İsmayıllıda “Qurtuluşdan zəfərə” adlı tədbir keçirilib
Bu gün İsmayıllı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan zəfərə” adlı tədbir keçirilib.
Tədbirdən öncə iştirakçılar ehtiram əlaməti olaraq Ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini yad ediblər. Sonra İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin foyesində Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş sərgiyə və filmə baxış keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə məruzəçilər tərəfindənqeyd olunub ki, müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmaqla ölkəmizin suverenliyini, müstəqilliyini xilas etdi. Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın müstəqil inkişaf yolu məhz 1993-cü ilin 15 iyunundan başlayır: “Biz bu tarixdən məsafəcə uzaqlaşdıqca və paralel olaraq müasir Azərbaycanın sürətli inkişafını gördükcə, Milli Qurtuluş Gününün həm dövlətimizin, həm də xalqımızın taleyindəki mahiyyəti, yeri daha aydın görünür.
15 iyun Azərbaycanın tərəqqisinin başlanğıcı idi. 1993-cü ilin birinci yarısında həm dövlətçiliyimiz, həm xalqımız, həm cəmiyyətimiz, həm də milli-mənəvi dəyərlərimiz uçurumun kənarında idi, siyasi-iqtisadi tənəzzülün bir addımlığında dayanmışdıq. Bu tarix ulu öndər Heydər Əliyevlə xalqın bütövləşdiyi gündür. Böyük qayıdış milli istiqlaliyyətimizi və azadlığımızı özümüzə qaytardı, inkişaf yoluna qədəm qoyuldu. Bu gün həmin inkişaf Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib və dövlətimiz günü-gündən güclənir, qüdrətlənir” fikirləri qeyd olunub.
Həmçinin qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub.
Tədbirdə partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvünə Fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim olunub.
Tədbir İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin “Niyal” instrumental ansamblının konsert proqramı ilə davam edib.