirxah işlərlə çox savab qazanmışdı. O, bir nur idi, işıq idi. Hara getsəydi, özü ilə nur aparardı. Bu dünyadan da nura boyanıb köçdü.
Yaxın dostu Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Akif Hacıyevin dediklərindən: “Fuad müəllimin həssas ürəyi, geniş qəlbi vardı. Köməyini heç kəsdən əsirgəməzdi. Universitet rəhbərliyindən tutmuş sıravi işçiyədək hamı onun xətrini əziz tutardı.
Bir neçə nəslin müəllimi olmuş Fuad Lətifov həqiqətən sanballı alim, təcrübəli riyaziyyatçı, dəyərli ziyalı, xeyirxah insan idi.
Allah Fuad müəllimə rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun! Onun əziz xatirəsi bu kollektivin qəlbində həmişə yaşayacaqdır!”
Başqa bir dostu “Neft Daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayev isə Fuad müəllimin şəxsi keyfiyyətlərini belə xarakterizə edir: “Fuad müəllim haqqında danışmaq mənə nə qədər çətin olsa da, bir o qədər də şərəflidir. O, Azərbaycanın mirvarisi İsmayıllının dəyərli oğlu, Vətənini, xalqını, elini-obasını sevən bir şəxsiyyətidi. Həmişə biz onu problemlərin olduğu yerdə görərdik. Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alan həmyerlilərinə həmişə əl tutar, onlara etdiyi maddi və mənəvi yardımlarla seçilərdi. Deməklə, söyləməklə o gözəl insanın elədiklərini çatdırmaq olmur.
Fuad Lətifovun aramızdan belə tez getməsi hamımızı sarsıtdı. Onun yoxluğuna inana bilmirik. Bu gün də elə bilirik ki, o, bu dəqiqə zəng vurub halımızı soruşacaq, amma çox təəssüflər olsun, bizlər onun səsini daha eşitməyəcəyik. Fuad müəllimdən günü-gündən uzaqlaşdıqca o, bizə daha da yaxın olur, daha da onsuzluğun nə qədər çətin olduğunu anlayırıq. Mən bütün İsmayıllıya, Azərbaycana başsağlığı verirəm, Fuad müəllimin ailəsinə başsağlığı verirəm. Böyük Allahdan ona rəhmət diləyirəm. Fuad Lətifov həmişə bizim ürəklərimizdə yaşayacaq və biz onun gördüyü işləri daha da irəli aparmaqla onun adını həmişə uca tutacağıq.
Allah rəhmət eləsin!”
Ömür vəfa etsəydi, 70 yaşını da bizimlə keçirəcəkdi. Yaşının üstünə yaş gəlsə də, o dəyişməmişdi: yenə də həmişəki təmkinli, müsahibinə səbirlə qulaq asan, sözünü eşidilən vaxtı deməyi bacaran, böyüyə, kiçiyə eyni dərəcədə hörmət və ehtiramla yanaşan Fuad kimi qalmışdı. O, dostlarının özlərinə yox, sözlərinə, söhbətlərinə olan vurğunluğunu saxlamışdı. Onun üçün bəndənin qədir-qiyməti vəzifəsində, maddi imkanlarında deyildi, insanlığında, savadında və potensialını minimum dərəcədə də olsa, milli ideallar naminə səmərəli sərf etmək bacarığında idi. Fuad Lətifov o şəxsiyyətlərdən idi ki, başqalarından yalnız özündə olanları umardı. Yəni başqalarının hansı insani keyfiyyətlərini yüksək qiymətləndirirdisə, onların hamısı özündə olurdu.
Daşdəmir ƏJDƏROĞLU